• 8 Dekabr 2021
logo
“10 noyabr bəyanatı Ermənistanın belini birdəfəlik qırdı”

“10 noyabr bəyanatı Ermənistanın belini birdəfəlik qırdı”

Tural İsmayılov: “İkinci Dünya Müharibəsindən sonra belə bir hal müşahidə edilməyib”

Azərbaycan birinci Zəfər ilini qeyd edir. Ermənistan Şuşanın işğaldan azad edilməsindən sonra 10 noyabr bəyanatına imza atmağa məcbur oldu.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, 10 noyabr bəyanatı ilə Ermənistan bir də başını qaldıra bilməyəcək biabırçı məğlubiyyətə imza atdı: “10 noyabr bəyanatının imzalanmağına səbəb olan bir çox nünaslar var. Nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğalda saxlamağı bütövlükdə Cənubi Qafqaz regionuna mənfi təsir göstərirdi.
Daim aktiv fazada olan qarşıdurma halı, regional aqressiya və qonşu ölkələrin ərazilərinə iddiaları Ermənistanın bütövlükdə Avrasiya məkanına zərbə vurmağı demək idi. Bəyanat imzalanana qədər dəfələrlə Azərbaycan beynəlxalq hüququn şərtlərinin yerinə yetirilməsinə çalışsa da, qlobal güclər və regionun aparıcı ölkələri Türkiyə istisna olmaqla Ermənistana real təzyiq göstərmirdi. Bəyanat qalib ölkə olaraq Azərbaycanın da tərəf olduğu 3 imzadan ibarətdir.
Amma düşünürəm ki, 10 noyabr bəyanatının müddəalarının yerinə yetirilməyində biabırçı məğlubiyyət kapitulyasiyasına imza atan məğlub ölkə Ermənistan, eyni zamanda Qarabağın bəzi bölgələrində müvəqqəti mövcud olan rus sülhməramlılarını nəzərə aldıqda Rusiya daha çox məsuliyyət daşıyır. Bəyanat bütövlükdə sabitliyi şərtləndirir, bölgənin dayanıqlığına xidmət edir, postpandemiya dövrünün mühiti üçün mükəmməl şərtlərin fomalaşmağına səbəb olur”.
Ekspert bildirib ki, məhz 10 noyabr bəyanatı nəticəsində daha çox itkimiz olmadı: “Azərbaycan 3 rayonu qansız və qadasız geri qaytardı. 10 noyabr bəyanatı bu baxımdan da müstəsna əhəmiyyətə malikdir. Ağdam, Kəlbəcər və Laçın uğrunda döyüşlər davam etsəydi itkilərimizin sayı daha çox ola bilərdi. Bəyanat bu baxımdan xüsusi dəyərə malikdir ki, torpaqlarımızın bir qismini şəhid vermədən azad etdik.
Həmçinin, 10 noyabr bəyanatı Zəngəzur dəhlizinin mühümlüyünü bir daha nümayiş etdirdi. Cənubi Qafqazın yeni nəqliyyat habına çevrilməsi Zəngəzur dəhlizinin açılmağı ilə mümkün olacaq. Nəticədə, Azərbaycanla yanaşı digər ölkələr də dəhlizin iqtisadi dividentlərini hiss edəcəklər. 26 iyun 1945 ildə antiyapon koalisiyasının müttəfiqləri: Çin, ABŞ və İngiltərə Yaponiyaya danışıqsız təslim olmaq şərtlərini özündə birləşdirən "Potsdam Deklarasiyası" adlı sənədi qəbul edirlər. Yaponiya dövlətin tamamilə dağılacağını görərək kapitulyasiyaya imza atmışdı.
Ermənistan isə Yaponiya belə deyil. Azərbaycan təkbaşına Ermənistanı kapitulyasiyaya məcbur etdi ki, son 1 əsrdə İkinci Dünya Müharibəsindən bu yana belə bir hal müşahidə edilməyib”.
Deputatı Sevinc Hüseynova isə deyib ki, bu gün Azərbaycan xalqı şanlı Zəfər Gününü böyük qürur hissi ilə qeyd edir: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. 44 günün hər bir günü şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın. Ötən il noyabrın 8-də tarixi şəhərimiz, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin işğaldan azad olunması düşməni diz çökdürdü və noyabrın 9-dan 10-a keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı”. Deputat bildirib ki, qazanılan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu: “Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı, qazilərimizin sağlamlığı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycanın Vətən müharibəsində nümayiş etdirdiyi yeni müharibə nümunəsi dünyada böyük əks səda doğurdu. İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı. ABŞ, Almaniya, Böyük Britaniya və digər güclü hərbi potensialı olan ölkələr də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər, öz ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmağa çalışırlar”.
