• 21 May 2024
logo
“Gürcüstan və Ermənistana fərqli yanaşma...”

“Gürcüstan və Ermənistana fərqli yanaşma...”

Asif Nərimanlı: “Ümumilikdə demokratik dəyərlər üzərindən siyasət yürüdənn Qərbin gerçək simasını ifşa edir”

Mübariz Göyüşlü: “Qərb ölkələrinin müdaxiləsi və ikili standart yanaşmaları müşahidə olunur”

Bu gün Gürcüstanda və Ermənistanda baş verən proseslər Qərbin riyakar siyasət yürütdüyünü ifşa edir. Hər iki ölkəyə obyektiv deyil, fərqli və qərəzli yanaşma sərgilənməsi dərs çıxarılması üçün önəmli arqumentlərdir. Ekspertlər baş verənləri “Xalq Cəbhəsi”nə şərh ediblər.
Siyasi şərhçi Asif Nərimanlı “Xalq Cəbhəsi”nə açıqlamasında deyib ki,
Gürcüstanda və Ermənistanda baş verənlərin siyasi tərəflərini bir kənara qoysaq, insan haqlarının təməl prinsiplərinə, xüsusilə sərbəst toplşmaq, söz azadlığı və bu kimi demokratik dəyərlərə qarşıdır. O, bildirib ki, bu halda insan haqları, söz azadlığı kimi dəyərləri müdafiə etdiklərini iddia edən Qərb təşkilatları hər iki ölkədə baş verənlərə eyni münasibət sərgiləməlidir: “Hərçənd, tamam fərqli mənzərə yaranıb.
Gürcüstanda etirazlar davam etdiyi halda, hakimiyyətin sərt müdaxiləsi baş vermir, yaxud inzibati resurslardan istifadə halları azdır. Lakin Ermənistanda sərt müdaxilə, inzibati resurslardan istifadə göz önündədir, həmçinin, etirazlara qoşunların işdən çıxarılması kimi hallar da yaşanır. Qərb isə bu gün Gürcüstanı insan haqlarını pozmaqda ittiham etdiyi halda, Ermənistanla bağlı isə susqunluq nümayiş etdirir, hətta hakimiyyətə dəstək açıqlamalarının verildiyini görürük. Misal üçün, Ermənistanda jurnalistlərin döyülməsi, həbs edilməsi halları artıb, lakin jurnalist hüquqlarının müdafiəsi sahəsi üzrə ixtisaslaşmış “Human Rights Watch”, “Amnesty İnternational”, “Fredoom House” kimi təşkilatlar bu məsələyə heç bir reaksiya verməyiblər. Bütün bunlar bir daha təsdiq edir ki, Qərb üçün demokratik dəyərlər – insan haqları, söz azadlığı sadəcə siyasi alətdən başqa bir şey deyil. Bu gün Ermənistan hakimiyyətinin siyasi mövqeyi Qərbə yaxın olduğu üçün onların etirazçılara qarşı güc tətbiqini görməzdən gəlirlər, Gürcüstanda isə hökumət Qərbin marağında olmayan addım atdığı üçün orada insan haqlarının pozulduğu iddia edilir.
Gürcüstan və Ermənistana fərqli yanaşma insan haqları, söz azadlığı üzrə ixtisaslaşmış təşkilatların, ümumilikdə demokratik dəyərlər üzərindən siyasət yürüdən Qərbin gerçək simasını ifşa edir”.
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü isə qeyd edib ki, Gürcüstanda və Ermənistanda siyasi durum gərgin olması ilə yanaşı müəyyən diqqətçəkən məqamları da üzə çıxarır. Onun sözlərinə görə, proseslərə kənar müdaxilələr vəziyyəti daha da gərinləşdirir: “Qərb ölkələrinin müdaxiləsi və ikili standart yanaşmaları müşahidə olunur. Çalışırlrar ki, Gürcüstanda durum daha da gərginləşsin, bunun üçün qızışdırıcı addımlar atırlar. Məsələ burasındadır ki, Qərb ölkələri, təşkilatları və siyasiləri Gürcüstandakı etirazlara bir cür, Ermənistandakına isə bir başqa cür baxırlar.
Gürcüstanda gedən proseslərə hətta qərbli siyasətçilər mitinqlərə qatılaraq iştirak edirlər. Burada polis qanun pozan aksiya iştirakçısına qarşı sərt davranış göstərdikdə bu, Qərbdə geniş əks səda doğurur. Gürcüstan hakimiyyəti sərt tənqidlərlə üzləşir.
Lakin Ermənistanda aksiyada iştirakçılar polis zorakılığına məruz qalanda, jurnalistlər döyüləndə, hətta öldürüləndə belə Qərb ölkələri səssiz qalırlar.
Bu Qərbin ikili standart yanaşmasının bariz göztəricisidir. Belə münasibət onların demokratiya istəyində səmimi olmadığını sübut edir. Üstəlik bu cür qərəzli yanaşmalarla Qərbin Cənubi qafqaz ölkələrinə, regiona daixl olmaq səyləri nəticə verməyəcək”.

Əli