• 22 İyul 2024
logo
HƏMAS ABŞ-nin atəşkəs planını rədd etdi: danışıqlar prosesi dalana dirənir

HƏMAS ABŞ-nin atəşkəs planını rədd etdi: danışıqlar prosesi dalana dirənir

Əli Zülfüqaroğlu: “Hazırki hökumət İsraili çox çətin vəziyyətə salıb”

“İsrail hökuməti tərəfindən HƏMAS-ın tamamilə aradan qaldırılması ilə bağlı yürüdülən hərbi və siyasi fəaliyyətin heç bir effekti olmadığını gördük”. Bu sözləri Yenicag.az-a açıqlamasında Siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. Siyasi təhlilçi HƏMAS rəsmilərinin ABŞ-nin irəli sürdüyü atəşkəs planını rədd etməsinin səbəblərini izah edib.
Onun sözlərinə görə, Qəzzada qırğınların törədilməsi, Rəfaha hücumlar və digər addımlar atıldı, lakin bu, HƏMAS-ın 7 oktyabr hücumuna qarşı adekvat bir addım olmadı: “Əksinə, Təl-Əviv administrasiyasının beynəlxalq imicinin zədələnməsinə, eləcə də İsraillə normal münasibətləri olan ölkələrin belə onunla əlaqələrini yenidən gözdən keçirməsinə gətirib çıxardı.
Müharibənin gedişatında kirli informasiyaların şahidi olduq. Halbuki İsrail hökumətinə bağlı, eyni zamanda, transmilli media orqanlarında HƏMAS-ın məhv edilməsi istiqamətində çox təbliğat aparıldığını gördük. Lakin nəticə onu göstərdi ki, HƏMAS-ın məhv edilməsi ilə bağlı İsrail həlledici addım ata bilməyib, gözlənildiyindən artıq itki verib və planlar uğursuzluqla nəticələnib. Qəzzada dəhşətli qırğınların törədilməsindən sonra İsrail heç nə əldə etməyib, Təl-Əvivin beynəlxalq imici zədələnib, İsrailə qarşı Təl-Əvivə dost olan ölkələr belə hazırki hökumətə qarşı sərt bəyanatlar verir, etirazlar bildirirlər. Eyni zamanda Beynəlxalq Cinayət Məhkəməsində İsraillə bağlı problem yaranıb. Bütün bunlar İsraili getdikcə daha çox təcrid və təhdid edir”.
Ə. Zülfüqaroğluya görə, hazırki hökumət İsraili çox çətin bir vəziyyətə gətirib çıxarıb: “Bundan əlavə, İsraillə ABŞ arasında da problemlərin yarandığının şahidi oluruq. Eyni zamanda, İsraillə Yaxın Şərq ölkələri arasında kifayət qədər gərgin münasibətlər var. Netenyahunun siyasəti beynəlxalq təzyiqləri artıb, gözləmə mövqeyində olan Avropa ölkələrinin Fələstini dövlət kimi tanımasına gətirib çıxarıb. İsraildə baş nazir Benyamin Netanyahu başda olmaqla ölkənin müdafiə naziri və koalision hökumətin formalaşmasında həlledici rol oynayan digər önəmli fiqurlar qətiyyətli şəkildə müharibənin davam etdirilməsinin tərəfdarıdırlar. Onlar HƏMAS-la danışıqlarda səmimi deyillər və fələstinli əsirlərin azad olunması ilə bağlı tələblərə adekvat reaksiya vermirlər”.
Siyasi şərhçi əlavə edib ki, Misir və ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar da heç bir effekt vermədi və girovların qaytarılması ilə bağlı razılaşma əldə edilmədi: “Bu isə təbii ki, danışıqlar prosesinin dalana dirənməsinə gətirib çıxardı. Bundan sonra da HƏMAS hərbi əməliyyatların davam etdirilməsinə qərar verdi. Bu gün HƏMAS-a kifayət qədər dəstək var və Yaxın Şərqdə ABŞ və İsrailə qarşı formalaşan ittifaq çox güclüdür. Yəni geosiyasi durum o qədər dəyişib ki, artıq ABŞ-nin Yaxın Şərqdəki mövqeləri sarsılıb. Bu isə HƏMAS-a silahların verilməsi, habelə dəstəyin arıtırlması ilə bağlı müxtəlif ölkələrin daha çox səy göstərməsinə gətirib çıxarıb. Burada Çin, Rusiya, Türkiyə və digər ölkələri misal göstərə bilərik. Ona görə də vəziyyət düşünüldüyü kimi deyil, HƏMAS sıradan çıxarılmayıb, HƏMAS-a ciddi dəstək verilir”.
Onun fikrincə, bu gün İsrailin hazırki hökumətinə qarşı ölkə daxilində də çox ciddi etirazlar var: “Eyni zamanda, sionist olmayan yəhudilər var ki, dünyada hazırkı hökumətin apardığı siyasətə qarşı kəskin mövqe ortaya qoyurlar. Bu isə indiki koalision hökuməti, əslində teokratik rejimi çıxılmaz vəziyyətə salır. Bu da onu deməyə əsas verir ki, HƏMAS-la təmasda olan dövlətlər İsrail hökumətinə qarşı aparılan hücumların davam etdirilməsinin tərəfdarıdırlar. Netenyahunun yarıtmaz siyasəti hökumət daxilində də problemlər yaratdı. Hərbi kabinetin önəmli üzvlərindən biri, ABŞ ilə yüksək səviyyədə əlaqələrə malik, eyni zamanda İsrail hökumətinə beynəlxalq dəstəyin davam etməsi üçün həlledici rol oynayan Benni Qantz hökumətin siyasətinə etiraz olaraq istefa verdi. Bütün bu və digər proseslər onu deməyə əsas verir ki, İsrail hökuməti üçün qarşıda daha ciddi problemlər yaranacaq. Eyni zamanda Netenyahu başda olmaqla, digər israilli hərbi-siyasi rəsmilərin sorğulanması perspektivləri kifayət qədər çoxdur. Artıq siyasi karyerası bitən və beynəlxalq cvinayət törədən Netenyahunun yeganə ümid yeri Trampın ABŞ-də hakimiyyətə gəlməsidir. O, düşünür ki, Tramp hakimiyyətə gələrsə İsrail hökumətinə dəstək verəcək və Netenyahu düşdüyü durumdan xilas olacaq. Ona görə də, ABŞ-dəki seçkiyə qədər Yaxın Şərqdə gərgin vəziyyətin davam etməsi geriyə yolu olmayan Netenyahunun yeganə, eyni zamanda qeyri-müəyyən ümid yeridir. Hesab edirəm ki, HƏMAS-ın atdığı addımlar təsadüfi deyil, müəyyən planlara hesablanıb. Bundan sonra İsrail hökumətini həm HƏMAS, həm “Hizbullah” həm də daxili-xarici təzyiqlərlə mübarizə gözləyir”.