Millət vəkilinin sözlərinə görə, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini zəruri edən bir sıra amillər var idi: “Belə ki, ölkəmizin dinamik inkişafı, iqtisadi müstəqilliyimizin təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində hüquqi baza rolunu oynadı. Xüsusilə, qələbənin əldə olunmasında xalqımızın cənab Prezidentin siyasətini birmənalı olaraq dəstəkləməsi, ölkəmizdə milli birliyin mövcudluğu qələbəmizi şərtləndirən amillər sırasındadır.
Həmçinin, ötən dövr ərzində işğalçı Ermənistan bütün regional layihələrdən kənarda saxlanıldı. Bu, Azərbaycan dövlətinin və Prezidentinin prinsipial mövqeyinin nəticəsidir. Bununla da iqtisadi cəhətdən çökən, dalana dirənən Ermənistan sosial-iqtisadi böhranın məngənəsindən xilas ola bilmədi. Bu da 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən Ermənistan ordusunu darmadağın edilməsi ilə nəticələndi. Öz havadarlarından pulsuz aldığı silahlar da Ermənistana kömək edə bilmədi. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyə Prezidentinin ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verməsi, onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir”.
S.Hüseynova diqqətə çatdırıb ki, 44 günlük Vətən müharubəsi Azərbaycan xalqının iradəsini, gücünü, birliyini nümayiş etdirdi: “Bu həmrəylikdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, vətəndaş cəmiyyəti təsisatları da mühüm rol oynadılar. 44 gün ərzində Azərbaycan bir addım da geri atmadı, Ermənistan bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan hərbçiləri mənəvi ruh, qəhrəmanlıq, şücaət nümayiş etdirdilər. Bütövlükdə isə, Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. İşğal altında olmuş ərazilərdə hazırkı vəziyyət isə erməni vəhşiliyinin əyani təzahürüdür. Bütün dünya bundan sonra da Ermənistanın hərbi cinayətləri ilə bağlı məlumatlandırılacaq. Eyni zamanda, Bakıdakı Hərbi Qənimətlər Parkı özündə işğalçı Ermənistan ordusunun sonunu ifadə edən bir tarix yaşadacaq”.
Deputat diqqətə çatdırıb ki, tarixi Zəfərimiz nəticəsində regionda yeni reallıqlar yaranıb: “Regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları eyni zamanda ölkələrin inkişafında müsbət tendensiyaları yaradacaq. Region ölkələri arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Eyni zamanda, Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Beləliklə, Azərbaycanın tarixində yeni səhifə başlanır. Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq azad olunmuş ərazilərə səfər edərək quruculuq-bərpa işləri ilə tanış olurlar. Yəni, görülən işlər dövlət rəhbərliyinin birbaşa nəzarətindədir. Ötən gün cənab Prezidentin və birinci xanımın Şuşaya səfəri də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Zəfər yolunun açılışının edilməsi, Şuşanın bərpasına xidmət edən təməllərin atılması qürurvericidir. Azərbaycan xalqı olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın xatirəsini böyük ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ailələri bizlərə əmanətdir. Dövlətimiz şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərir. Bu siyasət bundan sonra da davam edəcək...”.
Əli