• 8 Dekabr 2021
logo
Zəngəzur dəhlizi: Paşinyan niyə dirənir?

Zəngəzur dəhlizi: Paşinyan niyə dirənir?

Turan Rzayev: “Rəsmi Bakı növbəti təzyiq rıçaqlarından istifadə edə bilər”

Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı dirənişi davam edir. Əksər ekpertlər hesab edirlər ki, Zəngəzur dəhlizinin açılması Paşinyanın iradəsinə bağlı məsələ deyil. Belə olduğu halda dəhliz gec-tez açılacaq. Görünən odur ki, Paşinyan Bundan siyasi məqsədlər üçün yararlanmaq və Azərbaycanı digər məsələlərdə - xüsusilə status məsələsində güzəştə razı salmaq istəyir. Amma qalib dövlət olan Azərbaycanın mövqeyi tam və qətidir. Dövlət başçısı dəflərlə bəyan edib ki, Azərbaycan beynəlxalq hüququn normalarnı özü yerinə yetirib, tarixi torpaqlarını işğaldan azad edərək ədaləti bərpa edib. Prezident İlham Əliyev açıq şəkildə bəyan edib ki, heç bir statusdan söhbət gedə bilməz. Dövlət Başçısı həmçinin vurğulayıb ki, Zəngəzur Dəhlizi xoşla olmasa zorla açılacaq.
Bəzi ekspertlər isə, hesab edirlər ki, Ermənistanın oyunları həmçinin Minsk Qrupunu diriltməyə hesablanıb və burada maraqlı olan Qərbdir.
Amma bir şey unudulur ki, Azərbaycan qalib dövlətdir, 44 günlük Vətən Müharibəsi yeni geosoiyasi reallıqlar yaradıb. Bölgədə tam fərqli əhval-ruhiyyə hökm sürür. Bərpa işləri sürətlə davam edir. Türkiyə başda olmaqla işğaldan azad edilmiş ərazilərdə bir çox iqtisadi sahədə fəaliyyət göstərmək istəyən dövlətlər bölgədə sabitliyin davam etməsində maraqlıdır və yeni təxribatlar olarsa, bu Ermənistan üçün faciəli nəticələri qaçılmaz edir.
Politoloq Turan Rzayev “Xalq Cəbhəsi”nə bildirdi ki, Ermənistan Baş naziri Nikol Paşinyanın onlayn formatda jurnalistlərin suallarına verdiyi cavablar və əsaslandığı arqumentlər məntiqsiz və əsassızdır: “Misal üçün Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxış edir. O, öz fikrini bununla əsaslandırır ki, guya üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməyib. Dəhliz ifadəsi yalnız Laçın koridoruna münasibətdə işlədilib.
Hesab edək ki, bu belədir. Lakin Paşinyan unudur ki, həmin bənddə maneəsiz hərəkət ifadəsi də yer alıb. Yəni Azərbaycana məxsus nəqliyyat vasitələrinin Ermənistan ərazisindən nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutulur. Ancaq Laçın koridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. Paşinyan anlamır ki, bu nüans onun siyasi savadsızlığından ilişib qaldığı dəhliz ifadəsindən daha ciddidir. Digər tərəfdən, əgər Ermənistan Laçın dəhlizindən istifadə edirsə bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Nəzərə almaq lazımdır ki, Azərbaycan 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazanıb. Yəni rəsmi İrəvan unutmamalıdır ki, o diqtə edən tərəf deyil, kapitulyasiya aktına imza atan məğlub tərəfdir”.
Ekpertin fikrincə, Laçın dəhlizindən istifadə Azərbaycanın Ermənistana göstərdiyi humanist davranışdır: “Zəngəzur dəhlizi isə qalib Azərbaycanın məğlub Ermənistandan tələbidir. Əgər məsələyə linqvistik baxımdan baxacağıqsa onda regionda kommunikasiyaların açılmasından və ya sülh, sabitlikdən danışmaq da mənasızdır. Paşinyan hələ başa düşə bilmir ki, regionda Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcək. O hesab edir ki, biz bu dəhlizi Naxçıvanı blokadadan çıxarmaq üçün istəyirik. Halbuki Azərbaycan İran vasitəsilə və hava yolu ilə Naxçıvanla əlaqəni çoxdan təmin edib.
Rəsmi İrəvan bu məsələdə uzlaşmaya getsə gələcəkdə Zəngəzur dəhlizindən keçəcək enerji layihələrində o özü də pay sahibi ola bilər. Prinsip etibarilə bunu ölkə başçısı da dəfələrlə qeyd edib”.
T.Rzayevin fikrincə, indiki məqamda Ermənistan bu məsələdə israr etməyə davam etsə, rəsmi Bakı növbəti təzyiq rıçaqlarından istifadə edə bilər: “Məsələn Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulub. Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır. Paşinyanın çox güvəndiyi Tatev yolu isə istifadəyə yararsızdır. Bu yoldan yük avtomobillərinin hərəkəti isə ümumiyyətlə qeyri-mümkün həddədir.
