• 27 İyul 2024
logo
Ermənistanın mina terroru davam edir

Ermənistanın mina terroru davam edir

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına, Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinə mane olan bir neçə məqam var. Bunlardan biri də vaxtilə işğal altında olan ərazilərdə basdırılmış minalardır.
Ermənistanla Azərbaycan arasında müharibənin bitməsinə, tarixi ədalətin bərpasına və sülh perspektivinin gündəlikdə olmasına baxmayaraq, qarşı tərəfin mina terroru davam edir. Mülki Azərbaycan vətəndaşları müntəzəm olaraq Ermənistanın mina terrorunun qurbanına çevrilir. Elə dünən də 4 mülki şəxs işğaldan azad olunmuş ərazilərdə minaya düşərək ağır xəsarətlər alıblar. Onlardan birinin hər iki ayağı amputasiya olunub. Beləliklə, ölkədə Ermənistanın mina terroru qurbanlarının sayı 350-yə çatıb.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yaydığı bəyanatda beynəlxalq ictimaiyyətə müraciət edib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsini aradan qaldırmaq üçün qüvvələrini birləşdirməlidir.
"Ermənistanın basdırdığı minalar Azərbaycanda günahsız dinc insanların həyatına təhlükə yaratmaqda davam edir. Bu gün dörd azərbaycanlı mülki şəxs növbəti mina partlayışının qurbanı olub. Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların dəqiq xəritələrini verməkdən imtina etməsi genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də məcburi köçkünlərin qayıtması prosesini ləngidir, regionda sülhün bərqərar olması səylərini sarsıdır", - XİN-in məlumatında deyilib.
Həmçinin, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da məsələyə münasibət bildirib. O qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir.
Məsələ ondan ibarətdir ki, rəsmi Bakının bütün səylərinə baxmayaraq, İrəvan hələ də minalı ərazilərin dəqiq xəritəsini vermir. Ermənistan ya vaxtı uzatmağa çalışır, ya da Azərbaycana qeyri-dəqiq topoqrafik materiallar verir.
Beynəlxalq ictimaiyyət adlandırdığımz təşkilatlar və ya güclər isə “ağzına su alıb oturublar”. Başqa sözlə, demokratiyadan, insan haqlarından ağızdolusu danışan, həmçinin Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı özlərinin “xidmətlərini” təklif edən Qərb gücləri, o cümlədən Avropa İttifaqı (Aİ), ABŞ, Fransa Ermənistanın mina terroruna səssiz yanaşırlar. Bu isə təkcə humanist məsələ deyil. Həm də beynəlxalq hüquqa hörmətsizlikdir. Çünki mina və partlamamış hərbi sursatların tətbiqi ilə bağlı beynəlxalq humanitar hüquqda da xüsusi maddələr var. Bu məsələ barədə dəfələrlə müxtəlif qanunlar, aktlar qəbul olunub.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin altıncı Zirvə Toplantısının plenar iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu bəyan edib. Bununla yanaşı, rəsmi Bakı Azərbaycanın mina terrorundan ciddi şəkildə əziyyət çəkdiyini dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Lakin görünən odur ki, onlar Azərbaycanın çağırışlarını nə "görür", nə də "eşidirlər". Əks halda, minalı ərazilərin dəqiq xəritələrinin Azərbaycana verilməsi ilə bağlı çoxdan Ermənistana təzyiq göstərərdilər.
Davam edən mina terroru və səhih xəritələrin Bakıya verilməməsi nələrə səbəb olur? Birincisi, günahsız insanlar həlak olur və yaralanır. İkincisi, bu, sülh gündəliyinə xələl gətirir, formalaşmaqda olan etimad mühitinə zərbə vurur. Üçüncüsü, beynəlxalq aktorların səmimi vasitəçilik təşəbbüslərini sual altına qoyur. Dördüncüsü, dünyada ikili standartların davam etdiyini göstərir. Onlar Cənubi Qafqazda sülhün təmin olunmasında səmimidirlərsə, qurbanların sayı artmadan minalı ərazilərin xəritəsinin Azərbaycana verilməsini təmin etməlidirlər.
Bundan başqa, regionda sülh istədiklərini bəyan edən Ermənistan hökuməti də bu barədə düşünməlidir. Çünki azad olunmuş ərazilərdə hər növbəti mina partlayışı Ermənistanın və beynəlxalq ictimaiyyətin səmimiliyini daha böyük sual altına salır.
Qeyd edək ki, Ermənistanda hələ sovet dövründən tank və piyadalar əleyhinə mina istehsal edən zavod fəaliyyət göstərib. Görünür SSRİ-nin hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslər ermənilərin torpağın altında tələlər qurmaqda, hiylə işlətməkdə və digər xırda-para bicliklərdə “mahir” olduqlarını, klassik goreşənliklərini nəzərə alıblar.
SSRİ-nin süqutundan sonra zavod həm Ermənistan ordusunun, həm də KTMT üzvü olan bəzi dövlətlərin sifarişi ilə, onları TM-62 və TM-57 minaları təmin edib.
