Neokolonializm müasir Fransanın, yenidən dünya gücü olmaq hikkəsindən və başqalarının ac-yalavac qalması hesabına “fransız xalqına kef çəkdirmək” həvəsindən qaynaqlanır. Və bu müftəxor, iyrənc istismarçılğın sərhədləri kiçildikcə, əli “müftə” sərvətlərdən üzülən, verdikləri vədləri, ənənəvi olaraq qəsb etdikləri milyardların hesabına həyata keçirə bilmədikləri üçün dünyanın dörd bir yanına nifrət püskürən fransız siyasətçiləri qəzəblərindən çat veririlər.
Fransanın sabiq prezidenti Jak Şirak bir zamanlar fransız xalqının Afrikanın amansızcasına istismarı və Afrika xalqlarının faciələri üzərində “kef çəkdiyinə” işarə edək deyirdi: “Tanrıya şükür, vəziyyət elədir ki, cüzdanımızdakı pulların çox hissəsi əsrlərdir istismar etdiyimiz Afrikadan gəlir”. Bəli, göründüyü kimi, Fransa prezidentləri başqalarını istismar etdiklərinə, milyonlarla günahsız insanı ac-yalavac qoyduqlarına görə Tanrıya şükr edirlər. Və bəzən mənə elə gəlir ki, Fransanın və Ermənistanın “Tanrı” anlayışı, dünyada yaşayan digər insanların Yaradanla bağlı təsəvvürlərindən tamamilə fərqlənir. Fransızların cüzdanındakı pulların əsrlərdir istismar edilən Afrikadan gəlməsi ilə öyünən, fərəhlənən bir dövlətdən və onun adları dəyişsə də əməlləri dəyişməyən başçılarından, siyasətçilərindən başqa nə gözləmək olar?
Azərbaycan Fransanın neokolonializm siyasətinə qarşı sərgilədiyi prinsipial mövqe, müstəmləkəçiliyin bütün forma və təzahürlərinin aradan qaldırılması, eləcə də fransız müstəmləkələrinin Fransanın zülmündən xilas edilməsi müstəvisində ardıcıl siyasət nümayiş etdirir. Bu, ölkəmizin beynəlxalq münasibətlər sisteminin bütün istiqamətlərində beynəlxalq hüququn norma və prinsiplərini, fundamental insan hüquq və azadlıqlarını bütün digər aspektlərdən üstün tutduğunu təsdiqləyir.
BMT Baş Assambleyasının “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməsinin qəbul olunmasından 64 il keçməsinə baxmayaraq, Fransanın hələ də sözügedən sənədin tələblərinə əməl etməməsi, neokolonializmin rəsmi Parisin siyasi mahiyyətini təşkil etdiyini göstərir.
BMT Baş Assambleyasının “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməsində qeyd olunur ki, “xalqların yad boyunduruğuna və hökmranlığına tabe edilməsi və onların istismarı əsas insan hüquqlarının inkarıdır, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə ziddir və bütün dünyada əməkdaşlığın inkişafına və sülhün bərqərar olmasına mane olur”. Bəyannamədə BMT üzvü olan bütün dövlətlərin qarşısında müstəmləkəçiliyin hər cür forma və təzahürlərinə son qoyulması tələb olunur. Burada bildirilir ki, müstəmləkələrdə yaşayan xalqlara “irqindən, dinindən və ya rəngindən asılı olmayaraq, heç bir şərt olmadan və ya qeyd-şərtsiz, tam müstəqillik və azadlıqdan istifadə etmək imkanı verilməlidir.
BMT Baş Assambleyasının “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməsinə, bir sıra beynəlxalq sənədlərdə, o cümlədən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında”, “Aparteid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” və digər konvensiyalarda istinad olunaraq bildirilir ki, müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi kontekstində “azadlıq prosesini dayandırmaq və ya geri qaytarmaq mümkün deyil, insan ləyaqəti, tərəqqi və ədalət naminə müstəmləkəçiliyə və bütün əlaqəli seqreqasiya, ayrı-seçkiliyə son qoyulmalıdır.
Sözügedən Bəyannamənin yerinə yetirilməsi istiqamətində 64 il əvvəl üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəməyən, müstəmləkə ərazilərində mövcudluğunu qoruyub saxlamaq üçün kolonializmin yeni forma və təzahürlərinin tətbiqinə çalışan Fransanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərində həyata keçirdiyi, ölkə vətəndaşlarının təhlükəsizliyinə, humanizm prinsiplərinin, insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən legitim addımlarına qarşı sərgilədiyi qərəzli mövqe, yumşaq desək, riyakarlığın, siyasi əxlaqsızlığın və həyasızlığın son həddidir.
Prezident İlham Əliyevin “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında qeyd etdiyi kimi, dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil: “Bu, assimilyasiyaya, məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.
Fransa həqiqətləri tamamilə haqlı və ədalətli bir şəkildə beynəlxalq gündəliyə daşıyanlara qarşı bütün resurslarından istifadə edərək diskriminasiya siyasəti yürüdür. Şübhəsiz ki, bütün bunlar özünü “qlobal güc” kimi göstərmək üçün uğursuz manevrlərini davam etdirən Fransanın neomüstəmləkəçi siyasətinin ifşa olunmasına maneə yarada bilməz. Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq, Azərbaycan üçün ədalət bütöv, kompleks anlayışdır və heç bir halda ayrı-ayrı dövlətlərin, xalqların maraqları kontekstindən şərh olunmamalıdır. Özünə münasibətdə ədaləti öz gücü və iradəsi bahasına təmin edən Azərbaycan müstəmləkəçiliyin boyunduruğundan xilas olmağa çalışan xalqlara öz dəstəyini verməklə, bütün dünyada ədalətin bərqərar olunmasına çalışdığını, yalnız öz maraqlarından çıxış etmədiyini göstərir”.
Elçin Mirzəbəyli