İran rejimi azərbaycanlıları oyuna cəlb etməklə yanılır
İranda helikopter qəzasında həlak olan prezident İbrahim Rəisinin yerinə yeni prezident seçmək üçün növbədənkənar prezident seçkiləri keçirildi. Seçkidə 80-dən çox namizəd qeydə alınsa da, Seçki Şurası beş namizədi seçkiyə buraxmağı məsləhət bilib.
Bu seçkidə prezidentlik uğrunda mübarizəyə İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri və parlamentin indiki sədri Məhəmməd Bağır Qalibaf, Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, Tehran meri Əli Rza Zəkiyani, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, Şəhid və Veteranlar Fondunun rəhbəri Əmir Hüseyn Qəzizadə-Haşimi və sabiq səhiyyə naziri Məsud Pezeşkian qatılsa da, daha sonra Əli Rza Zəkiyani və Əmir Hüseyn Qəzizadə-Haşimi öz namizədliklərini geri götürüblər.
İrandakı soydaşlarımız azərbaycanlı namizəd Məsud Pezeşkiana dəstək verilməsini lazım bilir.
Politoloq Azər Qasımov “Xalq Cəbhəsi”nə deyib ki, İranda növbədənkənar prezident seçkiləri gözlənildiyindən fərqli keçməyəcək və böyük ehtimalla rejimin üstünlük verdiyi şəxs prezident olacaq. İranda prezident seçkilərinin mahiyyəti də bəllidir. İcra məqamı olan prezident vəzifəsinin İranın siyasi xəttində yenilik etməsi mümkün deyil. Seçkiyə buraxılan namizədlərin isə bəzi siyasi qruplaşmaların ambisiyalarını təmin etmək üçündür. Amma kimin seçilməsindən asılı olmayaraq namizədlər vahid siyasi xətti dəstəkləyir.
Təbii ki, azərbaycanlı seçicilərin favoritinin olması onlara da bir təsəllidir. Seçiləcəyi durumda onun hansısa yeniliklər edəcəyi və ya azərbaycanlılara qarşı münasibətin dəyişəcəyini gözləmək isə sadəlövhlük olardı: “Konstitusiyaya görə, dini liderdən sonra “ikinci ən yüksək vəzifə” prezidentlikdir. 1989-cu ilə qədər İranda prezidentlik daha çox simvolik xarakter daşıyırdı. Lakin 1989-cu il konstitusiya dəyişikliyindən sonra İranda bir növ prezidentlik sistemi tətbiq olundu. Dini liderin müəyyən etdiyi ümumi qaydalara əsasən, prezident ölkənin mövcud siyasətini müəyyənləşdirir və həyata keçirir. Prezident konstitusiyanın icrasından məsuldur. O büdcəni öz kabineti ilə hazırlayır və Parlamentə təqdim edir. Prezident səfirləri təyin edir. O, həmçinin Parlamentdən referendum keçirilməsini tələb edə bilər. Prezidentlik müddəti 4 ildir və prezident xalq səsverməsi ilə seçilir. Ardıcıl olaraq ən çox iki dövr seçilmək hüququ vardır. Ancaq prezidentin səlahiyyətləri müəyyən məhdudiyyətlərə malikdir. İrandakı ikili quruluş prezidentin fəaliyyət dairəsini məhdudlaşdırır. Məsələn, xarici siyasətdə prezidentin təyin etdiyi xarici işlər nazirinin səlahiyyətləri əslində kifayət qədər məhduddur. Dini liderə bağlı təşkilatların, xüsusilə Ali Milli Təhlükəsizlik Şurasının və İnqilab Keşikçiləri Ordusunun komandirlərinin Xarici İşlər Nazirliyi ilə eyni sahədə səlahiyyət sahibi olduqları və sözlərinin xarici işlər nazirindən daha çox keçərli olduğu məlumdur”.
