• 12 Noyabr 2025
logo
Qüdrət Həsənquliyevdən sensasion təkliflər

Qüdrət Həsənquliyevdən sensasion təkliflər

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının lideri, millət vəkili Qüdrət Həsənquliyev Gununsesi.info-ya ölkə başçısı İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına yeni xüsusi nümayəndə və bir sıra rayon şəhər icra hakimiyyətlərinə başçı təyinatını şərh edib: “Onları təbrik edirəm və arzu edək ki,etimadı doğrultsunlar. Prezident özü də söylədi ki, onların bəzilərinin idarəetmə təcrübəsi yoxdur. Bununla yanaşı regionların inkişafına töhfə vermək üçün onlar gərəkən səlahiyyətlərə sahib deyillər. Ölkəmizdə idarəetmə hədsiz mərkəzləşib, bürokratik aparat şişib. Mərkəzi icra hakimiyyəti orqanları yerli icra strukturlarının demək olar ki, bütün əsas səlahiyyətlərini əlindən alıb.
Rayonda kiçik bir emal müəssiəsinin, yaxud anbarın tikintisinə Şəhərsalma və Arxitektura Komitəsindən icazə almaq illərlə vaxt alır. Ona görə biz regionların sürətli inkişafını istəyiriksə, kənd təssərrüfatı nazirliyinin bazasında “Regional inkişaf nazirliyi” yaratmalı, həmin nazirliyin tərkibində kənd təssərüfatı işləri ilə məşğul olan idarə formalaşdırmalıyıq”.
Millət vəkilinin fikrincə, Azərbaycanın inzibati ərazi bölgüsündə də ciddi dəyişiklik edilməli, çoxsaylı kiçik rayonlardan xilas olub, ölkə ərazisini 15 regiona bölməli, hər regionun birbaşa seçkilərlə formalaşan 25-30 nəfərlik Məclisi formalaşdırılmalı, regionun icra hakimiyyəti həmin məclis tərəfindən formalaşdırılmalıdır: “Bu zaman cəmiyyət inkişafın qarşısında ən böyük maneələrdən birinə çevrilmiş çoxsaylı məmur ordusundan və böyük idarəetmə xərclərindən canını qurtaracaq. Hər regionda Konstitusiyaya nəzarət edən Prezidentin səlahiyyətli nümayəndəsi olmalıdır. Eyni zamanda hər yaşayış məntəqəsinin bələdiyyəsi olmalıdır. Geniş səlahiyyətlərə malik regional icra hakimiyyətləri olmayana qədər ciddi nəticələrin olacağı ehtimalı çox azdır. Regionların inkişafını və qanunun aliliyini təmin etmək üçün ciddi konstitusiya islahatlarına ehtiyac var.
Korrupsiya ilə effektli mübarizə üçün məhkəmə hüquq islahatları həyata keçirilməli, andlı iclasçılar institutu tətbiq olunmalı, hakimlər yalnız cinayət törətdikdə məsuliyyətə cəlb olunmalı və vəzifəsindən kənarlaşdırılmalı, güclü vəkillik institutu formalaşdırılmalıdır. Ölkədə vahid İstintaq Komitəsi yaradılmalıdır. Ədliyyə Nazirliyi və Baş Pkokurorluq birləşdirilməlidir.
Hakimiyyət daxilində İcra hakimiyyətindən kənar qanunların icrasına nəzarət edilməsini təmin etmək üçün Milli Məclisin və onun Komitələrinin səlahiyyətləri genişləndirilməlidir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin olunan icra başçılarını qəbul edərək bir sıra tapşırıqlar verib.