Vətən müharibəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi hadisə deyil, eyni zamanda cəmiyyətin milli həmrəylik, dövlətçilik və məsuliyyət anlayışlarına münasibətində yeni mərhələ formalaşdıran mühüm dönüş nöqtəsidir. Bu tarixi təcrübənin zaman keçdikcə yalnız xatirələrdə deyil, gələcək nəsillərin düşüncə və dünyagörüşündə də yaşadılması isə ayrıca strateji əhəmiyyət daşıyır.
Çünki qazanılmış Zəfərin davamlılığı onun yaratdığı dəyərlərin, dövlətçilik şüurunun və milli məsuliyyət hissinin sonrakı nəsillərə hansı formada ötürülməsindən də asılıdır. Bu baxımdan Vətən müharibəsinin formalaşdırdığı milli birlik mühitinin qorunması, Zəfərdən doğan dövlətçilik təcrübəsinin gələcək nəsillərə çatdırılması və bu tarixi mərhələnin cəmiyyətin inkişafında hansı dəyərlərlə davam etdirilməsi məsələsi xüsusi aktuallıq kəsb edir.
Məhz bu məqamda mühüm bir sual ortaya çıxır: Vətən müharibəsinin formalaşdırdığı milli birlik və dövlətçilik təcrübəsinin gələcək nəsillərə ötürülməsi baxımından hansı dəyərlər qorunmalı, hansı prinsiplər isə cəmiyyətin yaddaşında və düşüncəsində davamlı şəkildə yaşadılmalıdır?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Qüdrət Həsənquliyev açıqlama verib.
Deputat bildirib ki, insanlar Vətənə sevgi ruhunda böyüdülməlidir. Onlar ölkələrini sevməli, onunla qürur hissi keçirməlidirlər. Şəhid ailələri, qazilərimiz dövlət qayğısı ilə əhatə olunmalıdır. Bunun üçün güclü azad bazar iqtisadiyyatına malik hüquqi dövlət qurmalıyıq:
"Vətəndaşlarımızın hüquq və azadlıqları ciddi qorunmalı, gənclər iş dalınca xarici ölkələrə üz tutmamalıdır. İnsan kapitalına böyük vəsait qoyulmalıdır. Təbliğatla vətənpərvər insan formalaşdırmaq mümkünsüzdür.
Kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar açılmalıdır. Hökumət hər il hansı rayonda neçə zavod və fabrik tikildiyi, nə qədər investisiya qoyulduğu, nə qədər iş yeri açıldığı barədə ictimaiyyətə hesabat verməlidir.
Vətən müharibəsində qazanılan möhtəşəm qələbə görülən işlərlə möhkəmləndirilməlidir. Yoxsulluq insanların qürurunu sındırmamalı, mənəviyyatı aşındırmamalıdır. Güclü, qürurlu və rifah içərisində yaşayan vətəndaşı olan ölkə güclüdür.
Ona görə “hər şey Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır. Xalqımızın güclü dövlət qurmaq potensialı var. İnanıram ki, böyük islahatlarla biz işğaldan azad etdiyimiz ölkəmizdə ədalətli, hüquqi və demokratik dövlət də qura biləcəyik".