• 22 Oktyabr 2024
logo
“Bu fərqli hadisə idi”

“Bu fərqli hadisə idi”

Tural İsmayılov: “Bu dəfə görüş işğaldan azad edilmiş bölgələrdə keçirildi”

"Şuşada baş tutan Türk Dövlətləri Təşkilatının qeyri rəsmi Zirvə görüşü əhəmiyyətli hadisədir. Bu fərqli hadisə idi, çünki əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə bu görüş işğaldan azad edilmiş bölgələrdə keçirildi”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Tural İsmayılov deyib. O, bildirib ki, türk dövlətləri rəhbərlərinin ayrı-ayrılıqda işğaldan azad edilmiş bölgələrə səfərləri gerçəkləşmişdi: “Amma bu dəfə bu təşkilatın rəhbərləri bir yerdə işğaldan azad edilmiş bölgəyə səfər etdilər. Həmçinin Şuşadan Qarabağ Bəyannaməsinin imzalanması və bunun dünyaya bəyan edilməsi də Türk birliyinin növbəti dəfə nümayişi idi. Hətta Avropa İttifaqı Şurasının dönəm sədri, Macarıstanın Baş naziri Viktor Orbanın Şuşaya gəlməyi, Türk Dövlətləri Təşkilatının Zirvə görüşümdə iştirak etməsi Aİ-nin daxilindəki bəzi ermənipərəst dairələri ciddi formada narahat edib. Hal-hazırda türk birliyi faktoru siyasi anlamda kifayət qədər önəmli mövqelər qazanıbdır. Burada əlbəttə ki, özəlliklə Azərbaycanın işğaldan azad edilmiş bölgələrində Türk Zirvəsinin gerçəkləşməsi və buradan həmrəyliyin bəyan edilməsi, həm də mənəvi baxımdan bizim üçün çox böyük əhəmiyyətə malikdir. Hər halda artıq Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində öz çəkisi, ağırlığı olan bir təşkilatdır, dünya birliyi də Türk Dövlətləri Təşkilatının mövqeyilə razılaşmaq məcburiyyətində qalır”.
Tural İsmayılov həmçinin NATO sammiti və sülh danışıqları ilə bağlı da fikirlərini bölüşüb: “Azərbaycan və Ermənistan rəsmisinin sammitdə iştirakı mübahisə predmeti olan məsələlərin müzakirə edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Məlumdur ki, Azərbaycan xarici siyasət kursunda NATO üzvlüyünə maraq göstərmir, lakin ölkəmizin Alyans ilə müxtəlif sahələrdə əməkdaşlığımız mövcuddur. Daha əvvəl Azərbaycan NATO – nun Əfqanıstandakı sülh yaratma missiyasında təmsil olunurdu və ölkəmizin NATO ilə əlaqələri də hər zaman yüksək səviyyədə olub. Bu gün isə Azərbaycanın Vaşinqtondakı sammitə dəvət olunması NATO – nun ölkəmizlə əlaqələrə verdiyi önəmi növbəti dəfə nümayiş etdirir. Xarici İşlər Naziri Ceyhun Bayramovun ABŞ - yə səfəri, güclənən Azərbaycan – NATO əlaqələrinin daha bir nümunəsidir. Yəqin ki, bu sammitdə daha çox Rusiya – Ukrayna münaqişəsi və iki ölkə arasındakı danışıqların bundan sonrakı mərhələsi ilə bağlı müzakirələr aparılacaq. Düşünürəm ki, görüşün əsas fokusu bu olacaq. Eyni zamanda bu dəfəki sammitdə beynəlxalq münasibətlər sistemi ilə bağlı anlaşılmazlıqlar və digər məsələlərin geniş təhlil ediləcəyini hesab edirəm.
Həmçinin Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanın burada iştirakı, Azərbaycan və Ermənistan XİN- lərinin görüşü keçirilsin. Ola bilər ki, bu görüş vasitəsiz, təkbətək və ya NATO rəhbərliyinin moderatorluğu altında baş tutsun. Hər – halda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imkanlar və eyni zamanda iki ölkə arasındakı mübahisə predmeti olan məsələlərin müzakirə edilməsi baxımından ölkə XİN – lərinin sammitdə bir araya gəlməsi müstəsna əhəmiyyətə malikdir deyə düşünürəm".