• 21 Fevral 2024
logo
İrəvanın AB ilə Bakıya “əsgər ölümü” hücumu

İrəvanın AB ilə Bakıya “əsgər ölümü” hücumu

Dekabrın 4-də Ermənistan ordusunda qeydə alınan iki fakt və Azərbaycana qarşı “erməni əsgərin ölümü” ittihamı rəsmi İrəvanın konkret məqsədlərə hesablanmış oyun oynadığını deməyə əsas verir.

Birinci fakt dekabrın 4-nə keçən gecə qeydə alınıb: Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilirdi ki, saat 02:50 radələrində N saylı hərbi hissədə erməni əsgər güllələnib, vəziyyəti stabildir.

İkinci fakt dekabrın 4-də saat 14:35-də qeydə alınıb: Ermənistan ordusunun Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərində N saylı hərbi hissəsinin zabiti Arakelyan Gerasim Avetikoviç ölümcül güllə yarası alıb.

Bir gündə iki neqativ faktın qeydə alınması onsuz da ciddi narazılığın olduğu Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı mənfi ictimai rəyi gücləndirəcəyi bəlli idi, xüsusilə erməni ordusunda özbaşınalıq və “dedoşvina” hallarının artması fonunda. Ermənistan rəhbərliyi də bundan yayınmaq və ordudakı vəziyyəti gizlətmək üçün ölüm faktının Azərbaycanın üzərinə atılmasını “çıxış yolu” olaraq görüb. Rəsmi Bakının təkzibinə baxmayaraq, Ermənistan sərhəddə ölən əsgərin Azərbaycan tərəfindən vurulduğu iddiasını davam etdirir.

Bunun daxili və xarici hədəfləri var.

- daxili hədəf ictimaiyyətin diqqətini ordudakı acınacaqlı vəziyyətdən yayındırmaq, ictimai rəyi “xarici düşmən”ə qarşı yönəltməkdir;

- xarici hədəf Azərbaycanı “hücum edən”, “atəşkəsi pozan” tərəf kimi göstərməkdir.

Və bunun sərhəddə planlaşdırılan “gərginlik oyununun” tərkib hissəsi olduğu da bəllidir. Bu detal xüsusilə iki məqam fonunda daha aydın görünür:

Birincisi, Avropa Birliyinin xüsusi nümayəndəsi Toivo Klaarın Bakının təkzib etməsinə rəğmən, Ermənistan tərəfinın iddiasına istinadən sərgilədiyi mövqedir;

İkincisi, Azərbaycana qarşı “erməni əsgərin öldürülməsi” ittihamının ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Bakıya səfərindən öncə gündəmə gətirilməsidir.

Obrayeni Bakıya gətirən səbəblərdən biri Azərbaycanı sülh danışıqlarının Qərb platformalarında aparılmasına, xüsusilə kommunikasiyanın İrəvanın “Dünyanın kəsişməsi” (“Sülh qovşağı”) layihəsinə uyğun açılmasına razı salmaqdır. Müzakirələrdən öncə “Azərbaycan atəş açıb ittihamı”nın irəli sürülməsi və AB-nin bunu dəstəkləməsi də “Bakı razı olmayacağı təqdirdə, sərhəd gərginliyi üzərindən təzyiqlə üzləşəcəyi” haqda mesaj xarakteri daşıya bilər.

Asif Nərimanlı