• 21 May 2024
logo
“Paşinyan istefaya məcbur edilə bilər”

“Paşinyan istefaya məcbur edilə bilər”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasını sədrinin müavini Elçin Mirzəbəylinin “Xalq cəbhəsi” qəzetinə müsahibəsini oxuculara təqdim edirik:

- Elçin bəy, delimitasiya prosesi çərçivəsində Ermənsitan Azərbaycanın anlkav olmayan kəndlərinin azad edilməsi ilə bağlı öhdəliyini yerinə yetirdi. Digər 4 kəndin də geri qan tökülmədən qaytarılıması, Zəngəzur dəhlizinin açıqlması mümkün olacaqmı?
- Azərbaycanın irəli sürdüyü tələblər, Ermənistandan fərqli olaraq, beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi və müasir reallıqlara söykənir. Məhz bu baxımdan da, proses Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı əldə olunan son razılaşmalara uyğun aparılmalıdır. Bunun alternativi yoxdur. Müasir dövrdə dövlətlərin sərhədləri “Mesrop belə yazmışdı”, “Qaragin belə demişdi” kimi mistik iddialarla müəyyənləşmir. Əgər Ermənistan Almatı bəyannaməsinin prinsiplərini qəbul etdiyini və Azərbaycanın ərazi bütövlüyünü də bu bəyannamə əsasında tanıdığını bildirirsə, deməli, o zaman Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olan bütün inzibati ərazi subyektlərindən geri çəkilməlidir. Zəngəzur dəhlizinin açılmasına gəldikdə isə, bu, 10 noyabr 2020-ci il bəyanatının tələbidir və Ermənistan dəhlizlə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əks təqdirdə, ilk növbədə bu öhdəliyin yerinə yetirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi qaçılmaz olacaq. Ermənistanın öz öhdəliklərinə məsuliyyətlə yanaşmayacağı təqdirdə, hələ də qüvvədə olan və SSRİ dövründə bir sıra müddəaları pozulmuş Qars müqaviləsinin tələbləri gündəmə gələ bilər. Yəni 1921-ci il Qars müqaviləsinə zidd olaraq Türkiyənin mövqeyi öyrənilmədən Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən 1929-31-ci illərdə qanunsuz olaraq Naxçıvanın Ermənistana verilmiş yaşayış məntəqələri üzərində, Naxçıvanın ümumi ərazisinin 15 %-ni təşkil edən 657 kv.km –lik sahədə dövlət suverenliyinin bərpa edilməsi, anklavlara quru yolunun açılması gündəmə gələ bilər.
- Prezident İlham Əliyev Şuşada sakinlərlə keçirdiyi görüşdə bəyan etdi ki, həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar, peşman olacaqlar. Dövlət başçısı bununla nə demək istəyirdi?
- Azərbaycan, təkcə Cənubi Qafqazın deyil, Qərbi və Mərkəzi Asiyanın, bütövlükdə isə Avrasiyanın açar ölkələrindən biridir. Digər tərəfdən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-dən çoxu 30 ilə yaxın Ermənistanın işğalı altında olub, dağıdılıb, yaşanmaz hala gətirilib. İlkin hesablamalara görə, işğal nəticəsində Azərbaycana 900 milyard ABŞ dollarına yaxın ziyan dəyib. Bu rəqəm hələ işğalın doğurduğu nəticələrin yaratdığı zərəri ifadə etmir. Bütün bunlara görə isə, təkcə Ermənistan deyil, 30 ilə yaxın zaman kəsiyində işğala son qoyulması üçün beynəlxalq öhdəliklərini yerinə yetirməyən mərkəzlər də məsuliyyət daşıyırlar. Bu baxımdan, Azərbaycanın BMT qətnamələrinin icrasını öz gücü hesabına təmin etdiyi heç vaxt unudulmamalı və bu reallığa uyğun da davranışlar sərgilənməlidir. Geridə qalan zaman kəsiyi, işğal və onun doğurduğu nəticələr, həmçinin işğalın 30 ilə yaxın davam etməsinə öz hərəkətləri və hərəkətsizlikləri ilə dəstək verənlərin davranışları, onlara etimadlı münasibət bəsləməyə əsas vermir. Bu gün Ermənistanda revanşçı meyllərin stimullaşdırılması, bu ölkənin silahlandırılması istiqamətində atılan addımların yaratdığı mənzərə Azərbaycanın ərazi bütövlüyünə və təhlükəslizyinə təhdidlərin hələ də aradan qaldırılmadığını göstərir. Torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində Azərbaycan Prezidenti dəfələrlə Ermənistanı və himayəçilərini xəbərdar etmişdi ki, ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına, yaxud yurd yerlərimizin ilhaqına heç bir halda imkan verilməyəcək. Bu xəbərdarlığın nəticəsi, indi göz önündədir və bütün baş verənlərdən ilk növbədə Ermənistan və himayəçiləri nəticə çıxarmalıdır. Bu səbəbdən, Azərbaycan heç bir zaman Ermənistanda revanşçı meyllərin ölkəmiz və xalqımız üçün təhlükəli həddə çatmasına, bu ölkənin militarist, təcavüzkar siyasətinə qayıdışına imkan verməyəcək. Əgər Ermənistana ölümcül silahların verilməsi müşahidə olunarsa, yenidən təcavüz üçün silahlanma meylləri nəzərə çarparsa, o zaman Azərbaycan bu potensialın qəsbkarlıq məqsədilə hərəkətə gətirilməsini gözləməyəcək. İlk növbədə Azərbaycan Konstitusiyası və dugər hüquqi-normativ aktları, ölkəmizin hərbi doktrinası, beynəlxalq hüququn norma və prinsipləri də buna imkan verir.
