• 18 Aprel 2024
logo
“Brüsseldə bütün məsələlər nəzərdən keçirilib və uğurlu nəticələr əldə olunub”

“Brüsseldə bütün məsələlər nəzərdən keçirilib və uğurlu nəticələr əldə olunub”

İlyas Hüseynov: “Avropanın aktivliyini artırması müsbət hal kimi dəyərləndirilməlidir”

“Avropanın siyasi paytaxtı Brüsseldə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün ümumilikdə 5 saat çəkməsi göstərir ki, bütün məsələlər nəzərdən keçirilib və uğurlu nəticələr əldə olunub”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq İlyas Hüseynov deyib. İ.Hüseynov həmçinin digər suallarımızı da cavablandırıb.
-Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşdən sonrakı bəyanada Dağlıq Qarabağ ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib, status məsələsi ümumiyyətlə olmayıb. Yalnız Azırbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükəsizliyə təminat verəcəyini bəyan edib.
Üçtərəfli görüşdə Azərbaycanın mövqeyi:
• Sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsip əsas götürülməlidir;
• İşğaldan azad edilmiş ərazilərimizdə mina problemi həll edilməlidir;
• Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsi vacibdir;
• Ermənistan üçtərəfli bəyanatlara əməl etməlidir.
Aprelin əvvəllərində Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra tərəflərin nəticəyönümlü cəhdlərinin şahidi olsaq da, ümumilikdə, proseslərin ləng getdiyini gördük. Putinin Paşinyanla telefon danışığı və görüşü, daha sonra Ermənistan tərəfinin “Artsax” məsələsini yenidən danışıqların predmetinə çevirməsi Rusiyanın prosesə təsirləri kimi dəyərləndirilə bilər. Digər tərəfdən, son günlər sərhəd xəttində də atəşkəsin pozulması halları ilə rastlaşırıq. Aydın məsələdir, Ermənistan ordusunda Rusiya dövlətinin sifarişlərini yerinə yetirən kifayət qədər hərbi qulluqçu var və Rusiya lazım gələndə onları işə salır.
Ötən gün keçirilən və saatlarla davam edən görüşdə əsas müzakirə mövzularından birinin Rusiya-Ukrayna müharibəsi olduğu dəqiqdir. Avropa müharibədə Ukraynanı dəstəkləməklə yanaşı, Rusiyanın caynağında olan ölkələri də öz tərəfinə çəkməyə çalışır.
Bu formatda keçirilən üçüncü görüşün nəticəsi olaraq humanitar sahədə olan məsələlərə gəlincə qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi görüşdə müzakirə olunub. UNESCO ilə bağlı fikirlər də bəyanatda yer almır və görünür ki, bu məsələ gündəlikdən çıxır.
Digər tərəfdən, yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Xüsusilə vurğulamaq lazımdır ki, aprelin 6-da keçirilmiş görüşdə razılaşdırılmışdı ki, sözügedən komissiya aprelin sonuna kimi çağırılacaq. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbində komissiyanın çağırılması baş vermədi.
-Azərbaycan Avropa üçün əhəmiyyətlidir. Çünki, zəngin enerji resursları var;
-Ermənistan da Avropaya lazımdır. Gümrü bazasından rusları çıxarmamış Cənubi Qafqazda Rusiya təsirlərini azaltmaq olmaz;
-Cənubi Qafqaz Rusiyanın caynağından xilas olandan sonra Orta Asiyanın enerji resurslarını daha rahat Avropaya daşımaq olacaq. Bununla, Avropanın Rusiyadan enerji asılılığı da minimuma enəcək.
Humanitar məsələlərlə bağlı qeyd edək ki, diversantların azad edilməsi, minalardan təmizlənməsi və itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi əsas müzakirə mövzusu idi. YUNESKO ilə bağl bir kəlmə də yoxdur!
Üçtərəfli görüşlərin davam etdirilməsi ilə bağlı da razılıq əldə olunub. Növbəti görüş bu formatda iyul və ya avqust aylarına planlaşdırılıb.
-Zəngəzur Dəhlizi ilə bağlı razılıq nəyi deməyə əsas verir? Dəhlizin açılması bizə hansı dividentlər qazandıracaq və bölgəyə nə verəcək?
-Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan regional kommunikasiyaların açılması və sərhədinin delimitasiyası üzrə komissiyanın işinə başlaması barədə razılığa gəliblər. Bununla yanaşı, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinib. Qeyd etməkdə fayda var ki, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılıq ifadə olunub.
Şarl Mişelin dekabrda dövlətlərin kommunikasiya üzərində suverenliyin qorunması haqda bəyanatda qeyd olunan prinsipin təsdiqi yoxdur. “Azərbaycan üçün maneəsiz Zəngəzur dəhlizi”, yoxsa Zəngəzurda Ermənistanın, Laçın dəhlizlərində isə Azərbaycanın nəzarəti məsələsi bir qədər müəmmalı qaldı...
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib ki, sərhəd komissiyasının ilk birgə iclası yaxın günlərdə baş tutacaq. Görək, Rusiyanın prosesə müdaxiləsi necə olacaq.
Brüssel görüşündən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Analoji addım Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən də atılıb. Lakin Ermənistanda müxalifət qüvvələri Xarici İşlər Nazirliyinin binasına hücum ediblər. Onlar nazirliyin fəaliyyət göstərmədiyini deyirlər. Ötən gün Paşinyanın Azərbaycanla delimitasiya üzrə komissiyanın yaradılması haqda müvafiq sənədi imzalaması radikal milliyətçilərin kəskin etirazına səbəb olub. Cənab Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı tərəflərin razılığa gəldiyini bildirməsi də Ermənistanda geniş müzakirə olunmaqdadır.
-Erməni lobbisinin Qarabağdakı ermənilərin taleyi mövzusu ilə manipulyasiya, cəhdləri nəyə hesablanıb?
-Avropanın ATƏT-in Minsk Qrupundan fərqli formatda aktivliyini artırması və Minsk Qrupundan fərqli olaraq daha məhsuldar təsir bağışlaması müsbət hal kimi dəyərləndirilməlidir.
Brüsseldə qəbul olunan yekun bəyanatda olan sözlərə dərindən nəzər salaq:
- Qarabağ, “Dağlıq Qarabağ” yox!!! – simvolizm və linqvistik məzmun üçün mühüm əhəmiyyət kəsb edir.
- “Xalq” deyil, əhali!!! – bu vacibdir, əhalinin statusu olmadan da hüquqları və təhlükəsizliyi olmalıdır. Gələcəkdə ola bilsin ki, “status” məsələsi qanunun və təhlükəsizliyin təmin edilməsi mexanizmi kimi irəli sürüləcək. Ancaq buna sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər. Ancaq rəsmi Bakının mövqeyi onların siyasi və hüquqi azadlıqlarının Azərbaycanın daxili işi olması ilə bağlıdır. Reinteqrasiya ilə bağlı böyük konsepsiyanın irəli sürülməsi bütün sualları aradan qaldıra bilər!
-Bu razılaşmalar fonunda proseslərin inkişafını necə xarakterizə etmək və proqnozlaşdırmaq olar?
-Beş saat davam edən danışıqlar göstərir ki, siyasi gündəlikdə olan məsələlər və onların icrası ardıcıllığı çox geniş müzakirə olunub. Görüşün nəticələrinin şərhindən çox şey asılı olacaq. Qeyd edək ki, Brüssel sülh gündəliyi ilə bağlı böyük proses elan olunub, lakin müxtəlif mövzularda qərarlar qəbul olunmasa, proses istənilən vaxt pozula bilər.
Digər məsələ sülh müqaviləsi ilə bağlıdır və Brüssel sülh formatının özəlliyini əks etdirir. Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə bağlı razılıq əldə olunub. İqtisadi inkişafın təmin olunması üçün İqtisadi Məsləhət Qrupunun işinin davam etdirilməsi və Avropa İttifaqının əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstəyini ifadə etməsi də göstərir ki, Aİ regionda sülhün və təhlükəsizliyin dayanaqlı olmasında maraqlıdır.
Maraqlıdır ki, Brüssel keçirilən üçtərəfli görüşdən sonra Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Tərəflər bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar. Kommunikasiya əlaqələri Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Buna görə də Rusiya bu prosesdə əsas rola malik olmaq üçün təşəbbüslər həyata keçirir.

Əli Zülfüqaroğlu