• 24 Sentyabr 2026
logo
Kiçik və orta biznes üçün vergi güzəştləri

Kiçik və orta biznes üçün vergi güzəştləri

KOBİA tərəfindən yaradılmış investisiya portalında (www.invest.smb.gov.az) 2023-cü ildə investisiya axtaran sahibkarlar tərəfindən işlək biznes, hazır layihə və ideya mərhələsində olan 60 layihə yerləşdirilib. Bu layihələr arasında turizm, qida sənayesi, tikinti, enerji, nəqliyyat və logistika, xidmət sahələri üzrə layihələr üstünlük təşkil edir. Layihələr Bakı, Şamaxı, İsmayıllı, Oğuz, Quba, Qax, Gəncə, Qazax, Naftalan və s. şəhər və rayonları əhatə edir.
Portalda həmçinin investorlar sərmayə yatırmaq istədikləri sahələr barədə təkliflərini də yerləşdirə bilərlər. Ötən il investorlar tərəfindən portalda idman, reklam və maliyyə sahəsi üzrə 3 investisiya təklifi yerləşdirilib. Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın imkanlarından faydalana bilərlər.
Qeyd edək ki, www.invest.smb.gov.az portalı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Hazırda portalda işlək biznes, hazır layihə və ideya mərhələsində olan 80-dən çox layihə, 6 hazır biznes satışına dair təklif yerləşdirilib. Sahibkarlar, startaplar və investorlar portalda qeydiyyatdan keçməklə onun imkanlarından istifadə edə bilərlər. Portalda məlumat yerləşdirilməsi ödənişsizdir.
KOB (kiçik və orta biznes) klaster yaratmaq istəyən kommersiya hüquqi şəxslər KOB klaster şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Mikro, kiçik və orta sahibkarlar KOB klaster yaratmaqla bir sıra vergi güzəştləri əldə edə bilər. Qanunvericilikdə KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.
KOB klaster üçün nəzərdə tutulan güzəştlərdən yararlanmaq istəyən kommersiya hüquqi şəxs KOB klaster şirkətinin şəhadətnaməsini almalıdır. Bunun üçün kommersiya hüquqi şəxs Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) yazılı formada (Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və ya elektron qaydada ([email protected]) müraciət edə bilər.
Müraciət zamanı kommersiya hüquqi şəxs ərizə, eləcə də KOB klasterin iştirakçısı olmaq istəyən azı 10 mikro, kiçik və ya orta sahibkarlıq subyektinin siyahısını və onların KOB klasterinin fəaliyyətində iştirakı haqqında ərizələrini, KOB klasterin funksional xəritəsini, hüquqi şəxsin nizamnaməsində dəyişikliklər edilməsi barədə qəbul edilmiş qərarın əsli və nizamnamədə müvafiq dəyişikliklər edilməsi barədə layihənin surətini Agentliyə təqdim etməlidir. KOB klaster - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının məcmusudur.
2024-cü ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1,522 milyon vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 8 faiz, o cümlədən fiziki şəxslərin sayı 8 faiz (və ya ümumi artımın 86,7 faizi), hüquqi şəxslərin sayı isə 8,4 faiz (və ya ümumi artımın 13,3 faizi) artıb.
2024-cü ilin yanvar ayı ərzində 720 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 66,1 faizi elektron qaydada, 33,9 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 628-i (87,2 faiz) yerli investisiyalı, 92-si (12,8 faiz) xarici investisiyalıdır. Yanvar ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 1.699 vahid təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 44 faiz artıb.
Fevral ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 76 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2024-cü ilin yanvar ayında 73 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 10,1 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 11,7 faiz təşkil edib.Ümumiyyətlə, yanvar ayında icra olunmuş elektron qeydiyyat ərizələrinin 403-ü və ya 84,7 faizi Asan imza vasitəsilə təqdim olunub.
