• 25 Fevral 2024
logo
Millət vəkili narazılıq etdi: Ən aşağı ezamiyyə xərci...

Millət vəkili narazılıq etdi: Ən aşağı ezamiyyə xərci...

Son 5 ildə ölkəmizdə ezamiyyə xərcləri artırılmayıb. Nazirlər Kabinetinin 2018-ci ildə qəbul etdiyi “Ezamiyyə xərclərinin normaları haqqında” qərara əsasən 1 günlük norma Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 70 manat, digər şəhər və rayonlarda isə 65 manat təyin olunub.

Baymedia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.

Bayramov bildirib ki, ötən illərdə illik inflyasiya səviyyəsini nəzərə alsaq, bu xərclərin necə dəyişdiyini təsəvvür etmək çətin olmaz:

“Aydındır ki, 1 günlük otel və qida xərclərini Bakıda 90 manata, rayonlarda 65 manata qarşılamaq qeyri-mümkündür. Oxşar mənzərə Gəncə, Sumqayıt və Naxçıvana da aiddir.

Xarici ezamiyyələr üçün müəyyənləşdirilmiş tariflər də kifayət qədər aşağıdır. O tariflər, praktik olaraq, xərclərin tam ödənilməsinə imkan vermir. Daxildə olduğu kimi, xarici səfərlər zamanı müəyyənləşdirilən tariflər də uzun müddətdir ki, dəyişdirilmir.

Bu baxımdan, ezamiyyə ilə bağlı qaydaların yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var. Həm ölkədaxili, həm də xarici səfərlər üçün ezamiyyə xərclərinin artırılması məsələsinin yenidən gündəmə gətirilməsi və yeni tariflərin müəyyənləşdirilməsi çox vacibdir”, - millət vəkili qeyd edib.