Beynəlxalq hüquq doktrinasında özünümüdafiə institutunun yeni forması, yəni "önləyici özünümüdafiə" son 30 il ərzində dəfələrlə, o cümlədən Birləşmiş Ştatlar və müttəfiqləri tərəfindən tətbiq olunub.
BMT Nizamnaməsi sülhə, sülhün pozulmasına və ya təcavüz aktına cavab olaraq önləyici və ya məcburedici tədbirlərin tətbiq oluna biləcəyini müəyyən edir.
Bu baxımdan, Ermənistan ərazisindən Azərbaycana qarşı yönələn istənilən təhlükəyə görə, hətta bu təhlükə dövlətin birbaşa iştirakı və təhriki ilə həyata keçirilməsə də belə, rəsmi İrəvan məsuliyyət daşıyacaq. Beynəlxalq təcrübəyə müraciət edək:
Beynəlxalq Ədalət Məhkəməsinin "Nikaraqua ABŞ-a qarşı" işi üzrə qərarında qeyd olunur ki, silahlı hücum təkcə nizami ordunun hərəkətlərini əhatə etmir. Yəni, başqa dövlətin ərazisində fəaliyyət göstərən, onun göndərdiyi muzdluların və terrorçuların silahlı dəstələri vasitəsilə əhali arasında xeyli insan tələfatı ilə nəticələnən terror aktları törədən, yaxud törətməyə hazırlaşan dövlət beynəlxalq hüquq normaları çərçivəsində təcavüz aktı törətmiş hesab olunur. Müvafiq olaraq, təsirə məruz qalan dövlət BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna malikdir və düşmənin qəfil hücuma məruz qalmamaq üçün təcavüz aktının həyata keçiriləcəyi ölkəyə qarşı qabaqlayıcı tədbirlər həyata keçirə bilər.
Məhz bu baxımdan, Prezident İlham Əliyevin Ermənistanı silahlandırmaqla revanşçı meyllərin güclənməsinə, təcavüzə zəmin yaratmağa çalışan tərəflərə xəbardarlığı Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bu o deməkdir ki, Azərbaycan Respublikası öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək, ərazi bütövlüyünü, suverenliyini qorumaq üçün istənilən təhlükəyə qarşı hərəkətə keçəcək və qabaqlayıcı tədbirlər görəcək
- Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Almatıda baş tutan görüşü və onun danışıqlar prosesində mümkün nəticələrini necə qiymətləndirirsiniz?
- Xarici işlər nazirlərinin Almatı görüşündə prinsipial məsələlərlə bağlı razılığın əldə edilmədiyi bildirilir. Ola bilsin ki, görüşə və yaxud görüşlə bağlı verilən açıqlamalara hazırda Ermənistanda cərəyan edən proseslər də təsir göstərib. Real mənzərə, çox güman ki, yaxın günlərdə daha aydsın görünəcək.
- Bildiyiniz kimi, hazırda İrəvanda keşiş Baqratın rəhbərliyi ilə etiraz aksiyaları keçirilir. Bu, təkcə siyasi müxalifətin deyil, kilsənin də Paşinyana qarşı olduğu anlamına gəlirmi?
- Öncə qeyd edim ki, ermənsi Qriqoryan kilsəsi dini subyekt olmaqdan daha çox millətçi, irqçi təsisat kimi fəaliyyət göstərir və təsadüfi deyil ki, Qnçak, Daşnaksütun kimi ultramillətçi təşkilatların, ASSALA kimi terror qruplarının yaranmasında iştirak edib. Hazırda Ermənistanda cərəyan edən proseslər də bunu sübuta yetirir. Hazırda Nikol Paşinyanın prototipi olaraq ortaya atılan keşiş Baqratın və dəstəkçilərinin legitim yolla hakimiyyəti dəyişmək imkanı yoxdur, ya Paşinyan özü istefa verməlidir, ya da hansısa vasitəylə istefaya məcbur edilməlidir. Paşinyanın xoşluqla istefa verəcəyi inandırıcı görünmür. Kilsənin Paşinyana qarşı çıxış etməsinə gəldikdə isə, burada siyasi sifarişlə yanaşı irqçi din adamlarının öz maraqları da var. Məlum olduğu kimi kilsə ilə Paşinyan arasında qarşıdurma, ermənistanın baş naziri hakimiyyətə gəldiyi gündən davam edir. Bunun səbəblərindən biri də Nikol Paşinyanın konstitusiyada dəyişiklik etmək və kilsə ilə bağlı müddəanı ölkənin əsas qanunundan çıxarmaq niyyətidir. Yəni kilsə həm də kontitusion statusunun qorunması üçün Paşinyanı yola salmağa çalışır.
- Necə düşünürsünüz, Paşinyan hakimiyyətini qoruyub saxlaya biləcəkmi?
- Bu suala birmənalı cavab vermək çox çətindir. Ola bilsin ki, bu, Paşinyanın hakimiyyətinə son qoyulması üçün sonuncu cəhd deyil. Amma növbəti cəhdlərdən birində Ermənistanın baş naziri istefaya məcbur edilə bilər.

Günel Elxan