• 7 Dekabr 2024
logo
COP29 Azərbaycan Sədrliyi Dünyanın İqlim Dəyişmələri üzrə Yeni Yol Xəritəsini Müəyyənləşdirdi

COP29 Azərbaycan Sədrliyi Dünyanın İqlim Dəyişmələri üzrə Yeni Yol Xəritəsini Müəyyənləşdirdi

2023-cü ilin dekabrında 197 ölkə və Avropa İttifaqının Azərbaycana etimad göstərərək həvalə etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kritik müzakirələri və möhtəşəm uğurları ilə planetimizin müasir tarixinə yazıldı.

11 ay müddətində dövlətimizin başçısı cənab İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilən yüksək hazırlıq işləri, peşəkar diplomatik səylər və nümunəvi ev sahibliyi nəticəsindənoyabrın 11‒22-də beynəlxalq ictimaiyyət bir daha iqlim dəyişmələrinin fəsadları, gətirə biləcək fəlakətləri və onunla mübarizəyə həsr olunan onlarla vacib tədbirə şahidlik etdi.

Dünyanın 80 ölkəsinin dövlət və hökumət başçısının qatıldığı, 76 mindən çox insanın qeydiyyatdan keçdiyi bu tədbirin təşkilatçılığı hər bir iştirakçıda müsbət emosiyalar doğurdu, xoş təəssüratlar buraxdı.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan beynəlxalq birliyin etibarlı, məsuliyyətli və vacib üzvü kimi qlobal proseslərin mərkəzində əhəmiyyətli rola malik bir dövlət olduğunu bir daha sübut etdi.

2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də təsadüfi deyildi. Bu, cənab Prezidentin dünyada sürətlə artan iqlim dəyişikliyi ilə mübarizəyə milli səviyyədə cavab verilməsi istiqamətində aparılan fəaliyyətlərə hamılıqla töhfə verməyə bir çağırış idi.

Azərbaycan ilk gündən sona qədər sessiyada iqlim çağırışlarına həssas yanaşılmasını, qlobal təhdidlər qarşısında beynəlxalq həmrəyliyin gücləndirlməsi təşəbbüslərindən çıxış etdiyini, bütün məsələlərdə yüksək fəallıq göstərdiyini nümayiş etdirdi. Ölkəmiz COP29 tarixində yeni təşəbbüslər irəli sürərək gerçəkləşdirə bilən, saysız ilklərə imza atan ölkə kimi də diqqəti cəlb etdi.

132 ölkə və ümumilikdə 1200 iştirakçı tərəfindən dəstəklənən “Atəşkəs Çağırışı” təşəbbüsü isə bu ilklərdən biri idi. Katibliyi Bakı şəhərində yerləşəcək “Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi” isə sülh və iqlimin qarşılıqlı əlaqəsi ilə bağlı problemlərin həllinə yönəlmiş öhdəlikləri yerinə yetirmək üçün mühüm təsisat olaraq yaradıldı.

Dövlətimiz hələ sessiyanın ilk günündə beynəlxalq ictimaiyyətəvə iri iqtisadi güclərə, habelə maliyyə fondlarına çağırış edərək kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələrin ehtiyaclarını nəzərə almaq təklifini irəli sürdü.

Paris Sazişinin 6-cı maddəsi çərçivəsində yüksək keyfiyyətli karbon bazarları ilə bağlı 10 il davam edən danışıqlara 29-cu sessiyada yekun vurulması isə tarixi hadisə hesab edilə bilər.

İki həftə ərzində aparılan gərgin müzakirələr və məsləhətləşmələr mühitində, intensiv çoxtərəfli diplomatiya nəticəsində iqlim hədəflərinin ən başlıca maddələri qəbul olundu.

Sessiya çərçivəsində Bakı Maliyyə Məqsədinin yekdilliklə dəstəklənməsi COP-un ən uğurlu manifesti kimi iqlim gündəliyinə yazıldı. Bəzi tərəfdaşlar üçün bəlkə də əhəmiyyət daşımayan kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş ölkələrin iqlim ehtiyaclarının maliyyə qaynaqlarınınformalaşdırılması məsələsini Azərbaycan özünün taleyüklü problemi kimi qəbul edərək, bu ağır yükü üzərinə götürərək uzaq bölgələri gözləyən gələcək təhlükənin qarşısını aldı.

Ötən COP sessiyalarında məsələ dəfələrlə qaldırılsa da, tərəflərinfərqli mövqe və fikirləri, məsələyə biganəliyi, hətta kəskin qlobal qütbləşmələr ucbatından yalnız kağız üzərində qalmış Maliyyə Məqsədi konsepsiyası COP29 Sədrliyinin 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsində razılaşdırıldı.

Bakı Maliyyə Məqsədi kimi tarixə düşən bu razılaşma 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün qlobal hədəf ortaya qoydu. Bu razılaşmaya əvvəlki illik 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən, 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxil edildi.

Azərbaycan COP gündəliyini digər nəticəəsaslı saziş və anlaşmalarla da zənginləşdirdi. COP29 çərçivəsində nail olunmuş uğurlardan biri də İtki və Zərər Fondunun təsis edilməsiidi. 2025-ci ildən etibarən fəaliyyətə başlayacaq Fond qlobal ədalət üçün böyük qələbənin növbəti simvoluna çevrildi.

Yeni Kollektiv Kəmiyyət Məqsədinin, İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsünün, Bakı Qlobal İqlim Şəffaflığı Platformasının, Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün, COP29-un İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsünün təsis edilməsi, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı ‒ CAREC-in Bakı Bəyannaməsinin, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsinin, COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsinin, COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatının qəbul olunması, “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası”nın yaradılması haqqında Niyyət Məktubunun imzalanması Azərbaycanın qlobal transformasiyalarda liderlik göstəricisi hesab edilə bilər.

COP29 çərçivəsində Azərbaycanla Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı Krallığı, Özbəkistan, Qazaxıstan, Macarıstan, Bolqarıstan, Gürcüstan və digər ölkə və şirkətlərlə imzalanmış sazişlər isə “yaşıl enerji” sahəsində ən əlamətdar hadisə kimi xarakterizə oluna bilər.

Beləliklə, Azərbaycan COP29-da həm üzərinə düşən məsuliyyəti və missiyanı layiqincə yerinə yetirdi, həm də həlli çətin olanqlobal problemləri həll edərək yeni cığırlar açdı. Ölkəmiz inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında körpülər qurdu, bütün qitələrin yaşıl koalisiyasını və müttəfiqliyini möhkəmləndirdi. Eyni zamanda, beynəlxalq iqlim ailəsinin yeni yol xəritəsini hazırladı, növbəti COP üçün dayanıqlı arxitektura formalaşdırdı.

COP29 bir daha təsdiqlədi ki, Azərbaycan Şimal və Cənub, Şərqvə Qərbin qovuşduğu ölkə olaraq müxtəlif beynəlxalq iştirakçılar arasında tək siyasi, mədəni, enerji, ticari və nəqliyyatsahəsində deyil, həm də iqlim sahəsində körpülər sala bilən,möhkəm əməkdaşlıq ruhunu gücləndirən etibarlı və etimadlı dövlətdir.

Ramid Namazov

Milli Məclisin deputatı