• 28 İyun 2022
logo
"Amerika Çinin zəyiflədilməsi üçün bütün addımları atacaq"

"Amerika Çinin zəyiflədilməsi üçün bütün addımları atacaq"

ABŞ prezidenti Cozef Baydenin imzaladığı, Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanun iyunun 21-dən qüvvəyə minib. Qanunu ABŞ Konqresinin aşağı palatası (Nümayəndələr Palatası) 2021-ci ilin dekabr ayının 14-də, yuxarı palatası (Senat) isə dekabrın 16-da qəbul edib.

Prezident Cozef Bayden qanunu 2021-ci il dekabrın 23-də imzalayıb. Uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilən məhsullara qadağa qoyan qanunun tələbinə görə, Amerika şirkətləri xaricdən aldıqları malların qul əməyi ilə hazırlanmadığına dair sübut təqdim etməlidir. Qanun Amerika şirkətlərinin nəinki tam, qismən məcburi əməkdən istifadə olunmaqla hazırlanmış məhsullar almasını da yasaqlayır. Belə bir qanunun qəbulu insan haqları sahəsində ciddi uğurlardan sayılır. Prezident Bayden imzaladıqdan sonra ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA) əsasında yaradılmış Məcburi Əməyə Qarşı İşçi Qrup qanunun tətbiqi istiqamətində bir sıra tədbirlər görüb, o cümlədən ABŞ hökumətinin ticarət və kəşfiyyat sahələrinə cavabdeh şəxslərlə məsləhətləşmələr apararaq qanunu 1930-cu ilin tariflər haqqında qanununun 307-ci bəndinə uyğunlaşdırmaq üçün strategiya hazırlayıb. 307-ci bənd məcburi əməklə istehsal olunan malların ABŞ-a daxil olmasını qadağan edir.

Will the United States Sanction China Over Human Rights Abuses in Xinjiang?

Hesab edilir ki, uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilmiş malların ABŞ-a ixracına yasaq qoyulması uyğurları əsir düşərgələrində qul kimi işlədən və ixrac etdiyi mallarla bağlı standartların sərtləşdirilməsindən çəkinən Çinin iqtisadiyyatına ciddi ziyan vuracaq. Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda yaşayırlar. Burada milyon yarımdan çox uyğur əsir düşərgələrində saxlanılır. Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir. Dünyanın bir sıra demokratik dövlətləri, o cümlədən ABŞ uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirir. Hazırda dünyada iqtisadi maraqlar müharibəsi gedir. Qərb, Rusiya, Çin arasında savaş getdikcə şiddətlənir. Əsas hədəfin Çin olduğu da sirr deyil. Bu baxımdan ABŞ-ın uyğurlarla bağlı qanunu insan haqlarının müdafiəsindən daha çox iqtisadi müharibə aləti kimi də qiymətləndirilir. Reallıq nədən ibarətdir? ABŞ uyğurların müdafiəsində səmimidir, yoxsa özünün korporativ maraqları üçün bunu edir?

Əziz Əlibəyli: "Bizim sorğular önəmli rol oynayır"

Əziz Əlibəyli: “ABŞ-ın demokratiya tələbləri yalnız...”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Amerikanın niyyətlərindən söz açdı: “Bilirsiniz ki, demokratiya və insan haqları Birləşmiş Ştatların xarici siyasətinin əsas təzahürlərini təşkil edir. Bu həm də riçark mexanizmləri daşıyır. İnsan haqları məsələsində də Çinin əsas yaralı yeri onun insanlar üzərində həyata keçirdiyi siyasətdir. Burada uyğur məsələsi Çinə qarşı istifadə edilən əsas məsələlərdən biridir. Amma həqiqətən də uyğurların əzilməsi, Sincan Uyğur Vilayətində yaşayanların əsir düşərgələrində saxlanılması, məcburi əməyə, işgəncəyə məruz qalmaları, köləliyə məcbur edilmələri, hətta onlar üzərində müxtəlif ekspermentlərin aparılması, tibbi, fiziki işgəncələrə məruz qalmaları, əlbəttə, Amerika tərəfindən soyqırım kimi haqlı olaraq qiymətləndirilir. Biz ABŞ-ın bu addımını kifayət qədər yüksək dəyərləndiririk, bir türk xalqı olaraq bu cür də düşünməliyik. Eyni zamanda ABŞ-ın demokratiya tələbləri yalnız və yalnız özünün xarici siyasəti üçün nəzərdən keçirilir. Bunu da qətiyyən unutmaq olmaz. Əgər demokratiya tərəfdarıdırsa, o zaman Səudiyyə Ərəbistanı, ərəb ölkələri haqqında bu mövqedə niyə deyil? Digər tərəfdən, Birləşmiş Ştatların ərazisində hələ də irqi ayrı-seçkilik yaşanır. Qara dərili şəxslərin öldürülməsinin, təhqir olunmalarının, xüsusilə polis zorakılığına məruz qalmalarının və güllələnmələrinin az şahidi olmamışıq. Bunlar yaxın dönəmlərdə də baş verir. Halbuki ötən əsrin sonlarına doğru onlar ağ-qaradərili məsələsini ləğv etmişdilər. Belə bir ölkə öz üzərində, daxilində insan haqları ilə bağlı mənfi dinamikanı qiymətləndirmək əvəzinə, Çinin bu siyasətinə, şiddətinə qarşı olduğunu bəyan edir. İnsan haqları məsələsi artıq qlobal siyasətin əsas toqquşma nöqtələrindən və təsir obyektlərindən birinə çevrilir. Burada da dövlətlərdə səmimiyyət axtarmaq fiaskodur”.

