Azərbaycanda sahibkarlıq fəliyyəti ilə məşğul olanların sayında artım müşahidə olunur ki, bu da biznesə olan maraq və qeydiyyat prosedurlarının sadələşdirilməsi ilə bağlıdır. Belə ki, 2023-cü il sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1,480 milyon vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi isə hüquqi şəxslər və digər təşkilatlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,0 faiz, hüquqi şəxslərin sayı 9,2 faiz artıb. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 171.165 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 9,9 faiz artım qeydə alınıb.
2023-cü ilin sentyabr ayının 1-nə tarixinə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 33.317 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,2 faiz artım deməkdir.
2023-cü ilin avqust ayı ərzində 1.458 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,1 faizi yerli investisiyalı, 12,9 faizi isə xarici investisiyalıdır. 2023-cü ilin avqust ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 83,5 faizi elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,4 faiz təşkil edib. 2023-cü ilin avqust ayında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 179 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 70 vahid çoxdur. Bu ilin avqust ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq ayı ilə müqayisədə 52,6 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 44,9 faiz artıb.
Bəs kimlər mikro və kiçik sahibkar hesab olunur? Mikro, kiçik və orta sahibkarlıq subyektləri Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli qərarı ilə təsdiq edilmiş mikro, kiçik, orta və iri sahibkar meyarlarına uyğun olaraq müəyyən olunur. Mikro sahibkarlara işçilərinin orta siyahı sayı 10 nəfərədək, illik gəliri 200 min manatadək olan, kiçik sahibkarlara işçilərinin orta siyahı sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3000 min manatadək olan, orta sahibkarlara işçilərinin orta siyahı sayı 51 nəfərdən 250 nəfərədək, illik gəliri 3000 min manatdan 30000 min manatadək olan müəssisələr aid edilir.
Azərbaycdanda bizneslə məşğul olanlar daha çox mikro, kiçik fərdi sahibkar kimi qeydiyyatdan keçməyə üstünlük verirlər. Bu, onlara sadələşdirilmiş vergi ödəyicisi olmaq, digər vergilərdən azad olmaq imkanları verir. Ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6%-i kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisyalarda payı artır. Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin yüksəldilməsi, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması və institusional dəstək mexanizmlərinin formalaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentlik tərəfindən KOB-ların iqtisadiyyatda rolunun və rəqabət qabiliyyətinin, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi istiqamətində müxtəlif təşviq və dəstək mexanizmləri həyata keçirilir. KOB dostu ofisləri, KOB İnkişaf Mərkəzləri, KOB-lar üçün təhsil, elm, tədqiqat layihələrinin maliyyələşdirilməsi, "Startap şəhadətnaməsi"nin verilməsi buna misal ola bilər.
Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilib. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına şərait yaradılıb ki bu da ölkədə sahibkarların sayının artmasına imkan verib. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət müxtəlif iqtisadi yollarla sahibkarlığın inkişafını təşviq edir. Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi artımın əsası kimi baxılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, “iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır”.
Bu arada hökumət özəlləşdirmənin əhatə dairəsini də genişləndirməyə, iri və orta müəssisələri də özəlləşdirməyə çıxarmağa başlayıb. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, iqtisadi diversifikasiya və səmərəliliyin artırılması məqsədilə davamlı struktur islahatları həyata keçirilir. Bu islahatlar dövlət müəssisələrinin fəaliyyət sahəsini də əhatə edir. İri dövlət müəssisələrinə özəl investisiyaların cəlbi onların fəaliyyətinin rəqabət mühitinin tələblərinə uyğunlaşdırılmasına təminat yaradır. Bu baxımdan, dövlət başçısının 31 avqust 2023-cü il tarixli “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı xüsusilə önəmlidir. Sənədə əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC, “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid və Metanol zavodlarına özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulub. Sərəncamda göstərilən tapşırıqların icrası iri müəssisələrin idarə edilməsində və maliyyə payında dövlətin yükünün azaldılmasına, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinə hədəflənib. Sənəd ölkədə korporativ idarəetmə mexanizmlərinin daha geniş tətbiqinə və kapital bazarlarının canlandırılmasına şərait yaradacaq. Bununla yanaşı, Sərəncam dövlət müəssisələrinin idarə edilməsində vətəndaşların iştirakı və həmin müəssisələrə özəl investisiyaların yatırılması imkanlarını genişləndirmək məqsədi daşıyır.
Sənədə əsasən, nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması ilə təhlillər aparılaraq təkliflər hazırlanacaq. Təkliflər dövlət müəssisələrinin restrukturlaşması və sağlamlaşdırılması, qiymətləndirilməsi, potensial investorların müəyyənləşdirilməsi, müvafiq bazarın liberallaşdırılması və inhisarsızlaşdırılması, dövlət müəssisələrinin əsas fəaliyyətinə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları, həmin dövlət müəssisələrinin təşkilati-hüquqi formasının dəyişdirilməsi, onların özgəninkiləşdiriləcək hissələri və dövlət iştirak payının hissəvi satış üsullarını, habelə bununla əlaqədar mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələlərini əhatə edəcək.
Ümumilikdə özəl investisiyaların konsolidasiyası və özəl sahibkarlıq subyektləri ilə dövlət müəssisələri arasında olan əməkdaşlığın genişləndirilməsi sayəsində milli iqtisadiyyatın strukturu daha sürətlə şaxələnəcək və qeyri-neft-qaz sektorundan asılılığı azalacaq, rəqabətqabiliyyətliliyi yüksələcək. Dövlət müəssisələrinin korporativ idarəetmə prinsipləri əsasında fəaliyyəti, iqtisadi effektivliyinin yüksəldilməsi, maliyyə dayanıqlılığının yaxşılaşdırılması ölkənin iqtisadi inkişafına töhfə verən əsas məsələlərdəndir. Bu məqsədlə yaradılan Azərbaycan İnvestisiya Holdinqinə dövlət müəssisələrinin idarəçiliyinin həvalə olunması, dövlət müəssisələrində yaradılan müşahidə şuraları vasitəsilə müəssisələrin fəaliyyətinə nəzarətin həyata keçirilməsi yeni idarəetmə metodunun üstünlüklərindəndir. Müşahidə şuraları vasitəsilə məsuliyyətin bölüşdürülməsi, hesabatlılığın təmin edilməsi dövlət müəssisələrinin fəaliyyətində iqtisadi dividendlərin artmasına, o cümlədən, zərərdən mənfəətə keçirilməsinə, intizamlı xərc siyasətinin tətbiqinə, yeni gəlir mənbələrinin yaradılmasına, büdcə dotasiyalarının minimallaşdırılmasına, şirkətlərin büdcəyə ödəmələr edən kommersiya əsaslı strukturlara çevrilməsinə əsaslı zəmin yaradıb. Azərbaycanda siyasi və maliyyə-iqtisadi sabitlik, əlverişli işgüzar mühit, azad bazar münasibətlərinin hərtərəfli inkişafı, dayanıqlı özəl mülkiyyətin dəstəklənməsi kimi amillər iqtisadi inkişafı sürətləndirir.
Mahir Həmzəoğlu