• 8 Dekabr 2021
logo
Klassik erməni həyasızlığı

Klassik erməni həyasızlığı

Müharibənin başa çatmasından və Ermənistanın Azərbaycanın qalib tərəf kimi irəli sürdüyü şərtlərlə barışaraq, kapitulyasiya aktına imza atmasından 1 ildən çox vaxt keçməsinə baxmayaraq, baş nazir Nikol Paşinyan və ətrafı, hələ də mövcud reallıqlardan yayınmaq üçün erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmatmaqda davam edir, bölgəyə davamlı sülhün gəlməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələri sabotaj etməklə, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışırlar.
Nikol Paşinyanın son seçkilərdə kommunikasiyaların açılmasının vacibliyini vurğulamasına, bununla da Ermənistanın iqtisadi-siyasi kollapsdan çıxacağı barədə vədlər verməsinə baxmayaraq, indi tamamilə əks mövqedən çıxış edir. Onun iddialarına görə, Ermənistan ərazisi böyunca nəqliyyat dəhlizlərinin açılmasından söhbət gedə bilməz və üçtərəfli bəyanatda “dəhliz” ifadəsi yer almayıb.
Şübhəsiz ki, Nikol Paşinyanın bu iddiaları, əsasən Ermənistan cəmiyyətinə hesablanmış və böləyə öz təsir imkanlarını qoruyub saxlamağa çalışan dairələrin istək və təlimatlarına uyğun olaraq irəli atılıb.
Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın sonuncu – 9-cu bəndində qeyd olunur ki, “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Üçtərəfli bəyanatın 9-cu bəndinin yuxarıda iqtibas gətirdiyim hissəsindən göründüyü kimi, burada söhbət nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilindən gedir. Bu isə, dövlətlərarası və həm də xüsusi statusa malik olan dəhliz deməkdir. Maneəsiz hərəkət isə, yüklərin, nəqliyyat vasitələrinin və vətəndaşların sərhəd, gömrük və digər xidmətlərin iştirakı olmadan, onların fasiləsiz hərəkətinin təmin edilməsi anlamına gəlir. Bu xüsusda, beynəlxalq konvensiyalara istinad etmək niyyətində deyiləm. Çünki bütün konvensiyalarda dövlətləararsı razılaşmalar əsas götürülür və ötən il noyabrın 10-da imzalanmış bəyanatda həm də üçüncü – zəmanətçi tərəf də vardır ki, bu həm “Beynəlxalq razılaşmalar hüququ” haqqında Vena konvensiyasının, həm də Beynəlxalq Hüququn prinsipləri haqqında bəyannamənin müvafiq müddəalara uyğun olaraq, razılaşmaya imza atan bütün tərəflərin, o cümlədən zəmanətçi ölkənin öz öhdəliklərini yerinə yetirməyə davranmağa borclu olduğunu, buna görə hüquqi məsuliyyət daşıdığını ortaya qoyur.
Nikol Paşinyanın başqa bir iddiası “Laçın dəhlizi” ilə bağlıdır. Ermənistanın baş nazirinin qənaətinə görə, üçtərəfli bəyanatda “dəhliz” ifadəsi yalnız “Laçın dəhlizi”nə münasibətdə işlədilir. Qeyd edim ki, üçtərəfli bəyanatın “Laçın dəhlizi” ilə bağlı hissəsində maneəsiz hərəkətin təşkili ilə bağlı heç bir öhdəlik yoxdur və bu baxımdan, “Laçın dəhlizi” mahiyyət etibarilə beynəlxalq nəqliyyat dəhlizi deyil, sadəcə, Ermənistan vətəndaşlarının, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan torpaqlarında yaşayan etnik ermənilərin, sərhəd, gömrük və digər xidmətlərin nəzarətindən keçməklə, qarşılqlı gediş-gəlişinin təşkili məqsədilə yaradılan humanitar dəhlizdir.
Digər tərəfdən, üçtərəfli bəyanatın mahiyyətini regiondakı bütün kommunikasiyaların açılması, əlaqələrin və iqtisadi fəallığın bərpa olunması, davamlı sülhün və təhlikəsizliyin təmin edilməsi təşkil edir. Bu isə qonşulara qarşı yürütdüyü aqressiv ekspansionist siyasət nəticəsində dalana dirənmiş Ermənistanın müstəqil hüququn real subyekti kimi mövcudluğunu qoruması və inkişafı üçün həyati əhəmiyyət kəsb edən bir məsələdir.
