• 17 May 2024
logo
İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində Qazaxın 4 kəndini niyə qaytardıqlarını erməni ictimai rəyinə izah etməyə çalışıb. Bu, həm də Ermənistanın sərhədlə bağlı planını anlamağa imkan verir.

Nikolun dedikləri Ermənistanın 4 kəndi iki məqsəd üçün qaytardığını ortaya çıxarır:

Birincisi, bu kəndləri qaytarmaqla Azərbaycanın Almatı Bəyannaməsindən yayınmasının qarşısını alırlar;

İkincisi, sərhədin delimitasiya-demarkasiya prosesinin Almatı Bəyannaməsinə uyğun aparılmasını praktiki müstəviyə keçirirlər;

Erməni baş nazir “Azərbaycanın sərhədin digər hissələri ilə bağlı yeni tələblər irəli sürmək ehtimalı nə qədərdir” sualına cavabında deyib ki, “mövqelərimizin legitimliyi Azərbaycana bu imkanı verməyəcək”. Paşinyan “mövqelərinin legitimliyini” həm 2022-ci ildə Praqa görüşü və sonrasında Bakı və İrəvan arasında Almatı Bəyannaməsinə istinad edilməsi, həm 19 aprel razılaşması, həm də ABŞ başda olmaqla dünya ölkələrinin sərhədin bu bəyannamə əsasında demarkasiyasını alqışlaması ilə əsaslandırır.

Daha öncə də bu haqda yazmışdıq: Ermənistan 4 kəndi qaytarmaqla Almatı Bəyannaməsini praktiki müstəviyə keçidini təmin etmək və sərhədin bu prinsiplə müəyyənləşməsini legitimləşdirmək gedişi edir. Və bununla sərhədi SSRİ dağılanda mövcud olan xətlərə uyğun yenidən çəkməyi, Azərbaycan ordusunu şərti sərhəddə dayandığı mövqelərdən SSRİ dağılanda mövcud olan xətlərə qaytarmağı, ümumilikdə Ermənistanın hazırkı ərazisini saxlamağı hədəfləyir. Çünki anlayır ki, sərhədin şərti olması Azərbaycanın sovetlər dövründə ermənilərə verilən ərazilərinə doğru irəliləməsi üçün “qapının daim açıq qalması” deməkdir.

Almatı Bəyannaməsində isə sərhədlə bağlı yalnız bir qeyd var: “Bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək”. Bu sənəd 1991-ci ildə imzalanandan sonra Ermənistan onu pozaraq, Azərbaycan torpaqlarının işğalına davam edib. Lakin İrəvanda hesab edirlər ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyıblar, buna görə rəsmi Bakı da eyni prinsiplə Ermənistanın ərzisini tanımalı, 1991-ci il sərhədlərini qəbul etməlidir. Yəni rəsmi İrəvan 30 il ərzində baş verənləri – işğalı, vurduqları ziyanı, torpaqların müharibə yolu ilə azad edilməsini, dəstəklədikləri separatizmin güc yolu ilə ləğvini bir kənara qoyub, Ermənistanın mövcud ərazisini qorumaq istəyir. Və bu mövqelərini legitimləşdirmək üçün 2022-ci ilin Praqa görüşündən tutmuş 19 aprel razılaşmasına qədər olanları arqument kimi irəli sürürlər.

Sual yaranır: Azərbaycanın sərhədin müəyyənləşməsində Almatı Bəyannaməsini əsas götürmək öhdəliyi varmı?

Birincisi, Praqa görüşündə Almatı Bəyannaməsinə istinad edilməsi, daha sonra digər görüşlərdə bu məqamın vurğulanması əsasən şifahi şəkildə baş verib: bunun qəbul edilməsi iki il öncəsinin siyasi şərtlərinə uyğun addım idi, çünki Qarabağda erməni separatizmi davam edirdi və Bakı bu gedişlə Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasını təmin edərək, Rusiyanı fakt qarşısında qoydu, sülhməramlıların çıxması bunun məntiqi nəticəsidir;

İkincisi, 19 aprel razılaşmasında sərhədin müəyyənləşməsi üçün irəli sürülən əsasnamədə Almatı Bəyannaməsi baza prinsipi kimi göstərilsə də, orada “sülh sazişində başqa qərar verilərsə, bu əsasnamədəki prinsip dəyişdirilə bilər” qeydi delimitasiya prosesində yanaşmanın dəyişməsi imkanı verir;

Aydındır ki, Bakı 4 kəndin qaytarılması üçün İrəvanın Almatı Bəyannaməsinə istinad edilməsi mövqeyini qəbul edib, amma sülh sazişində prinsipin dəyişdirilməsi imkanını da saxlayır. Və sülh sazişində bu imkandan istifadə edəcəyi gözləniləndir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da “Əl-Cəzirə” telakanalına müsahibəsində bildirib ki, Azərbaycan sülh sazişində Almatı Bəyannaməsinə aydın şəkildə istinad edilməsini istəmir. Bakının İrəvana göndərdiyi sülh müqaviləsi ilə bağlı son variantda da bu yanaşma yer alır.

Azərbaycan haqlıdır: Ermənistan 1991-ci il sərhədlərini əldə etmək istəyir, bu sərhədlərə Gədəbəyin Başkəndi də daxildir və bütün bunların qarşılığında heç nəyi güzəştə getmək niyyətində deyil. Bakı üstün tərəf olaraq, niyə İrəvanın istəyini qəbul etməlidir ki?!

Asif Nərimanlı