Paşinyan qeyd edir ki, Zəngəzur koridoru və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfi uydurur və Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürür. Əslində Paşinyanı bu məsələdə qınamaq doğru deyil. Çünki açqıca görünür ki, o nə tarixi yaxşı bilir, nə də siyasi proseslərin məğzini. Ermənistanda tarix o qədər saxtalaşdırılıb ki, Paşinyan Zəngəzurun tarixini adı bilməyə bilər. Məsələ ondadır ki, həmin ərazidə bənzər isimdə toponimlər, coğrafi adlar çoxdur. Misal üçün Ermənistan paytaxtından bir neçə km aralıqda yerləşən Masis rayonun tarixi adı Zəngibasardır. Zəngibasar Zəngəzur və Zəngilan ilə eyni kökə malik coğrafi addır. Bu da təsadüfi deyil. Çünki bu ərazidə Oğuz türk boylarına mənsub zəng tayfası yüz illərlə yaşayıb. Misal üçün uzun illər xaçlılar ilə mübarizə aparan Mosul Atabəyi İmadəddin Zəngi də həmin Zəng boyuna mənsubdur. Yəni əgər bu ərazinin adı Zəngəzurdusa və onun tarixi əsası varsa onu başqa adla niyə adlandırmalıyıq? O ki qaldı Paşinyanın qeyd etdiyi Zəngəzur koridoru və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycanın uydurmasına və Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürməsinə deyə bilərəm ki, Paşinyan özü də yaxşı bilir ki, bu ərazini Ermənistana 1929-cu ildə Levon Mirzəyan bağışlayıb. Levon Mirzəyan Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olsa da Zəngəzuru heç bir referendum keçirmədən Azərbaycan xalqının iradəsi olmadan Ermənistana verib. Bu isə riyakarlığın son həddidir”.
Siyasi şərhçi Asif Nərimanlı isə diqqətə çatdırıb ki, Paşinyanın çıxışında Soçi görüşünə dair bir sıra məqamlar diqqət çəkdi: “Birincisi, sərhədin delimitasiya və demarkasiyasıdır: Nikol təsdiq etdi ki, Soçi görüşünün əsas gündəmindən biri sərhədlərin delimitasiya və demarkasiyasıdır: “İmzalana biləcək yeganə sənəd o olacaq ki, Ermənistan və Azərbaycan demarkasiya və delimitasiya üzrə komissiya yaradacaqlar”.
Bunu prosesin başlanğıcı hesab etmək olar və yaradılacaq komissiyası sərhədin delimitasiyasını, daha sonra demarkasiyasını həyata keçirməlidir.
Ən mübahisəli məsələlərdən biri də anklavlarla bağlıdır. Paşinyan anklav məsələsinin hüquqi əsasının olub-olmamasını gündəmə gətirir. Və görünən odur ki, Ermənistan tərəfi komissiyanın yaradılmasına razı olsa da, iddialarından əl çəkmək niyyətində deyil. Soçi görüşünün nəticəsi anklavlar məsələsinin sülh yoxsa, güc yolu ilə həllini də aydınlaşdıracaq. İkincisi, kommunikasiyanın açılmasıdır: Sərhədin müəyyənləşməsi ilə bağlı proses başlanırsa, Rusiyanın da marağında olduğu nəqliyyatın blokadadan çıxarılması üzərində irəliləyiş olmalıdır. Kommunikasiyanın açılması qrafikinin görüşün gündəmində olduğu istisna deyil.
Hərçənd, Paşinyan Zəngəzur dəhlizindən imtina edir. Bildirir ki, “Azərbaycanın Naxçıvanla hansı yollarla əlaqəsi olacağına Ermənistan qərar verir, biz qərar veririk, yalnız biz”. İrəvan bununla dəhliz yox, nəqliyyat xətti verə biləcəklərini və gömrük postu qurmaq niyyətini açıqlayır. Ən kritik məqamlardan biri də budur, çünki bu, 10 noyabr razılaşmasının 9-cu bəndindən tamamilə imtina edilməsi və Naxçıvanla nəqliyyat əlaqəsinin yaradılması üzrə yeni razılaşmanın imzalanması zərurətini gündəmə gətirir.
Rusiyanın bunu qəbul edəcəyi ehtimalı azdır. Zəngəzurla dəhlizi ilə bağlı gündəlik dəyişərsə, Bakı Laçın dəhlizində eyni tələblə çıxış edə bilər.
Üçüncüsü, “erməni əsirlər”lə bağlı məsələdi.
Paşinyan “9 noyabr görüşündən” “əsir” məsələsində razılaşmanın olmadığı üçün imtina etdiyini açıqlayır. Bu o sualı önə çıxarır ki, 26 noyabr görüşünə bu məsələdə razılıq olduğu üçün gəlir?
Mümkündür ki, Moskva humanitar məsələdə növbəti nəticəni əldə etmək üçün vasitəçilik etsin. Lakin Bakının bunu qarşılıqsız etməyəcəyi və bu dəfə dəqiq olmayan mina xəritələri ilə dəyişdirməyəcəyi ehtimalı daha güclüdür.
Paşinyanın mətbuat konfransının ümumi məğzi görüş öncəsi erməni ictimai rəyində mövqelərini gücləndirməyə də xidmət edirdi. Amma açıqlamaların motivi Nikolun sərhəd, xüsusilə anklavlar məsələsində və kommunikasiya ilə bağlı problemlər yaratmağa davam edəcəyi fikrini gücləndirir. Mümkündür ki, “məcburetmə əməliyyatları”na yenidən ehtiyac yaransın”.

Əli