• 1 Dekabr 2022
logo
GUAM-ın Nyu-York görüşü və gələcəyi: Kremlə qarşı üç ölkə və...

GUAM-ın Nyu-York görüşü və gələcəyi: Kremlə qarşı üç ölkə və...

Regional təşkilat kimi GUAM-ın inkişaf perspektivlərini necə qiymətləndirmək olar?

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edib. Görüşdə həmçinin Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri İlya Darçiaşvili, Niku Popesku və Dmitri Kuleba iştirak ediblər.

Nazir həmkarlarına postmünaqişə dövründə Ermənistanla keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə səylər barədə məlumat verib. O, regionda bərpa və yenidənqurma tədbirləri, məcburi köçkünlərin geri qayıdışı, bölgədə yaşayan etnik ermənilərin reinteqrasiyası üçün bəzi layihələr, habelə bölgədə mina təhlükəsi barədə iştirakçıları məlumatlandırıb.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanatlar və razılaşmalar çərçivəsində nəqliyyat kommunikasiyalarının açılması istiqamətində iş aparılır. Bundan əlavə, Azərbaycan sülh sazişi ilə bağlı təklif irəli sürüb. Bütün bunlara baxmayaraq, Ermənistan sülh prosesinə əngəl törədib, üçtərəfli bəyanatlar üzrə üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozub, son aylarda irimiqyaslı hərbi təxribatlara yol verib. Ukraynadakı vəziyyətə toxunan Bayramov problemin beynəlxalq hüquq normaları əsasında, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq diplomatiya yolu ilə həllinin vacibliyini qeyd edib.

Nazir bildirib ki, Azərbaycan indiyədək Ukraynaya 15 milyon avro məbləğində humanitar yardım edib. Görüş iştirakçıları “Azad ticarət zonasının yaradılması haqqında sazişə malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında protokol”u və “Konsulluq məsələləri sahəsində qarşılıqlı yardım haqqında Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Konvensiyası”nı imzalayıblar.

Aydındır ki, Azərbaycan GUAM çərçivəsində əməkdaşlıqda maraqlıdır. Bu da Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda bir platformadır. Amma hazırda bu ölkələrdən biri-Ukrayna Rusiya ilə müharibəyə cəlb edilib. Moldovanın da Rusiya ilə münasibətləri gərginləşməkdədir. Gürcüstan son hadisələr fonunda Moskvaya qarşı loyal olmağa çalışsa da, Tiflis də Rusiyaya yaxın sayılmaz. Ukrayna müharibəsi ərəfəsində Rusiyanın Londondakı səfiri Andrey Kelin Şərqi Avropada yaradılmış “kiçik ittifaqlar” haqda danışarkən GUAM haqda da Kremlin mövqeyinin ifadə edən ifadələr işlətmişdi. Səfir “GUAM yaradıldı, hər halda, o, bizə qətiyyən xoş deyildi - bu Gürcüstan, Ukrayna, Moldova, Azərbaycanı birləşdirirdi, amma işləmədi”, - deyə bildirmişdi.

Hələ Regionlar Partiyasına rəhbərlik etdiyi dövrdə rusiyayönümlü siyasətçi (sonradan prezident oldu-red.) Viktor Yanukoviç GUAM təşkilatının artıq öz aktuallığını itirdiyini və bu təşkilatın buraxılmalı olduğunu demişdi. Kremlin bu ittifaqa qarşı olduğu əvvəldən də məlum idi, amma bunu dilə gətirmirdilər. Sonrakı illərdə Rusiyanın həm Gürcüstanla, həm də Ukrayna ilə münasibətləri pisləşdi. GUAM-ın özü də işlək mexanizm qura bilmədi ki, bunun da səbəbləri haqda danışmaq olar. Amma “bizə xoş deyildi” ifadəsi və hələ də fəaliyyət göstərməsinə rəğmən “işləmədi” deyilməsi Kremlin mövqeyini ifadə edir. Son altı ayda da Rusiyanın bu ölkələrlə münasibəti (qismən Gürcüstan istisnadır) daha da gərginləşib. Belə olduğu halda, regional təşkilat kimi GUAM-ın inkişaf perspektivlərini necə qiymətləndirmək olar?