Azər Hüseynov:

Azər Hüseynov: “Dünyaya Türk dünyasının əlləri ilə rifah gətirməliyik”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynovun bu istiqamətdə maraqlı tezisləri var: “Çin uyğurlara qarşı bir qətliam həyata keçirir. Görünən odur ki, bu dünyada nə qədər liberallaşma aparsan tarixi nifrətlər kökslərdə yaşayır. Allahın yaradılış hikmətindəndir ki, bəzən Rəbbimiz bir müstəbidi başqasının əli ilə zəiflədər. Buna görə bu qanun pis deyildir. Olsun. Amma arxasında gizlənən qəsd Çinin iqtisadiyyatına ziyan vurmaqdır. Çin, ümumiyyətlə, elə Qərbin şişirdiyi balondur. İstədiyi zaman maşın təkərinin təzyiqini vulkanizator azaltdığı kimi təzyiqini azaldırlar. Məgər Çini Çin edən orada məskunlaşan Amerika və Qərb şirkətləri olmadımı? Çin onlarla yüksəlmədimi? Dünya iqtisadiyyatında fəaliyyətini artırmadımı? İndi arada ustadına kəm baxan aşıq kimi gözlərindən qan damdırırlar. Qanı damdıranlar da Əbu Qureyb və Quantonamo memarları deyilmi? Latın amerikalı mühacirlərin balalarını zorla əlindən alanlar deyilmi? Ona görə ərəblər demiş, ”Lə Şərqiyyə lə Ğərbiyyə". Dünya adil nizama möhtacdır. Yoxsa bütün düzəlişlər dekorativdir. Bunun memarları da biz - 1000 il əvvəl dünyaya nizam vermiş türklər və onların qardaş xalqları olacaqdır. Əks halda, XVI əsrdən qurulmağa start verilən sərmayə nizamı dünya xalqlarını əzib keçəcəkdir. Nə uyğur, nə maya, nə astek və nə də ink buraxacaqdır. Ona görə biz bu ortamda öz gələcəyimiz üçün can Türkiyə ilə bir olub dünyaya ədalət gətirmə avanqardı olmalıyıq. Sərmayəni deyil, insanı dəyər bilib, onu ilahi mərhəmətin kölgəsində ucaldan gözəl günlərə getməliyik. Və dünyaya Türk dünyasının əlləri ilə rifah gətirməliyik".

Niyaməddin Orduxanlı: “ABŞ yğurların müdafiəsində səmimi deyil”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı bildirdi ki, son illərdə ABŞ-Çin mübarizəsi açıq müstəviyə keçib: “Amerika üçün Çin potensial rəqibə çevrilib. Hər iki tərəf imkan düşdükcə bir-birinin zəiflədilməsi üçün lazım olan addımları atır. Hətta yaxın gələcəkdə Amerika ilə Çin arasında müharibənin baş tutma ehtimalının olacağını proqnozlaşdırırlar. Amerika 1991-ci ilə qədər milyonlarla, hətta deyərdim milyardlarla vəsait xərcləyib SSRİ kimi rejimi sıradan çıxartdı. Çünki ABŞ dünyada ikinci bir qütbün olmasını istəmir. Bu gün imperiya siyasətini həyata keçirən ABŞ özünə alternativ dövlət, qüvvə görmək istəmir və bunu özünə ciddi təhlükə kimi görür. SSRİ rejiminin çökməsinin əsasında da iqtisadi zərbələr öndə durdu. Bu baxımdan da ABŞ-ın bu gün Çində yaşayan uyğurlarla bağlı qanunu - insan haqlarının müdafiəsi kimi deyil, Amerikanın Çinə iqtisadi zərbəsi kimi xarakterizə edərdim. ABŞ üçün əsas proritet Çinin iqtisadiyyatını çökdürməkdir. ABŞ hətta Çinə yaxın dövlətlərin belə zəiflədilməsi üçün bütün imkanlarından istifadə edir. Hazırda ABŞ-Rusiya münasibətlərinin pozulmasında da Çinlə Rusiya arasında iqtisadi əlaqələrin olması rol oynayır. Bu gün ABŞ-la Rusiya, Çin arasında savaş getdikcə şiddətlənir. Bunun da əsasında hədəfin Çin olduğu heç kimə sirr deyil. Reallıq odur ki, ABŞ özünün maraqları çərçivəsində uyğurların müdafiəsində səmimi deyil, özünün korporativ maraqları üçün hər addımı atmağa hazırdır”.Ancaq bütün bunlara baxmayaraq Çində düşərgələr mövcuddur. Və Uyğur türklərinin hüquqları kopud şəkildə Çin höküməti tərəfindən pozulur. Bu da bütün insan hüquqlarının pozulmasıdır. Buna yolvermək olmaz.