• 17 İyul 2025
logo
“Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir

“Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir

Məlum olduğu kimi, “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əks olunan 5 ümummilli məqsədlərdən biri kimi qeyd olunub.
Bu məqsədə uğurla nail olmaq üçün azad edilmiş ərazilərdə məcburi köçkünlərin və yeni sakinlərin dayanıqlı məskunlaşması təmin edilməli, həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, burada dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.
Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların daimi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq.
Bunun üçün azad edilmiş ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir. Artıq bu istiqamətdə işlər uğurla davam etdirilir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir.
Böyük Qayıdış proqramı çərçivəsində iyunun 18-də Laçına geri qayıdan 13 keçmiş məcburi köçkün ailəsi evlərinin açarlarını təhvil alıb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar.
İyunun 25-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 15 ailə - 53 nəfərin köçürülməsi reallaşıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanıma Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.
Bununla da Laçın şəhərində 70 ailə, yəni 266 nəfərin daimi məskunlaşması təmin edilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov jurnalistlərə açıqlamasında deyib ki, bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub.
Onun sözlərinə görə, Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub.
Ötən il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışında deyib: "... İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək. Güclü iqtisadiyyat ordu quruculuğunda əsas amillərdən biridir. Biz bunu etdik, yaratdıq və iqtisadi asılılığı tamamilə aradan qaldırdıq. Əgər biz kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, müharibəni uğurla başa vura bilməzdik".
Azərbaycan Qarabağın firavan gələcəyini qurmaq niyyətindədir. Hər birimiz Azərbaycanın şanlı tarixi günlərini yaşayırıq. Bu il bizim Qarabağa böyük və möhtəşəm qayıdışımız olacaqdır. Bu qayıdış Ali Baş Komandanımızın rəhbərliyi və şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanıldı.
Bu gün ölkə Prezidentinin sarsılmaz iradəsi və liderliyi ilə Qarabağ torpaqlarında yeni müasir infrastrukturun qurulması, smart kənd və şəhərlərin salınması, müxtəlif təsərrüfat sahələrinin təşəkkülü, “yaşıl” iqtisadiyyatın tətbiqi, tarixi, dini, mədəni abidələrin bərpası işləri aparılır. Qarabağın yenidən çiçəklənməsi, regionun biomüxtəlifliyinin, qiymətli flora və fauna nümunələrinin, meşələrinin, təbii landşaftlarının bərpası, qorunması və səmərəli istifadəsində, yeraltı və yerüstü təbii ehtiyatlarının öyrənilərək xalqın xidmətinə verilməsində, kənd təsərrüfatı istehsalının yenidən fəaliyyətə başlamasında, ərazilərin inkişafının sistemli xarakter almasında Azərbaycan elminin üzərinə dəqiq müəyyənləşdirilməsi və səmərəli icrası vacib olan mühüm vəzifələr düşür.
Yeri gəlmişkən, 2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, daha çox vəsait Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək. Belə ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün əlavə 2 milyard 260 milyon manat nəzərdə tutulur. 2023-cü ildə bütövlükdə bu istiqamətə 5 milyard 260 milyon manat vəsait ayrılacaq. Bu, Böyük Qayıdış prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, sürətləndirilməsinə və bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək.
Bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
Millət vəkili bildirib ki, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da artırılması üçün 1 milyard 105 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulur:
“Bu vəsaitin 1 milyard manatı birbaşa xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə yönəldiləcək. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard 70 milyon manat təşkil edəcək.
Maliyyə naziri Samir Şərifov isə mayın 3-də Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 56-cı İllik Toplantısının rəsmi açılış mərasimində bildirib ki,
bu ilin sonuna qədər Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə ayırmaları 6,6 milyard ABŞ dollarından çox olacaq.
O, çıxışında 30 ildən artıq işğal altında qalan, 2020-ci ildə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərindən danışıb. Nazir bildirib ki, Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılmasını, məcburi köçkün və qaçqınların öz doğma yerlərinə qayıtmasını nəzərdə tutan “Böyük Qayıdış” proqramına start verib.
S.Şərifov işğal zamanı bütün fiziki və sosial infrastrukturun tamamilə dağıdıldığını qeyd edib, yenidənqurma tədbirlərindən əvvəl çoxlu sayda mina təmizləmə işlərinin həyata keçirilməli olduğunu bildirib, regionun strateji coğrafi mövqeyinə görə böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdırıb.
Onu da qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçın şəhərində aparılan abadlıq, bərpa və quruculuq işləri ilə tanış olublar.
Diplomatlar Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirib, artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə ümumilikdə 700 tikili bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.
Xatırladaq ki, səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60 diplomat və hərbi attaşe iştirak edib.
Onu da qeyd edək ki, Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində otuz ildən sonra Qurban bayramı qeyd edilib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə qurban kəsilib. Bir ədəd iribuynuzlu heyvan kəsilərək 20 ailəyə paylanıb.
Qurbanlıq heyvanların kəsimi zamanı AQTA tərəfindən baytarlıq-sanitariya normalarına nəzarət edilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qurulan çadırda tam təchiz edilmiş mobil biotəhlükəsizlik laboratoriyaları fəaliyyət göstərir. Həmin laboratoriyalar seroloji, mikroskopik, orqanoleptik, fiziki-kimyəvi və molekulyar-bioloji müayinələrin aparılması üçün nəzərdə tutulub.
Talış kəndinin sakinləri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini, Qurban bayramının xalqımız üçün xeyirli-uğurlu olmasını diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Cavid