• 24 Sentyabr 2026
logo
Neftin bahalaşması gəlirlərimizi artırır

Neftin bahalaşması gəlirlərimizi artırır

Dünya bazarında neftin qiyməti 90 dollara yüksəlib. Hətta yüksək keyfiyyətli Azeri Light” markalı Azərbaycan neftinin qiyməti neftinin bir barelinin qiyməti 1,79 dollar artaraq 96,42 dollar olub. Bu isə gözləntilərə və ölkəmizin maraqlarına uyğundur. Çünki daha yüksək qiymətlər, daha yüksək gəlirlər deməkdir. Hansı ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. İlin əvvəlində bu rəqəm 50 dollar idi. Sonra artım meyillərini nəzərə alaraq hökumət orta qiyməti 60 dollara qaldırmaqla yanaşı, dövlət büdcəsinin gəlirlərini və xərclərini də yüksəldi. Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 30,774 milyard manatdan 3 milyard manat və ya 9,8 faiz artırılaraq 33,8 milyard manata yüksəldildi. Dövlət xərcləri 3215,5 milyon manat və ya 9,6 faiz artırılaraq 36,6 milyard manata çatdırıldı. Dövlət büdcəsinin kəsiri 210 milyon manat və ya 8,1 faiz artırılaraq 2789,3 milyon manat oldu. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.
Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42949,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 9923,4 milyon manat və ya 30 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41213,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3244,5 milyon manat və ya 8,5 faiz çoxdur. İcmal büdcə 4943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6678,9 milyon manat əlavə gəlirlər hesabına 1735,3 milyon manat profisit yaranacaq.
İşğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bunlar nəzərə alınaraq, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin güləndirilməsi üçün əlavə 1,1 milyard manat vəsait tələb olunur. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2,260 milyard manat əlavə vəsaitin cəlb edilməsinə zərurət yaradıb.
Daha çox müdafiə xərcləri və Qarabağda bərpa işlərinə yönəldilən vəsaitlərin həcmi artırıldı. Bu isə Azərbaycanın indiki şəraitində məntiqli yanaşmadır. Çünki bir tərəfədən Ermənsitanın və onun havadarlarının ölkəmizə qarşı təhdidləri artır ki, bu da orudunun gücləndirilməsini, ölkənin müdafiə qabiliyyətinin daha da artırılmasını zəruri edir. Sülh istəyirsənsə daim müharibəyə hazır vəziyyətdə olmalısan. Ona görə də, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur. 2023-cü ildə dünyanın hətta böyük dövlətləri də, o cümlədən ABŞ, Çin, Rusiya və s. özlərinin müdafiə xərclərini artırıblar. Bu həm də dünyada sabitliyin olmaması və müharibə təhlükələrinin artması ilə bağlıdır. Bu cür təhdidlər bizim region üçün də aktualdır.
Digər tərəfdən, Qarabağda quruculuq işlərinə böyük vəsaitlər tələb olunur. Hələlik Qarabağda əsas investor dövlətdir. İndiyədək regionda həyata keçirilən layihələrə dövlət 10 milyard manat xərcləyib. İşğaldan azad olunmuş ərazilərin bərpası, bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Hökumət 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat, 2022-ci ildə 2,7 milyad manat vəsait ayırıb. Göründüyü kimi, hər il post-konflikt ərazilərin bərpasına dövlət investisiyaları artırırlır ki, bu da müsbət hal sayılmalıdır. Hələlik dövlət əsas investor kimi çıxış edir, çünki böyük miqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq. Dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edəcək.
Hökumət Qarabağda hazırda əsas diqqətini daha çox infrastruktur layihələrinə yönəldib. Çünki müasir infrastruktur olmadan sahibkarları regiona cəlb etmək mümkün deyil. Ən azından müasir yol olmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi davam etdirilir. Agentlikdən bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.
Bütövlükdə Qarabağ regionunun iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılmalı, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilməli, sənaye potensialı reallaşdırılmalı, zəruri təşviq mexanizmləri hazırlanmalı və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmalıdır.
Neftin baha olması dövlət büdcəsinin gəlirlərini artırmaqla yanaşı, Neft Fondunun gəlirlərini də çoxaldır. Habelə ölkənin valyuta ehtiyatlarının artırılması üçün imkanlar yaranır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il iyunun 30-na aktivləri 2023-ci ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 12% artaraq 55 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 11,701 milyad manat, büdcə xərcləri isə 2,681 milyard manat olub.
2023-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 624,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 854,6 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər 3,6 milyon manat olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 3 077,1 milyon manat təşkil edir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 977, 6 milyon manatdır.
Hesabat dövrü ərzində ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 2 661,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 3,6 milyon manat yönəldilmişdir. 2023-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,0 milyon manat təşkil etmişdir.
2023-cü ilin ilk yarim ilində aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmuşdur. İlin əvvəlindən iqtisadi canlanma müşahidə olunsa da, sərt monetar siyasətin davam etməsi iqtisadiyyatda yavaşlama riskini artırmışdır. Eyni zamanda, inflyasiyanın aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması gələcəkdə faiz dərəcələrin artmasını istisna etmir. Aktivlərin həcminin artmasına həm də qızılın qiymətinin qalxması və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı güclənməsi ilə büdcədənkənar gəlirlər töhfə verib.

Mahir Həmzəoğlu