O, qeyd eib ki, namizəd olmaq üçün konstitusiyada bəzi şərtlər var. 115-ci maddədə “İran mənşəli və İran vətəndaşı olmaq, idarəetmə bacarıqlarının mövcud olması, keçmişində heç bir cinayət halının mövcud olmaması, etibarlılığa və dindarlığa sahib olmaq; İran İslam Respublikasının və ölkənin rəsmi məzhəbinin təməl dəyərlərinə sadiq qalmaq ” kimi ifadələr işlədilib və prezidentlərin “dini və siyasi ləyaqət sahibləri” arasından seçiləcəyi bildirilirib. Seçki komissiyası qarşıdan gələn seçkilər üçün bəzi əlavə kriteriyalar elan edib: 40-70 yaş arası, magistr dərəcəsi olan, hər hansı bir cinayətə görə məhkumiyyəti olmayan, inzibati vəzifələrdə ən azı 4 illik təcrübəsi olan şəxslərin namizəd ola biləcəyi vurğulanıb. Hər seçki dövründə qadınların namizədlik qeydləri olsa da, Seçki Şurasından heç vaxt təsdiq olunmayıblar, hansıki bu dəfə də elə oldu: “Prezident seçkisində səsvermə gecə saat 12-də başa çatıb. Səsvermə İran vaxtilə saat 6-da bitməli olsa da, 3 dəfə 2 saat olmaqla artırılıb. Seçki qərargahının nümayəndəsi Möhsün Eslaminin IRIB telekanalında verdiyi məlumata görə, 58,6 min seçki məntəqəsinin hamısında 24,5 milyon səs hesablanıb. Pezeşkiyan 10,4 milyon, Cəlili isə 9,5 milyon səs toplayıb. Məsud Pezeşkian səslərin 43 faizini, Səid Cəlili 38 faizinin toplayaraq ikinci tura keçib. İkinci tur iyulun 5-də keçiriləcək.
İranda Prezident seçkiləri ikinci tura qaldı. İran rejimi maraqlı və hiyləgər şou düzəldib. İlk növbədə əhalinin seçkiyə getməsini nisbətən təmin edə bilib. Azərbaycanlı namizəd Məsud Pezeşkiyanın seçkidə iştirakı seçkiyə rəngarənglik və canlanma gətirib. Amma əsas oyun ikinci tura hesablanıb. İkinci turda təbii ki, mühafizəkar namizədlərin səsləri toplanacaq və onlar qalib gələcək. Rejim azərbaycanlıları sınağa çəkir. Onların daxilində olan potensialı, fikirlərini öyrənmək istəyir. Beynəlxalq ictimaiyyətdə də demokratik seçki görüntüsü yaratmaq istəyir.Məsud Pezeşkiyanın açıq şəkildə azərbaycanlıların istəklərini dilə gətirməsi razılaşdırılmış gedişdir. Amma məğlubiyyətdən sonra fikir formalaşmalıdır ki, biz birlik olsaq da, qalib gələ bilmədik. Bu, azərbaycanlıların müqavimətini qırmağa hesablanmış oyundur”.
Amma İran rejimi azərbaycanlıları oyuna cəlb etməklə yanılır. Oyun olsa belə, bu, cənubi azərbaycanlıların gələcək proseslərdə təşkilatlanması üçün bir məşqdir, təcrübədir. Eyni zamanda oynanılan oyunun nəticələrini seçkinin sonunda gördükdən sonra daha da müəyyən fikirlər onlarda dəqiqləşəcək. Rejimin seçkidə onlara qeyd edilən təklifləri vermək fikrinin olmadığı aydınlaşacaq. Bu da rejimin lehinə işləməyəcək.
Namizədlərdən Səid Cəlili 2007-2013-cü illərdə xarici işlər nazirinin müavini vəzifəsində işləyib. O, eyni dövrdə nüvə məsələləri ilə bağlı danışıqlarda ölkəsinin nümayəndə heyətinin rəhbəri olub. Vəzifələrin çoxuna bilavasitə Ali Dini Rəhbər tərəfindən təyin olunub. Cəlili 2013-cü ildəki prezident seçkilərində ona verilən səslərin sayına görə üçüncü yeri qazanıb. Fəlsəfə doktoru olan Səid Cəlili “Qurandakı siyasi fikir” mövzusunda doktorluq dissertasiyasını yazıb. İran xəbər saytları onu islami “ideallara” sadiq və “sadə həyat” sürən bir ziyalı kimi təqdim ediblər. Mühafizəkar cəbhənin nümayəndəsi kimi seçkidə iştirak edir: “İslahatçı qanadın nümayəndəsi hesab edilən, 1954-cü il sentyabrın 29-da Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olan Pezeşkiyan isə İran parlamentində məclis üzvü kimi təbrizliləri təmsil edib. Məsud Pezeşkian prezident Məhəmməd Hatəminin administrasiyasında (2001-2005) səhiyyə naziri vəzifəsində çalışıb. Pezeşkiyan 8-ci, 9-cu, 10-cu və 11-ci məclislərdə millət vəkili seçilib. O, həmçinin 2016-2020-ci illərdə birinci vitse-prezident vəzifəsində çalışıb.
Təhsili üzrə ürək cərrahı olan Pezeşkian əvvəllər Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb və hazırda İranın şimalındakı bu nüfuzlu universitetin akademik heyətində işləyir. Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və "Ararat" klubunda erməni icması ilə görüşü zamanı "Qarabağ Ermənistandır, vəssalam" sözləri yazılmış plakatın qaldırılması əksər soydaşlarımızla birlikdə bəzi azərbaycanlı millət vəkillərinin, o cümlədən millət vəkili Məsud Pezeşkiyanın da etirazına səbəb olmuşdu. Seçki marafonunda Rəşid Behbudovun ifasında "Azərbaycanım" mahnısı da səsləndirilmişdi”.
