• 21 May 2024
logo
Azərbaycanla Oman arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycanla Oman arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana səfəri çərçivəsində Oman Sultanlığının xarici işlər naziri Bədr Əlbusaidi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Baymedia.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Oman arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və iqtisadi-ticarət, energetika, turizm, su ehtiyatlarının idarə olunması, səhiyyə və digər sahələr üzrə əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

Ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Bununla yanaşı, Omanda səfirliyimizin təsis edilməsi qərarının münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.

Azərbaycan ilə Oman arasında beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan uğurlu əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib.

Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi və bu çərçivədə ölkəmizlə Oman arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

Görüşdə, həmçinin digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.