• 4 May 2024
logo
“İran nə qədər tez düz yola qayıtsa, bir o qədər yaxşıdır” - Qüdrət Həsənquliyev

“İran nə qədər tez düz yola qayıtsa, bir o qədər yaxşıdır” - Qüdrət Həsənquliyev

“Necə ki, Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü düşmənçilik siyasəti heç bir nəticə vermədi, İranın da Azərbaycana münasibətdə yürütdüyü bu bəzi hallarda təzyiq, bəzən gözdənsalma, daxilimzədəki ayrı-ayrı qruplardan istifadə etmək məqəsədi ilə müəyyən təxribatlar törətmək cəhdləri də heç bir nəticə verməyəcək”

“İlk öncə istərdim ki, xalqımızı, cənab prezidenti, birinci vitse-prezidenti, hörmətli sədr, sizi və Yeni Azərbaycan Partiyasından olan həmkarlarımı xüsusilə təbrik edim. Biz, həqiqətən də 1991-ci ilin sərhədlərində ərazi bütövlüyümüzü bərpa etmişik”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, bu çox böyük tarixi bir nailiyyətdir: “Özümə borc bildim ki, hakim partiyanı bu münasibətlə təbrik edim. Ona görə ki, hər bir siyasi partiya üçün, ölkəni yönəldən siyasi qüvvə üçün bu doğurdan da böyük bir şərəfdir”.

Millət vəkili əlavə edib ki, vaxtilə Azərbaycan Xalq Cəbhəsi Qarabağ hərəkatından yarananda qarşısına iki əsas məqsəd qoymuşdu: “Birincisi ölkənin ərazi bütövlüyünü təmin eləmək, ikincisi isə müstəqilliyə nail olmaq. Biz, müstəqilliyə nail olsaq da Qarabağ üzərində Azərbaycanın dövlət suverenliyini bərpa edə bilmədik. Bu missiyanı Yeni Azərbaycan partiyası yerinə yetirdi. Ona görə də əlbəttə Yeni Azərbaycan Partiyasına mən, öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hörmətli sədr! Onu da qeyd eləməyi özümə borc bilirəm ki, biz, bu parlament tribunasından növbəti dəfə Ermənistana müraciət eləməliyik ki, onlar Azərbayacana qarşı düşmənçilik siyasətinə son qoymalı, Naxçıvana gediş-gəlişi təmin eləməlidirlər. Bu ölkənin gələcəyi Azərbaycanla, qardaş Türkiyə ilə dostluqdan, kommunikasiya xətlərinin açılmasından keçir. Bölgənin gələcək inkişafı və Ermənistanın bir dövlət kimi mövcudluğu, əminamanlıq içərisində yaşaması qonşuları ilə normal münasibətlər qurmasından keçir. Ermənistan xalqı, Ermənistan siyasi rəhbərliyi bunu nə qədər tez başa düşsə bu, bölgənin inkişafına bir o qədər böyük təkan vermiş olacaq. Mən, eyni zamanda düşünürəm ki, bu gün buradan həm də qonşu, müəyyən mənada da bizim elə az qala əhalisinin yarısı Azərbaycan türkləri olduğu üçün türk dövləti saydığımız İran İslam Respublikası da Azərbaycana münasibətdə öz siyasətini dəyişməlidir. Onların rəsmiləri, səfirləri Azərbaycan xalqını qıcıqlandıran, münasibətlərimizə zərər verən açıqlamalardan çəkinməlidirlər. Necə ki, Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü düşmənçilik siyasəti heç bir nəticə vermədi, İranın da Azərbaycana münasibətdə yürütdüyü bu bəzi hallarda təzyiq, bəzən gözdənsalma, daxilimzədəki ayrı-ayrı qruplardan istifadə etmək məqəsədi ilə müəyyən təxribatlar törətmək cəhdləri də heç bir nəticə verməyəcək. Ona görə İran da nə qədər tez düz yola qayıtsa, bir o qədər yaxşıdır”.