A.Qasımovun fikrincə, İranda prezident seçkilərinin 2-ci turuna keçən namizədlər Səid Cəlili və Məsid Pezeşkian arasında ilk teledebat keçirilib. Debatda namizədlər daxili və xarici siyasət, mədəniyyət sahəsindəki proqramlarından danışıblar.
İran siyasətinin mühafizəkar qanadını təmsil edən Səid Cəlili “gücümüzü xalqımızdan alırıq” deyərək, seçiciləri cümə günü məntəqələrə gəlməyə çağırıb.
İnsanların ictimai fəallığını artımağın yollarından danışan Cəlili “mənim planlarımdan biri də odur ki, ölkənin xalq idarəçiliyi gündən-günə daha ciddi və müxtəlif sahələrdə səmərəli olsun” deyib.
Məsud Pezeşkian tənqidi fikrilər səsləndirib. O bildirib ki, xalqın 60 faizinin seçkiyə gəlməməsi qəbuledilməzdir: “Mahiyyət etibarı ilə İrandakı prezident seçki kampaniyasına hakimiyyətin düşünülmüş oyunu öz damğasını vurur. Namizədlərin çıxışları, xüsusən də, azərbaycanlı hesab edilən namizədin qulağa xoş gələn fikirləri, seçki marafonunda Azərbaycan adının pafoslu hallandırılması, həm də hesab edirəm ki, məqsədli hallandırılması düşünülmüş oyunun tərkib hissəsidir. Azərbaycan adı bu qədər əziz olan ölkədə azərbaycanlıların hüquqları bu qədər də pozula bilməz. Əslində bu, pozulmaq yox, məqsədli diskriminasiyadır desək yanılmarıq. Qeyd edilən azərbaycanlı namizəd əgər bu qədər Azərbaycansevəridisə indiyə kimi hansı nailiyyətlərə nail olub ki, azərbaycanlıların hüquq və azadlıqlarını qoruya, bərpa edə bilib? Hesab edirəm ki, bu, sadəcə bir şoudur və seçki başa çatandan sonra əvvəlki kimi proseslər davam edəcək. Təbii ki, İran dövlətinin daxili işləri onları əlaqədar edir. Kənardan fikir bildirməklə buna müdaxilə etmək fikrimiz yoxdur. Azərbaycanlı qardaşlarımızın kimi dəstəkləməsi də onların öz işidir. Təbii ki, ən azı öz millətindən olanı dəstəkləmək məntiqə uyğundur. Amma namizədin milli kimliyi hələ hər şey demək deyil. Əslində bu namizədin kürd pkk-çılarla əlaqəsindən də mediada fikirlərə rast gəlinir. Onun Təbrizdə Azərbaycan dilində, kürd bölgələrində kürd dilində danışdığı qeyd edilir. Bunda təbii ki, ciddi bir problem yoxdur, amma kürd dilində Qərbi Azərbaycan bölgələrinə azərbaycanlılar yaşayan ərazilərdə iyirmi ildir yürüdülən assimilyasiya siyasəti nəticəsində köçürülən kürd əhali qarşısında qanışılarsa, bu, ciddi problem, siqnaldır. Bu baxımdan kənardan bu seçkilərə azərbaycanlı qardaşlarımızın gələcəyi baxımından əhəmiyyət kəsb edən məsələlərdə məsləhət vermək bizim borcumuzdur. Kənardan məsələlərə baxış bucağı rejimin təbliğat maşınının təsir gücündən azad olduğu üçün daha doğru olur. Göründüyü kimi rejim öz namizədini bir-iki mahnı, qulağa xoş gələn fikirlə milli deyə Azərbaycan xalqına sırımağa çalışır. Hesab edirəm ki, İranın Azərbaycan bölgəsi hər şeyin fərqindədir. Kimin kim olduğunu yaxşı bilir. Bunun səbəbidir ki, azərbaycanlı əhalinin böyük əksəriyyəti seçkiyə getməyib.
İran rejimi seçkiyə buraxdığı namizədləri ələkdən keçirib. Onların rejimə sadiqliyindən şübhəsi yoxdur. İkinci turun nəticələri proqnozlara görə böyük ölçüdə bəllidir. Amma hansı namizədin seçilməsindən asılı olmayaraq yeni prezidentdən hansısa köklü dəyişikliklər gözləmək sadəlövhlük olar. Dəyişiklik gözləyən xalqın istəyinin həyata keçməsinin seçkidən keçmədiyini hamı kimi İran xalqı da yaxşı bilir”.
Cavid