44 günlük müharibə dövründə diqqət çəkən məqamlardan biri də Ermənistanda tank və piyadalar əleyhinə mina istehsalının sürətlə artmasıdır. Doğrudur, bununla bağlı məlumatların heç birində piyadalar əleyhinə minaların istehsalından danışılmır. Amma Rusiya sülhməramlılarının minaların zərərsizləşdirilməsi prosesində, TM-62 və TM-57 minaları ilə yanaşı, PMN-2 – piyadalar əleyhinə minalarla qarşılaşmaları da sübuta yetirir ki, Ermənistan bu gün də qadağan edilmiş minaların istehsalı ilə məşğuldur. Məlum olduğu kimi 30 ilə yaxın zaman kəsiyində Azərbaycan hazırda Rusiya sülhməramlılarının müşahidəsi altında olan ərazilərə nəzarət edə bilməyib. Atəşkəsdən dərhal sonra isə həmin ərazilər Rusiya sülhməramlılarının müşahidəsi altına düşdüyü üçün, oralarda Azərbaycan hərbçiləri tərəfindən minaların basdırılması mümkün deyil. Mövcud mənzərə sübuta yetirir ki, müharibədə ağır məğlubiyyətə uğrayan və hərbçiləri fərarilik edən Ermənistanın hərbi rəhbərliyi Azərbaycan ordusunun qarşısının alınmasının yeganə yolunu “torpağın altında” görüb. Çünki həm havada, həm də torpağın üstündə Azərbaycan ordusu tam üstünlüyə malik idi.
Bütün bunlar isə sübuta yetirir ki, ermənilər Azərbaycan ərazilərini minalayaraq geriyə çəkiliblər və bu proses müharibənin ilk günlərindən planlaşdırılmış şəkildə həyata keçirilib.
İşğaldan azad edilmiş Azərbaycan ərazilərində ermənilər tərəfdən yerləşdirilən minalar müdafiə xarakterli deyil və hərbi texnikanın sıradan çıxarılmasından daha çox çoxsaylı insan ölümünün baş verməsinə xidmət edir. Ermənilər nəinki təminat yollarına, bütövlükdə insan ayağının dəyə biləcəyi hər yerə xüsusi kombinasiyalarla həssaslığı təmin olunan minalar quraşdırıblar ki, Azərbaycan vətəndaşlarını mümkün qədər daha çox itkiyə məruz qoysunlar və minaya düşən şəxlərin sağ qalmaq ehtimalı olmasın.
Minaların zərərsizləşdirilməsi zamanı tank əleyhinə minaların üzərinə piyada əleyhinə minaların qoyulması da bunu sübuta yetirir. Burada Ermənistanın hərbi-cinayətkar ünsürləri iki məqsəd güdüblər. Bunlardan birincisi, minaların daha həssas olması və cüzi toxunuşla nəinki toxunan subyektə, daha geniş ərazidəki canlı qüvvəyə, mülki şəxslərə və texnikaya ziyan vurması və piyadalar əleyhinə minalardan istifadə edilməsinin ört-basdır edilməsi. Məlumdir ki, piyadalar əleyhinə minaların partlayından sonra partlayış qüvvəsi altdakı tank əleyhinə minaları işə salır və partlayışdan sonra piyadalar əleyhinə minalardan istifadə edildiyini sübuta yetirmək çətin olur.
Ermənistan piyadalar əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyaya (Ottava müqaviləsi) qoşulmasa da, sözügedən sənədin müddəalarının istisnasız olaraq bütün ölkələr tərəfindən yerinə yetirilməsi zəruridir. Ermənistan həm də bu baxımdan, yəni Piyadalar əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyanın yurisdiksiyası altına düşməmək üçün piyadalar əleyhinə minlalarla tank əleyhinə minaların kombinasiyasını yaradaraq tətbiq edib ki, bu da sözügedən ölkənin əsas məqsədinin azərbaycanlıları məhv etmək, soyqırımına məruz qoymaqdan ibarət olduğunu sübuta yetirir. Bir qayda olaraq, nizami ordular bu tip “sürpriz-minalar”dan istifadə etmirlər. Belə minalardan adətən diversiya, terror aktları zamanı istifadə olunur və bu, Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir. Buna nümunə olaraq, vaxtilə İŞİD terror təşkilatının nəzarətə keçirdiyi ərazilərdə tətbiq etdiyi mina “kombinasiyalarını” xatırlatmaq yetərlidir.
Ermənistanın Azərbaycan tərəfinə təqdim etdiyi minalanmış ərazilərin xəritələrinin qeyri-dəqiqliyi, bu ölkənin məqsədinin Azərbaycanın daha çox dinc sakinini öldürməkdən ibarət olduğunu sübuta yetirir. Minaların xaotik şəkildə basdırıldığı barədə nəzəriyyələr isə boşboğazlıqdan və məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil. Çünki ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərinin təbii sərvətlərini istismar edib, əkin sahələrindən, otlaqlardan yararlanıblar. Bu isə o deməkdir ki, Ermənistanda minalanmış ərazilərin dəqiq xəritəsi var və bu terrorçu ölkə məqsədyönlü şəkildə dəqiq olmayan xəritələri Azərbaycana təhvil verir ki, daha çox insanın ölümünə zəmin yaransın, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq, bərpa işləri mümkün qədər ləngisin, azərbaycanlılar öz doğma yurdların tez bir zamanda qayıda bilməsinlər.
Bu, Ermənistan tərəfindən dövlət səviyyəsində həyata keçirilən terrordur. Ermənilərin XIX əsrin sonlarında, XX əsrin əvvəllərində yaratdıqları QNÇAK və Daşnaksutyun kimi terroru mübarizə üçün əsas vasitə seçən təşkilatların, onların davamçıları olan Njde, Dro kimi faşistlərin, ASALA və digər erməni terror təşkilatlarının vəşhi terrorçu “ideologiyası” müasir Ermənsitanın siyasətinin təməlini təşkil edir.

“XC”