• 20 İyun 2024
logo
“İstərdik ki, səmimi olaraq elan etdikləri yolun doğruluğuna inansınlar”

“İstərdik ki, səmimi olaraq elan etdikləri yolun doğruluğuna inansınlar”

Qüdrət Həsənquliyev: “Əgər Musavatın indiki siyasi kursu demokratiyanın və siyasi sistemin inkişafına töhfə verəcəksə, alqışlayırıq”

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:

- Qüdrət bəy, əksəriyyəti iqtidarın əməkdaşlıqdan imtina etməsi səbəbindən Qərbin trollarına çevrilmiş şəxslərin Musavat partiyasının yeni siyasi kursuna qarşı çıxması barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Musavatın sonuncu qurultayında yenidən sədr seçilmiş İsa Qəmbərin konstruktiv mövqe ortaya qoymasının bu cür hücumlara məruz qalması təbiidir. Düz 23 il əvvəl mən deyirdim ki, barışmazlıq ölkəmizdə nə siyasi sistemin, nə də demokratiyanın inkişafına töhfə verməcəyək, ancaq həmin şəxslərə və onların yaxınlarına mərhumiyyətlər yaşadacaq, demokratik inkişaf prosesinə mənfi təsir göstərəcək. Deyirdik ki,bizim konstruktiv mövqeyimizlə yox, siz yersiz radikallığınızla iqtidarı bu günə qədər əldə olunmuş bir çox azadlıqlardan geri çəkilməyə vadar edəcəksiniz. Demokratiya, insan haqları və qanunun aliliyi ilə bağlı çatışmamazlıqlar daha çox xalqın inkişaf səviyyəsinə bağlı məsələdir. Buna görə iqtidarın məsuliyyəti olsa da onu “asıb-kəsmək” heç nə verməyəcək. İqtidarla əməkdaşlıq lazımdı. İqtidarlar prosesləri sürətləndirə, yaxud yavaşlada, ləngidə bilər, amma hər şey xalqın iradəsindən və geosiyasi vəziyyətdən asılıdır. O zaman Musavat qarışıq indi iqtidarın təbliğatçılarına cevrilmiş çoxları bizə daha amansız hücumlar edirdilər. Zaman keçdi, başladılar xalqı qınamağa, bəzən təhqir etməyə ki, xalq niyə bu iqtidara dözür. Biz isə o zaman deyirdik ki, Elçibəy demişkən, zamana ehtiyac var. Xalqı qınamaq yox, onu yeni cəmiyyət quruculuğuna hazırlamaq lazımdı. İnsanlarımız hazır olanda və geosiyasi reallıqlar islahatların ölkəmizin əleyhinə çevrilməyəcəyini şərtləndirəndə biz, inkişafın yeni mərhələsinə keçid edə biləcəyik. Məmnunuq ki, zamanla hamı bizim təqdim etdiyimiz yolun alternativinin olmadığını qəbul edir.

- İsa Qəmbərin partiya sədrliyinə qayıtması iqtidarla razılaşdırılmış bir addıma oxşayır, yoxsa İsa Qəmbər düşünür ki, regionda baş verən geosiyasi dəyişikliklər ölkəmizə təsir edə və ən azı onun deputat seçilməsini şərtləndirə bilər ?

- Fərq etməz hansı motivlə konstruktiv mövqe sərgiləməyin zərurətindən danışırlar. İstərdik ki, onlar səmimi olaraq elan etdikləri yolun doğruluğuna inansınlar və bu yola sadiq olsunlar. Dediklərinizin ikisi bir yerdə və ya ayrı-ayrılıqda da ola bilər. Qeyd etmək istəmədiyim başqa ehtimallar da ola bilər. Əgər Musavatın indiki siyasi kursu demokratiyanın və siyasi sistemin inkişafına töhfə verəcəksə, alqışlayırıq.

- Qüdrət bəy, İran prezidentinin faciəvi şəkildə ölümü İranda köklü dəyişikliklərə yol aça bilərmi?

- Allah rəhmət eləsin. Köklü dəyişikliklər üçün cəmiyyət, insanlar dəyişməlidir ki, bu siyasi sistemin dəyişməsinə yol açsın. Seçkilərin nəticələri və aparılan islahatlar cəmiyyətdə baş vermiş dəyişikliklərin hüquq müstəvisində rəsmiləşdirilməsidir. Görünən odur ki, İranda çoxluq böyük dəyişiklikləri dəstəkləməyə hazır deyil. Doğrusunu Allah bilir. Xeyirlisi Allahdan… Gözləyək. Biz İranın dinc inkişaf yolunun tərəfdarıyıq.