• 27 İyun 2022
logo
Postmünaqişə dövründə informasiya savaşı

Postmünaqişə dövründə informasiya savaşı

Əli Zülfüqaroğlu

Azərbaycan diasporunun postmünaqişə dövründə də üzərinə böyük yük düşür. Çünki informasiya müharibəsi davam edir, erməni lobbisi Avropa, Amerika və dünyanın müxtəlif ölkələrində Azərbaycana qarşı şər kampaniyasını davam etdirir.
Vətən müharibəsi başlamazdan öncə Tovuz hadisələri zamanı ölkə xaricində erməni lobbisi tərəfindən azərbaycanlılara qarşı təxribat xarakterli addımlar atılırdı. Amma o zaman təxribatlara uymadıq, yaxşı təşkilatlanma nəticəsində erməni lobbisinin planları bumeranq effekti verdi.
Onu da qeyd edim ki, müharibə dönəmində Azərbaycan diasporu müxtəlif tədbirlər, aksiyalar təşkil etdi və bu dövr ərzindəki fəaliyyəti uğurlu saymaq olar. Eyni zamanda, media olaraq biz də müxtəlif ölkələrin mətbuat orqanlarında bacardığımız qədər yazılarla çıxış etdik. İtaliya ilə bağlı bir faktı nəzərinizə çatdırım. İtaliya mediası ilə bağlı ciddi çətinliklə üzləşdik. Ona görə ki, erməni lobbisi Vətən müharibəsi dönəmində nüfuzundan asılı olmayaraq demək olar ki, bütün mətbuat orqanlarına maliyyə ayırırdı. Bununla da, mümkün qədər Azərbaycanla bağlı həqiqətlərin yayılmasının qarşısını alır və özlərinə sərf edən yalan məlumatlar yayırdılar. Biz, bir çox ölkələrdə bu cür faktlara rast gəldik.
Biz dövlət və xalq olaraq tarixi qələbə qazanmışıq və torpaqlarımızı işğaldan azad etmişik. Amma bu bizim eyforiyaya qapılmağımıza və arxayınlaşmağımıza səbəb olmamalıdır. Çünki erməni təxribatı davam edir və xüsusilə informasiya savaşında xarici mediada erməni lobbisinin təşkilatçılığı ilə Azərbaycana qarşı yalan məlumatların yayıldığını müşahidə edirik. Təbii ki, müharibə dönəmində gənclərimiz, eyni zamanda xarici ölkələrdə yaşayan soydaşlarımız, xüsusilə sosial şəbəkə platformasında aktiv oldular. Amma müharibədən sonrakı dövr ərzində biz bu aktivliyi müşahidə etmirik. Azərbaycanda fəaliyyət göstərən bir neçə jurnalist və azsaylı diaspor təmsilçilərimizdən fərqli olaraq əksər diaspor təşkilatlarının bu istiqamətdəki fəaliyyətini görmədiyimizi təəssüflə vurğulamaq zorundayıq.
Prezident İlham Əliyev bu ilin fevralında gənclərlə görüşündə vacib bir məsələyə toxundu. Dövlət başçısı bildirdi ki, informasiya savaşı davam edir: “Azərbaycan dünyada bəlkə nadir ölkələrdəndir ki, müntəzəm olaraq hücuma, informasiya hücumuna, şər-böhtan hücumuna məruz qalır. Çünki təkcə şəbəkələrdə yox, Avropanın, Amerikanın bir çox mətbu orqanlarında Azərbaycan haqqında yayılan yalanların arxasında erməni lobbisinin, necə deyərlər, uzun erməni qulaqlarını görürük. Yəni, yazıların 90 faizi ermənilər tərəfindən təşkil edilir...”.
Təbii ki, arxayınlaşmamalıyıq, əksinə bu gün informasiya savaşında daha ciddi və intensiv işlərin aparılmasına ehtiyac var. Bu istiqamətdə Azərbaycanın diplomatik korpusları ön sırada dayanır. Amma Azərbaycan diasporu, mediası və xaricdə yaşayan, təhsil alan gənclərimiz də ciddi fəaliyyət göstərməli, dövlətə dəstək verməlidirlər.
Bu il diasporla bağlı əsas hadisə Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayı oldu.
Şuşa Qurultayına 65 ölkədən 400 nümayəndə qatılmışdı ki, bu çox ciddi rəqəmdir. Prezident İlham Əliyev Qurultayda çox geniş və detallı çıxış etdi ki, bu diaspor təşkilatları üçün yol xəritəsi rolunu oynayır: “...Yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu, çox vacibdir. Çünki tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. Tarix də göz qabağındadır. Uzaq tarixə getməyə ehtiyac yoxdur. Sadəcə olaraq, XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı, - titulu belə də gedib, - imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir, yaxşı olar ki, geniş ictimaiyyət də bunu bilsin. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında biz beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq...”.
Şuşa Qurultayından ayyarım zaman keçməsinə baxmayaraq
təəssüf ki, yetərincə effektiv fəaliyyət müşahidə etmirik. Sadəcə olaraq, bir neçə diaspor təmsilçimiz tərəfindən qurultaydakı çağırışların tələblərinə cavab verən addım atılıb. Bunlara misal olaraq Misir –Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov”, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov və bir neçə digər diaspor nümayəndəsini misal göstərə bilərik. Müəyyən tədbirlər təşkil olunub və xarici mediada Azərbacan həqiqətləri ilə bağlı materiallar yayımlanıb.
Artıq yeni dönəm başlayıb. Bütün sahələrdəki fəaliyyət, o cümlədən diaspor fəaliyyəti yeni dönəmin tələblərinə adekvat olmalıdır. Biz ümid edirik ki, heç olmasa yaxın aylarda Şuşa Qurultayındakı çağırışlara və postmünaqişə dövrünün reallıqlarına uyğun fəaliyyət müşahidə edəcəyik...