• 24 İyul 2024
logo
“Azərbaycanın sülh danışıqları prosesində Qərbi oyundankənar vəziyyətə salması Tehranın maraqlarına tam cavab verir”

“Azərbaycanın sülh danışıqları prosesində Qərbi oyundankənar vəziyyətə salması Tehranın maraqlarına tam cavab verir”

Əli Zülfüqaroğlu: “Halbuki İrəvan Qərbin bölgəyə gəlməsi üçün hər şeyi edib”

“Ermənistanda müxtəlif siyasi kəsimin İranda Azərbaycan türkünün iqtidara gəlməsi, həmçinin Fransadakı seçkilərdə Makronun mənfi nəticələr əldə etməsindən narahatlıq keçirməsi əsaslıdır”. Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Onun sözlərinə görə, İranda Azərbaycan türkünün qalib gəlməsi, yəni gözləntilərin əksinə olaraq Ali dini rəhbərliyin buna maneə yaratmaması İranın xarici siyasət kursunda müəyyən korrektələrin olacağı ehtimallarını artırır.
Əli Zülfüqaroğlu Əlavə edib ki, bu mənada Pezeşkianın seçilməsi təsadüfi sayıla bilməz: “Doğrudur, son zamanlar İranda etnik problemlərin önə çıxma ehtimalı kifayət qədər güclüdür. Xüsusilə Azərbaycan türklərinin müxtəlif sosial və milli məsələlərlə bağlı narazılıqları ciddi səviyyəyə çatmışdı. Ehtimal etmək olar ki, Azərbaycan türkünün prezident postuna gətirilməsi ilə ölkə daxilində olan ciddi sosial-iqtisadi problemlərlə bağlı narazılıqların milli-etnik müstəviyə keçməməsinin qarşısının alınması üçün Pezeşkian sipər rolunu oynayacaq. Digər bir məsələ İranın regional siyasətində ediləcək korrektələrlə bağlı ola bilər. Çünki İranın Qarabağ məsələsi ilə bağlı yürütdüyü siyasət daxildəki türklərlə yanaşı, Azərbaycan və Türkiyənin də narazılqlarına səbəb olurdu və dövlətlərarası münasibətlər kifayət qədər gərginləşmişdi.
İranın Ermənistana verdiyi hər cür dəstəyə, oynadığı nəfəslik roluna rəğmən İrəvan Birləşmiş Ştatlar və Fransa ilə əməkdaşlığa başlayarkən, xüsusilə Qərbin İranın burnunun dibində hərbi varlığını formalaşdırmağa çalışarkən Tehranın maraqlarını nəzərə almadı və bununla bağlı Tehranın narahatlığı mərhum prezident Rəisi səviyyəsində açıqlanmışdı.
İndi beynəlxalq və regional vəziyyət günü-gündən dəyişir. İran gec də olsa başa düşür ki, Azərbaycanın güclənməsinin qarşısını almaq mümkün olmayacaq. Əgər ənənəvi siyasət davam etdirilərsə, o zaman Azərbaycan və Türkiyə ilə münasibətlər mənfiyə doğru dəyişə və daxildə azərbaycanlıların buna qarşı etirazları alovlana bilər. Eyni zamanda Azərbaycanın sülh danışıqları prosesində Qərbi oyundankənar vəziyyətə salması Tehranın maraqlarına tam cavab verir. Halbuki İrəvan Qərbin bölgəyə gəlməsi üçün hər şeyi edib. Ona görə də indi yeni durum var və məncə, İran sonda uduzacağı oyunu oynamaq istəməyəcək. Ona görə də hesab edirəm ki, Azərbaycan və Türkiyə ilə münasibətləri müsbətə doğru inkişaf etdirməkdə maraqlı olacaq. Bu baxımdan bu proses, yəni İrəvanla münasibətlərin korrektə edilməsi, Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafı Pezeşkianın simasında reallaşdırılacaq. Ənənəvi qeyri-adekvat siyasət – yəni güneylilərin, eyni zamanda Azərbaycan və Türkiyənin narazılığına səbəb olan addımlara guya əvvəlki hökumətin səbəb olduğu görüntüsü yaradılacaq.
Pezeşkianın hakimiyyəti dövründə bu istiqamətdə dəyişiklik edilməklə İran həm də regionda öz mövqeyini gücləndirməyə çalışacaq və eyni zamanda İrandakı 40 milyona yaxın Azərbaycan türkünün dəstəyini əldə edəcək. Beləliklə də İranın ali dini rəhbərliyi istədiyi durumu reallaşdırmağa nail olacaq. Təbii ki, bu, yalnız ehtimallardır və proseslərin gedişi, müəyyən xarici güclərin, İranın daxilində olan qüvvələrin atacağı addımlar vəziyyəti dəyişə bilər”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, Makron qlobal maliyyə sisteminin Fransaya prezident təyin etdiyi, vitrinə qoyduğu icraçı və marionet hökumətin başçısıdır: “Onun karyerasına nəzər salsaq, bunu dəqiqliklə görə bilərik. Paşinyan da eyni xəttin dəstəyi ilə hakimiyyətə gəlib və ona görə də Makronun Paşinyana dəstəyinin arxasında bu amil əsas faktor sayıla bilər. Hazırda ABŞ daxil olmaqla bütün dünyada, o cümlədən Fransada qlobal maliyyə sisteminə, həmçinin onun formalaşdırdığı hökumətlərə, marionetlərə qarşı ciddi dirəniş var. Hesab edirəm, Makronla yanaşı, Baydenin də eyni aqibəti yaşama ehtimalı kifayət qədər yüksəkdir. Yəni Fransada parlamentdə yeni siyasi gücün meydana çıxması rəsmi Parisin Ermənistan siyasətində korrektələrə gətirib çıxarması ehtimalı var”.
Əli Zülfüqaroğlu onu da deyib ki, Birləşmiş Ştatlarda seçkidə Trampın hakimiyyətə gəlməsi isə sadəcə respublikaçıların hakimiyyətə gəlməsi anlamı daşımır: “Bu tamamilə fərqli məsələdir, geosiyasi qarşıdurmanın tərkib hissəsidir və əslində Bayden və Makrona əmrlər verən FED-in, yəni qlobal maliyyə sisteminin uduzması anlamına gəlir. Bu isə dünyada vəziyyətin ciddi şəkildə dəyişməsi deməkdir. Yəni bura Ukrayna savaşı daxil olmaqla müxtəlif münaqişəli ocaqlar, eyni zamanda dəyərlər sisteminə qarşı edilən hücumlar, digər məsələlər daxildir. Ümumiyyətlə dünyada köklü dəyişikliklər deməkdir. Bu baxımdan, Bayden, Makron, Zelenski və Paşinyanın narahatlığı təbiidir. Qarşıda dünyanı köklü dəyişim prosesi gözləyir və bu proses, bir sıra məsələlərə böyük ölçüdə aydınlıq gətirəcək”.