• 1 İyul 2025
logo
Yeni qanun parlamentə tövsiyyə olunub

Yeni qanun parlamentə tövsiyyə olunub

Qüdrət Həsənquliyev: “Dövlət qulluqçusunun heç bir siyasi mənsubiyyəti olmamalıdır”

Əli Hüseynli: “Müzakirələr zamanı narazılıq yaradan digər məsələlər aradan qaldırılıb”

Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı müzakirə olunub.
Qeyd edək ki, Milli Məclis iyul ayında dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərini irəli sürmək üçün müraciət edib. Son bir neçə ay ərzində, təxminən 50-ə yaxın siyasi partiya 250-dən çox təklifini rəsmi qaydada parlamentə təqdim edib.
Bununla yanaşı yeni qanun layihəsinin müzakirəsi ilə bağlı bir neçə dinləmə keçirilib. Dinləmələrdə siyasi partiya rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı öz təklif və rəylərini bildirib.
Təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı hazırlanıb.
Noyabrın 23-də Milli Məclisdə keçirilən müzakirə çərçivəsində çıxış edən Milli Məclisin sədri müavini Fəzail İbrahimli bildirib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi hazırlanarkən beynəlxalq prinsiplər nəzərə alınıb, 20-ə qədər ölkənin bu sahədə təcrübəsi öyrənilib.
O qeyd edib ki, ötən illər ərzində Azərbaycanda sistemli, ardıcıl islahatlar həyata keçirilib və ölkəmizdə çox güclü dəyişikliklər baş verib.
“Bu islahatlar bütün sahələri əhatə edib. Milli Məclis bu islahatlardan kənarda qala bilməzdi. Ona görə də Milli Məclisdə təmsil olunan siyasi partiyalar yeni qanun layihəsinin qəbul edilməsini təklif etdi və bu kifayət qədər əsaslandırıldı.
“Siyasi partiyalar haqqında” mövcud qanun 30 il bundan əvvəl qəbul olunub. Bu müddət ərzində Azərbaycanda çox ciddi dəyişikliklər baş verib. Yeni qanunda bu dəyişikliklər öz əksini tapmalı idi”, - deyə o bildirib.
Fəzail İbrahimli deyib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi 6 fəsil 30 maddədən ibarətdir. Onun sözlərinə görə, ilkin variantla müqayisədə qanun layihəsi müzakirələr nəticəsində təkmilləşdirlib və bundan sonra da təkmilləşdiriləcək.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, seçkilərdə iştirak etməyən partiyaların ləğv olunması ilə bağlı müddəa layihədən çıxarılır, əvəzində layihəyə partiyaları seçkilərdə iştiraka həvəsləndirici maddə salınır.
Komitə sədri bildirib ki, bundan sonra Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatını “0” kimi göstərən partiyalar maliyyə hesabatını, gəlirlərini dövlət büdcəsindən maliyyə yardımı almaq üçün düzgün təqdim etməkdə maraqlı olacaqlar: “Layihədən partiya təsisçilərinin 20 il ölkədə daimi yaşamasına dair norma tamamilə çıxarılıb, üzv sayına dair tələb isə 10 mindən 5 minə endirilib. 200 təsisçi tələbi tamamilə ortadan qalxıb”.
Zahid Oruc qeyd edib ki, bundan sonrakı dövrdə artıq siyasi partiya kimi qeydiyyatdan keçmiş siyasi partiyaların yenidən təşkili üçün müddətlər 2 dəfə artırılır: “Partiyaların 1 nəfərin ianəsindən asılı qalmaması üçün 10 min manat yuxarı hədd tələbi də aradan qaldırılır”.
Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli isə qeyd edib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantında əvvəlki müzakirələr zamanı irəli sürülən bir sıra təkliflər nəzərə alınıb.
O bildirib edib ki, qanun layihəsinin ilkin variantında narazılıq yaradan bəzi məsələlər aradan qaldırılıb. “Partiyaların yaradılması, ləğv edilməsi və digər məsələlərə görə verilən müddətlərə yenidən baxılıb. O müddətlər ki, çox hesab edilirdi azaldılıb, az hesab edilirdi çoxaldılıb. Müddətlər ortaq məxrəcə gətirilib. Qanun layihəsinə digər dəyişikliklər də edilir, müzakirələr zamanı narazılıq yaradan digər məsələlər aradan qaldırılıb. Hesab edirəm ki, qanun layihəsini plenar iclasa tövsiyə etmək üçün əsaslar var”, - deyə o qeyd edib.
