• 15 Dekabr 2025
logo
Qüdrət Həsənquliyev: "Amnistiya Aktına çox böyük ehtiyac var idi"

Qüdrət Həsənquliyev: "Amnistiya Aktına çox böyük ehtiyac var idi"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Amnistiya Aktının qəbul olunması təşəbbüsü ilə Milli Məclisə müraciət edib.

Qeyd edək ki, Azərbaycanda Amnistiyanın labüdlüyü ilə bağlı ƏHD Partiyasının lideri, deputat Qüdrət Həsənquliyev dəfələrlə çıxış edib.

Azərbaycanda məhbus sıxlığı ilə bağlı Avropa Şurasının Həbsxana Əhalisinə Dair Hesabatında da narahatlıq ifadə olunub.

Prezidentin təşəbbüsü barədə Gununsesi.info-ya danışan Qüdrət Həsənquliyev ölkə rəhbərinin bu qərarını alqışlayıb: “Buna çox böyük ehtiyac var idi. Bu humanist addım olmaqla yanaşı mill həmrəyliyi gücləndirən bir addımdır. İnanıram ki, amnistiyaya düşən insanların mütləq əksəriyyəti bir daha cinayət törətməyəcəklər. Minlərlə insanın həbsdən azad olunması böyük hadisədir”.

Bununla belə Qüdrət Həsənquliyev dövlətin cəza icra siyasətində də humanizmin olmasının vacibliyini deyib:

“Bakının mərkəzində yerləşən cəzaçəkmə müəssiələri şəhərin kənarına çıxarılmalı, beynəlxalq standartlara cavab verməlidir. Cinayət əməlinə görə alternativ cəzalar nəzərdə tutulursa, hakimlər azadlıqdan mərhumetmə növündə cəzanı müstəsna hallarda təyin etməlidirlər. CM nin 62- ci maddəsi, qanunda nəzərdə tutulandan daha yüngül cəza təyin edilməsi ciddi müzakirə olunmalıdır.Daha çox şərti məhkum etməyə üstünlük verilmədir. Cinayətkarlığa qarşı mübarizədə cəzanın ağırlığı yox, onun vacibliyi ciddi əhəmiyyət daşıyır. Ümid edirəm ki, Prezidentin bu qərarı məhkəmə islahatlarına da ciddi təkan verəcək. 2026- cı il ölkəmizdə islahatlar ili olacaq”.