Əgər Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəksə, şübhəsiz ki, növcud reallıqlardan daha ağır bir yükün altında əzilməkdə davam edəcək. Bunun ağır nəticəsində isə Ermənistan vətəndaşları qatlanmalı olacaqlar. Çünki Azərbaycan hələ ərazilərinin işğal altında olduğu zaman kəsiyində ölkə ərazisini beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli tərkib hissəsinə və habına çevirməklə, eyni zamanda loqistik alternativlər yaratmaqla dünyanın ən müxtəlif nöqtələrinə maneəsiz və səmərəli çıxış imkanlarını təmin etməyi bacarıb. İndiki şəraitdə, xüsusulə də Azərbaycan torpaqlarının, o cümlədən İranla Ermənistanı birləşdirən Gorus-Qafan yolunun Qubadlı rayonunun ərazisindən keçən hisəsinin işğalına son qoyulduqdan sonra komminikasiyaların açılmaması məğlub ölkəni daha ağır duruma sala bilər. Bunun ilkin təzahürləri artıq nəzərə çarpmaqdadır. Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələrinin qurulmasının nəticələri və Ermənistan vətəndaşlarının bu ərazidən keçdikləri zaman rüsum ödəmək məcburiyyətində qalmaları, əslində rəsmi İrəvan, o cümlədən Nikol Paşinyan üçün dərs olmalıydı... Amma görünür, Nikol Paşinyan Ermənistanın “marionet dövlət” statusunu qoruyub saxlamağa çalışan dairələrin təlimatından çıxmaq və öz xalqının təhlükəsiz gələcəyi üçün mövcud olan çıxış yollarını görmək iqtidarında deyil.
Nikol Paşinyan başqa bir iddiasına görə, o, 9 noyabrda Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasının səbəbkarı olmayıb. Buna klassik erməni həyasızlığının nümunəsindən başqa ad vermək mümkün deyil. Çünki görüşün keçiriləcəyi ilə bağlı ilk məlumatı Ermənistan mediasının Nikol Paşinyana yaxın olan “Sorosçu” cameəsi, daha sonra isə Rusiyanın bəzi kütləvi informasiya vasitələri diplomatik mənbələrə istinadən yaymışdı və rəsmi İrəvan da bu xəbəri təkzib etməmişdi. Görüşün öncədən elan edilən tarixindən bir müddət sonra Rusiyanın nüfuzlu informasiya resursları, diplomatik mənbələrə istinadən, görüşün məhz Nikol Paşinyanın günahı ucbatından baş tutmadığını bildirdilər. Rəsmi İrəvan isə bu xəbərə də heç bir reaksiya vermədi və yalnız Avropa İttifaqının təşəbbüsü ilə Brüseldə keçirilməsi nəzərdə tutulan görüşlə bağlı məlumatlar tirajlandıqdan sonra, Rusiyanın təşəbbüsü ilə noyabrın 9-da keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasının səbəbkarı olmadığını bildirdi və növbəti yalanını dövriyyəyə buraxdı. Halbuki Rusiya tərəfinin təklifi ilə tərəflər arasında 9 noyabrda görüşünün yekun bəyanatı da hazırlanırdı. O, bu addımı ilə Rusiyaya hörmətsizliyini növbəti dəfə nümayiş etdirdi və üçtərəfli görüşün Brüsseldə keçirilməsi üçün Avropa İttifaqına müraciət etməklə etibarilə, Rusiyanı çıxılmaz və pərt olmuş durumda qoydu. Eyni zamanda Qərbdəki himayəçilərinə onları ənənəvi müttəfiqindən, Ermənistanın bir dövlət olaraq mövcudluğunu təmin edən Rusiyadan üstün tutduğunu nümayiş etdirdi.
Ola bilsin ki, Nikol Paşinyanın noyabrın 9-da keçirilməsi planlaşdırılan görüşdən yayınmasının səbəbi bu tarixin onda yaratdığı assosiasiya və ona əzab verən xatirələridir. Çünki o, 2020-ci ilin 9-10 noyabrında kapitulyasiya aktını imzalamışdı. Xatırladım ki, Prezident İlham Əliyev 9 noyabr kapitulyasiya aktının Paşinyan tərəfindən harada imzalamasının hələ də sual altında olduğunu dəfələrlə diqqətə çatdırıb.

Elçin Mirzəbəyli