Milli Məclisdəki “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsində iştirak edən deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bildirib ki, qanun layihəsinə edilən düzəlişləri təqdir edir. “Amma bəzi məsələlər var ki, ictimai müzakirələr zamanı qaldırmışdım, nəzərə alınmayıb”-deyə, Qüdrət Həsənquliyev razılaşmadığı məqamları sadaladı.
Deputat bildirdi ki, Konstitusiyaya görə qanunun geriyə tətbiq olunması mümkün deyil, amma bu məsələ layihədə nəzərə alınmayıb. “Həmçinin dövlət qulluqçularının siyasi partiyaların üzvü olmaması barədə təklif etmişdim. Hesab edirəm ki, dövlət qulluqçusunun heç bir siyasi mənsubiyyəti olmamalıdır” - Qüdrət Həsənquliyev əlavə edib. Onun sözlərinə görə, siyasi partiya təsisçisinin internet portalı yarada bilmədiyi, amma çap mediasını yaratmaq hüququ tanınır ki, burada da məntiq yoxdur.
Deputatın sözlərinə görə, bundan başqa, 14-15-ci maddələr ümumiyyətlə çıxarılmalıdır: “Partiyalara göstəriş verilir ki, siz partiyaları necə idarə etməlisiniz. Eyni zamanda qanun layihəsinin müddəalarından belə çıxır ki, mən hansısa şöbə yaratmaq üçün hər dəfə qurultay çağırmalıyam. Xırdalıqlara getmək düzgün məsələ deyil, ona görə də həmin maddələr çıxarılmalıdır”.
Eyni zamanda Qüdrət Həsənquliyev bildirib ki, ölkədə yaşayan etnik qruplara ayrılıqda partiya yaratmaq hüququnun verilməsindən ayrı-ayrı qüvvələr sui-istifadə edə bilər.
BAXCP sədri partiya üzvlərinin telefon nömrələrinin tələb olunmasını da düzgün saymır və qeyd edir ki, heç Nazirlər Kabinetinin heyət üzvlərinin şəxsi mobil telefonları telefon kitabşalarında göstərilmir, ancaq xidməti telefonlar göstərilir: “İstənilən şəxs götürüb ayrı-ayrı YAP üzvü olan məmurlara zəng edəcək, YAP bununla bağlı xüsusilə narahat olmalıdır.
Digər məsələ isə maliyyə yardımı ilə bağlıdır. Dövlət büdcəsindən ayrılan vəsaitin 40%-nin parlamentdə təmsil olunan partiyalar arasında bölünəcəyi deyilir. Niyə? Bunu 60% edək. Bu, YAP-ın dövlət büdcəsindən maliyyələşməsinə daha çox oxşayır. Biz bu yardım məsələsinə baxmalıyıq. Ümumən plenar iclasda lehinə səs verəcəyəm. Ümid edirəm ki, bizim təkliflərimiz nəzərə alınacaq”.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə bildirib ki, siyasi müxalifətin çərçivəsini müyyənləşdirmək lazımdır: “Biz elə bir mühit yaratmalıyıq ki, gələcəkdə koalisiyaya yaxınlaşa biləcək idarəetmə mühiti mümkün olsun”.
Onun sözlərinə görə, bu çərçivə Milli Məclisin özündə də yoxdur. Deputat layihə ilə bağlı iradlarını da bildirib: “Deyək ki, partiya təsis olunub. Bizdən tələb olunur ki, biz yenidən təsis konfransı keçirməliyik. Tariximizi silməliyik? Mən yeni partiya yaradıramsa, müəyyən bir imkan yaradılmalıdır ki, partiyamın təbliğatını aparım, insanları cəlb edim. İqtidar maraqlı olmalıdır ki, siyasi partiyalar kifayət qədər inkişaf etsin”.
Fazil Mustafa sonra deyib: “Azərbaycanda bir hakim partiya var, hər kəsə məlumdur. Amma bu gün digər siyasi partiyaların da əsas niyyəti iqtidarda olmaqdır. Gəlin görək, hakimiyyətdə olmaq üçün digər partiyaların nə qədər şansı və imkanı var. Belə olan halda hakimiyyət siyasi partiyalardan qorxmamalıdır, yeni münbit istiqamət yaradılmalıdır. İqtidar maraqlı olmalıdır ki, siyasi partiyalar inkişaf etsin, rəqabat mühiti olsun”.
