• 24 Sentyabr 2026
logo
İdxalı əvəz edəcək yerli dərman istehsalı inkişaf etdirilməlidir

İdxalı əvəz edəcək yerli dərman istehsalı inkişaf etdirilməlidir

Azərbaycanda dərmanların qonşu ölkələrlə müqayisədə baha olması heç kimə sirr deyil. Üstəlik bura keyfiyyət problemini də əlavə eləsək, dərman bazarı arzu olunan vəziyyətdə deyil. Bunun əziyyətini isə xəstələr çəkir. Dərmanların qiymətləri Tarif Şurası tərəfindən tənzimlənsə də, qiymətlərin formalaşması idxaldan asılı olduğu üçün bahalıq aradan qalxmır. Çıxış yolu daxili bazarda dərman istehsalının təşkilidir. Bu isə o qədər də asan məsələ deyil, vaxt tələb edən bir prosesdir. Yəni, dərman bazarında idxalı əvəz edən yerli istehsal inkişaf etdirilməlidir.
Hər halda hökumət bu yöndə müyyən stimullaşdırıcı addımlar atır. Belə ki, dekabrın 7-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi keçirilib. 2023-cü ilin iyulun 31-də Azərbaycan İnvestisiya Şirkəti, Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti və “SİA Pharmaceutical” MMC arasında Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən görülən işlər nəticəsində bu gün “Gen Pharma Caucasus Manufacturing Operations” MMC tərəfindən Pirallahı Sənaye Parkının 7,8 hektar ərazisində dərman istehsalı zavodunun təməli qoyulub.
Müəssisədə Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli 42 adda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq. İnşa ediləcək zavodun investisiya dəyəri 59,3 milyon manatdır. Müəssisədə 165 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlamasından sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq. İllik istehsal gücü 50 milyon qutu nəzərdə tutulan zavodda istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, “Made in Azerbaijan” brendi ilə region ölkələrinə də ixracı planlaşdırılır.
Qeyd edək ki, dövlət başçısının müvafiq Sərəncamı ilə 2016-cı ildə yaradılmış Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, istehsalın lokallaşdırılmasına və məşğulluğun təşviqinə töhfə verir. Parkda ümumi investisiyalarının həcmi təqribən 115 milyon manatdan çox 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 37 milyon manata yaxın investisiya yatırılıb, 120-dən çox daimi iş yeri yaradılıb. Artıq qeydiyyata alınmış 6 rezidentdən 2-si fəaliyyət göstərir.
Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib. Sənaye parklarının yaradılması, həmçinin, ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə post-konflikt ərazilərdə də sənayenin inkişafı məqsədilə sənaye parklarının yaradılması nəzərdə tutulur.
Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında indiyədək ümumilikdə 8,8 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,9 milyard manatlıq hissəsi (təqribən 33%-ə yaxın hissəsi) ixrac olunub.
2022-ci ildə sənaye zonalarının rezidentləri tərəfindən 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 22,7%, ixrac isə 13% artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7%, ixracında isə 29,5% təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac edilib.
Bunlarla yanaşı Qarabağda da sənaye parkalrı yaradılır və əsas məqsəd sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Burada da dərman istehsalı üçün yaxşı imkanlar var. Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Belə ki, Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediləcək. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığın təşkili nəzərdə tutulur. Əslində regionun iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar.
Azərbaycanda dərman istehsalının genişləndirilməsi üçün potensial imkanlar var. Həm təbii resurslar var, həm bazar, həm də investisiya cəlb etmək imkanları. Bunun üçün dövlərin investisiya təşviqi mexanizmlərindən də istifadə etmək olar. Belə ki, ölkədə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "İnvestisiya təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" 18 yanvar 2016-cı il tarixli Fərmanı, "İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi qaydası"nın təsdiq edilməsi haqqında 20 aprel 2016-cı il tarixli Fərmanı və "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri"nin təsdiq edilməsi haqqında" 20 aprel 2016-cı il tarixli Fərmanı imzalanmışdır. Bu fərmanlar əsasında dövlət tərəfindən investisiya təşviqi mexanizmi yaradılmış və müvafiq meyarlara uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaranmışdır.
İnvestisiya təşviqi sənədi həmin sənədin əldə olunduğu tarixdən etibarən 7 il müddətində Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə aiddir: mənfəət və ya gəlir vergisinin 50%-dən azadolma; torpaq və əmlak vergisindən tam azadolma; müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azadolma.
2022-ci ilin 1 mart tarixinədək 445 sahibkarlıq subyektinə 533 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 4,8 milyard manatdan artıq investisiyanın yatırılacağı, 35,8 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 14%-i Bakı şəhəri və ətraf qəsəbələrin, 86%-i isə regionların payına düşür. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 60,6%-i sənaye, 37,2%-i kənd təsərrüfatı, 1,1%-i logistika, 1,1%-i isə turizm sahələrində icra olunacaq layihələri əhatə edir. Həmçinin, ötən dövr ərzində investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara layihə çərçivəsində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 4601 təsdiqedici sənəd verilmişdir. Eyni zamanda, 2022-ci ilin I rübü ərzində 10 sahibkarlıq subyektinə 10 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 58,4 milyon manat investisiyanın yatırılması və 588 yeni iş yerinin açılması planlaşdırılır. Eyni zamanda qeyd olunan dövr ərzində investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara layihə çərçivəsində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 151 təsdiqedici sənəd verilmişdir. Bu imkanlardan Azərbaycanda dərman istehsalının təşkili sahəsində də istifadə etmək olar.
Mahir Həmzəoğlu