Sahibkarlardan vergi borclarının alınmasına möhlət verilməsi mexanizmi də təkmilləşdirilib. Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri vergi borclarının yığılmasının effektivliyinin artırılması və bu məqsədlə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Vergi öhdəliyinə möhlət verilməsi mexanizmi müasir iqtisadi şəraitə uyğunlaşdırılıb. Belə ki, Vergi Məcəlləsində vergi borcuna görə möhlət verilməsi mexanizmi sahibkarlıq subyektlərinin kateqoriyası üzrə borc məbləğindən asılı olaraq müəyyən edilmişdi. Məcəlləyə əsasən mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2.000 manatdan, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20.000 manatdan və iri sahibkarlıq subyektinin borcu 100.000 manatdan az olarsa vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmırdı. Bu səbəbdən vergi borcu qeyd edilən məbləğlərdən az olan vergi ödəyiciləri möhlət hüququndan istifadə edə bilmirdilər.
İnzibatçılığın yüngülləşdirilməsi məqsədilə edilən dəyişikliyə əsasən bu məbləğlərin ümumiləşdirilərək sahibkarlıq subyektlərinin kateqoriyasından asılı olmayaraq 500 manat məbləğində müəyyən edilməsi təsbit olunub. Bununla da kreditləşdirilən minimum borc məbləğləri müvafiq olaraq 2000, 20 000 və 100 000 manatdan 500 manata endirilib ki, bu da bu alətdən faydalanmaq istəyən vergi ödəyiciləri üçün əlverişli imkan yaradır.
Digər tərəfdən, Vergi Məcəlləsinin 1 yanvar 2024-cü ilədək qüvvədə olan redaksiyasında mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20.000 manatdan, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 100.000 manatdan və iri sahibkarlıq subyektinin borcu 300.000 manatdan yuxarı olarsa, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması məqsədilə vergi ödəyiciləri tərəfindən müraciətə müvafiq sənədlərlə yanaşı əlavə olaraq bank zəmanəti, zaminlik və ya girov müqaviləsinin, yaxud əmlakın siyahıya alınmasına dair yazılı razılığın əlavə edilməsi tələb edilirdi. Dəyişikliyə əsasən, bu məbləğlər ümumiləşdirilərək sahibkarlıq subyektlərinin kateqoriyasından asılı olmayaraq 300 000 manat müəyyən edilir. Bu da bu alətdən faydalanmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün inzibatçılığın sadələşdirilməsinə imkan verir.
Eyni zamanda, vergi borcuna möhlət verilməzdən əvvəl borc məbləğinin 10 faizini ödəməklə, vergi ödəyicisi möhlət aldıqdan sonra qarşılıqlı razılaşmaya uyğun olaraq vergi borcunu ödəmə niyyətinin olması ilə bağlı iradə ifadəsini nümayiş etdirmiş olacaq. Bu istiqamətdə digər bir dəyişiklik vergi ödəyicilərinin yaranmış borclarını birdəfəyə ödəmək imkanı olmadıqda yaranmış vergi borcuna möhlət verilməsi hüququndan istifadə edə bilməsinin işlək mexanizminin yaradılmasıdır. Bu məqsədlə Nazirlər Kabineti tərəfindən vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası təsdiq ediləcək və bu alətdən istifadə edilməsi vergi ödəyiciləri tərəfindən borcların daha rahat şəkildə ödənilməsi imkanlarını yaratmış olacaq.
Əlavə olaraq bu istiqamətdə bır sıra dəyişikliklər edilib. Dövlət satınalmalarından irəli gələrək və ya mövsümi işlərlə əlaqədar vergi borcuna möhlət verilməsi ilə bağlı müraciət edən vergi ödəyicisinin vergi orqanında uçotda olması tələb edilən müddət 3 ildən 2 ilə endirilib. Vergi ödəyicisi tərəfindən son bir il ərzində müddəti uzadılmış vergi öhdəliyi vaxtında yerinə yetirilmədikdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır. Möhlət müddəti ərzində möhlət verilmiş borca münasibətdə borcun alınması ilə bağlı tədbirlər dayandırılıb.

Mahir Həmzəoğlu