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu qurumun əhəmiyyətinin tamamilə itdiyini düşünür: “İndiki dövrdə ABŞ-ın istəyi ilə GUAM-ın yenidən aktivləşdirilməsini mümkün saymıram, buna zərurət də görmürəm. Düşünmürəm ki GUAM-a daxil olan ən azı 2 ölkə ciddi anti-Rusiya blokuna qoşulsun. Çünki bu həmin 2 ölkənin maraqlarına cavab vermir. Söhbət yəqin bildiniz ki, Azərbaycan və Gürcüstandan gedir. Rusiya-Ukrayna müharibəsi başlayandan Gürcüstan Qərbin antirus koalisiyasında yer almaqdan imtina etdi. Bunu Rusiya ilə əlaqələrin və ticarətin olduğunu irəli gətirərək bəyan etdilər. Azərbaycan isə müstəqilliyinin bərpasından sonra Rusiya ilə ilk dəfədir ki, bu səviyyədə münasibətlər qurmağı bacarıb. Təbii ki, indiki dönəmdə amorf GUAM-da fəaliyyəti aktivləşdirmək ağılsızlıq olardı”.

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə tamam fərqli düşünür: “Azərbaycan GUAM-ı yaradan dövlətlərdən biridir. Uzun müddətdir ki, biz bu qurumda təmsil olunuruq. GUAM ölkələrinin ikisi müharibə şəraitindədir. Azərbaycan bu görüşdə Ukraynanın da beynəlxalq hüquqa söykənərək problemin həll tərəfdarı olduğunu bəyan edib. Ölkəmiz Ukraynaya 20 milyona yaxın humanitar yardım edib. Və bu doğru yanaşmadır. Rusiya bütün beynəlxalq hüququ pozaraq Ukraynanın ərazi bütövlüyünü, suverenliyini pozur. Ancaq Qərb, xüsusən Amerika hər iki münaqişəyə eyni yanaşmalıdır. Rusiya da təcavüzkardır, Ermənistan da. Rusiyaya sanksiya tətbiq edib, Ermənistana hər cür dəstək vermək olmaz. ABŞ bu yanaşmasından əl çəkməlidir. Azərbaycanın GUAM çərçivəsində fəaliyyəti ümumi dövlət maraqlarımıza xidmət edir. Bu təşkilatda olan ölkələrin həm Ukraynanın, həm də Moldovanın Rusiya ilə ciddi şəkildə problemləri var. Bu hər ölkənin apardığı xarici siyasətlə bağlıdır. Azərbaycan müstəqil siyasət yürüdən ölkədir. Hər bir dövlət öz müttəfiqini, dostunu, hətta düşmənini öz seçir. Biz Rusiya ilə müttəfiq dövlətik və geniş əlaqələrə malikik. 30 ildir Ermənistanla düşmən vəziyyətindəyik, bu illər ərzində nə Ukrayna, nə Moldova, nə də Gürcüstan balaca ölkə olan Ermənistanla heç bir əlaqəsini kəsmədi. Heç Azərbaycana da Vətən müharibəsi zamanı bir milyonluq humanitar yardım etmədi. Bizim buna ehtiyacımız da yoxdur. Söhbət bu ölkələrin Azərbaycana adekvat münasibətindən gedir...”

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq hörmətsizlik nümayiş etdirir

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə bu təşkilatın gələcəyinə ümidli baxır: “GUAM əvvəllər kifayət qədər təsirli təşkilatlardan biri idi. Eyni zamanda bu təşkilat 4 ölkənin maraqlarının qorunmağı baxımdan da kifayət qədər önəmli regional təşkilatlardan biri idi. Ərazi bütövlüyü və dövlətlərin suveren hüquqlarının qorunmağı sahəsində GUAM daim vahid mövqe nümayiş etdirib. Azərbaycan torpaqlarının işğalı faktoruna qarşı da GUAM həmişə birgə mövqe göstərib. Azərbaycan GUAM üzvü olan digər ölkələrdən fərqli olaraq Rusiya ilə daha yaxşı münasibətlərə malikdir. Bu baxımdan, GUAM təşkilatının inkişaf perspektivlərində Bakı vacibdir. Digər ölkələr də Rusiya ilə danışıqlarda GUAM çərçivəsində Azərbaycandan yardımlar ala bilərlər. Qlobal siyasi proseslər indi bir çox təşkilatların varlığını diktə edir. GUAM yaxın gələcəkdə mühüm dialoq platformalarından biri halına gələ bilər”.