Sonda deputat qanun layihəsinin lehinə səs verəcəyini bildirib və qeyd edib ki, sənədi müsbət bir tendensiya kimi qəbul edir.
Deputat Erkin Qədirli qanun layihəsini kökündən yanlış hesab etdiyini bildirib və mövqeyinin stenoqramda əksini tapmasını xahiş edib.
Çıxışlar üçün 5-7 dəqiqəlik reqlament müəyyən olunduğu halda, Erkin Qədirli çıxışdan imtina etdiyini bildirib.
İclasa sədrlik edən vitse-spiker Fəzail İbrahimli “necə demisinizsə, elə də yazılacaq”-deyə, deputatın sözünə reaksiya verib.
Deputat, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə “Siyasi partiyalar haqqında” qanun layihəsinin parlamentdəki müzakirəsi zamanı ümumi şəkildə layihəni dəstəklədiyini bildirib.
O qeyd edib ki, qanun layihəsinin qəbulunun əsas səbəbi Azərbaycanda ölkə başçısının rəhbərliyi ilə aparılan islahatlar, yeni sistem formalaşdırmaqdır. “Amma biz dövlətin partiya fəaliyyətinə müdaxiləsinin qarşısını almalıyıq. 5 min nəfərlik partiya üzvlərinin sayı 4500-ə düşsə, niyə onun əl-qolunu bağlamalıyıq ki? Nə ehtiyac var ki, biz hökumətin siyasi partiyalara nəzarətini gücləndiririk?”- deputat əlavə edib.
Asim Mollazadə komitələrin Venetsiya Komissiyası ilə əlaqələrini bərpa etməyə çağırıb və deyib ki, buna ehtiyac var, bu, Azərbaycan dövlətinin nüfuzunu artırar.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, yenin qanunun müzakirəyə çıxarılmasında məqsəd “Azərbaycanda məqsəd çoxpartiyalı sistem yaratmaqdır: “Hazırda ölkədə 50-dən çox siyasi partiya var. Siyasi partiyaların rolu cəmiyyətdə artmalıdır: “Bu gün Avropada seçkilərdə iştirak etməyən siyasi partiyaların fəaliyyətinə xitam verilir. Amma görün belə demokratik müddəanın bura salınmasına partiyalar razıdırmı? Partiyalara dövlət büdcəsindən maliyyə yardımı məsələsini dedilər. Maliyyə yardımının 40 faizi parlamentdə təmsil olunan partiyalar arasında, 50 faizi isə parlamentdə təmsil olunan partiyaların deputatlarının sayına görə bölünür. Dövlət qulluqçularının siyasi partiyaların üzvü olmaması ilə bağlı Qüdrət Həsənquliyevun söylədiklərinə gəlincə, mən məntiqi başa düşə bilmədim. Dövlət qulluqçusu niyə siyasi partiya üzvü olmasın?! Dövlət qulluqçusunun da birləşmək hüququ var”.
Deputat Ceyhun Məmmədov qeyd edib ki, qanunun müzakirəsi çox elmi, konstruktiv və professional şəkildə həyata keçirilib, müzakirələrdə siyasi partiyalar və QHT-lər fəal iştirak ediblər: “Bu gün Azərbaycanda siyasi partiyalar münasibət dövlət səviyyəsində yüksək səviyyədədir. Əvvəlki layihədə ən çox tənqid olunan müddəalar çıxarılıb. Təsisçilərlə bağlı 20 il ölkədə yaşamaq tələbi də artıq yoxdur, üzvlərin sayı ilə bağlı tələb iki dəfə azaldılıb. Bu gün Azərbaycan Vətən müharibəsində qələbədən sonra yeni mərhələyə qədəm qoyub. Müzakirələr müzakirə xətrinə deyil, real əməkdaşlıq məqsədilə aparılırdı. Yenilənmiş variantda ictimai müzakirələr zamanı irəli sürülmüş təkliflər nəzərə alınıb. Qanun Azərbaycanda siyasi mədəniyyətinin güclənməsinə, insan hüquq və azadlıqlarının təmin olunmasına ciddi töhfə verəcək".
Qeyd edək ki, birgə iclasın sonunda “Siyasi partiyalar haqqında” Qanun Milli məclisin plenar iclasına təqdim olunub.