• 24 İyul 2024
logo
“...Partiyaları yaz qarı kimi sürətlə əriyir”

“...Partiyaları yaz qarı kimi sürətlə əriyir”

Qüdrət Həsənquliyev: “Mən məmnunam ki, bizim 23 il öncə açıq danışmağa başladığımız fəaliyyət prinsipləri bir istisna ilə bütün müxalifət partiyaları tərəfindən qəbul olunub”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsi

- Qüdrət bəy, Müsavat partiyasının seçkilərə qatılmasını necə qarşıladınız?

- Çox yaxşı. Siyasi partiya mövcud reallıqları, şərtləri özü üçün əlverişli saymasa belə seçkilərə qatılmalıdır. Müsavat partiyasının rəhbərliyi görür ki, partiyaları yaz qarı kimi sürətlə əriyir. Partiyanı formada saxlamaq üçün yarışa qatılmaq, rəqiblərlə yarışmaq lazımdır. Mən məmnunam ki, bizim 23 il öncə açıq danışmağa başladığımız fəaliyyət prinsipləri bir istisna ilə bütün müxalifət partiyaları tərəfindən qəbul olunub. Dediyim bir istisnanın olmasını isə böyük ehtimalla iqtidar istəyir. İqtidar istəyir ki, Qərbdən, Şimaldan, Cənubdan tapşırıqlar alan partiya öz nəzarətində olsun.

- Dünənə qədər partiyaları seçkilərə qatılmamağa görə ittiham edənlər indi Müsavat partiyasını seçkilərə qatıldığı üçün ittiham edirlər. Bu məsələyə münasibətiniz necədir?

- Həmin adamlar pul qarşılığında, həm də utanma hissləri olmadığı üçün bunu edirlər. Onları yönləndirənlər onların zəif tərəflərini görür, bilirlər ki, onlardan heç nə çıxmaz. Buna görə onları inandırıblar ki, müxalfifəti, hər kəsi pislə, dəyişiklik günü üçün özün varsan. Həm də pulunu al. Onlar da inanıb istehza doğuran formada, iqtidara necə xidmət etdiklərini unudaraq, özlərini reklam etməyə başlayıblar. Yaxud özlərini yaxşı tanıdıqlarından deyilənlərə inanmasalar da özlərini inanmış kimi göstərib “ağalarına” xidmət göstərməyə məcburdurlar. Onların davranışı rəzalətdən başqa bir şey deyil.