Bu il ölkədə 3 milyon ton taxıl istehsal olunub ki, bu da yerli təlabatı ödəməyəcək
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Bəs, bu il nə qədər məhsul yığılıb? Yerli istehsal daxili təlabatı qarşılayırmı? Xaricdən taxıl idxalına ehtiyac olacaqmı?
İlk olaraq builki yerli istehsal rəqəmlərinə diqqət yetirək. 2023-cü il avqust ayının 15-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 930,0 min hektar sahənin 910,2 min hektarı və yaxud 97,9 faizi biçilərək məhsulu yığılıb. Sahələrdən 2,915 milyon ton məhsul toplanmış, məhsuldarlıq 32,0 sentnerə bərabər olmuşdur. Məhsulun 1,829 milyon tonunu və yaxud 62,7 faizini buğda, 1064,1 min tonunu (36,5 faizini) arpa, 22,6 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
Respublikanın 21 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 31 rayonda və Naxçıvan Muxtar Respublikasında biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olub. Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,8 sentner), Ağcabədi (müvafiq olaraq 45,3), Bərdə (44,8), Tərtər (43,5), Sabirabad (42,9), Salyan (41,9), Ağdam (41,3), Saatlı (40,9), İmişli (39,6), Tovuz (39,6) və Samux (39,5) rayonlarındadır.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (218,6 min ton), Kürdəmir (148,4 min ton), Ağcabədi (120,7 min ton), Ağsu (118,0 min ton), Hacıqabul (107,0 min ton), Sabirabad (102,9 min ton), Biləsuvar (96,8 min ton) və İsmayıllı (93,0 min ton) rayonlarındadır.
Ölkədə cəmi 1,8 milyon ton buğda istehsalı ondan xəbər verir ki, yerli istehsal təlabaı ödəməyəcək, 1,3-1,4 milyon ton da xaricdən idxal etməli olacağıq. Dünya bazarında isə taxılın qiymətləri yüksəkdir. Ümidverici məqam ondan ibarətdir ki, bu il taxıl istehsal edən ölkələrdə bol taxıl olub, qıtlıq və daha yüksək qiymət artımları gözlənilmir. Hərçənd ki, müharibələr, iqlim dəyişmələri əsas risk faktorları olaraq qalır.
Taxıl idxalında əsas ümidlərimiz isə Rusiya və Qazaxıstanadır. 2020-ci ildə ölkəyə idxal edilən 300 milyon dollarlıq 1,365 milyon ton buğdanın böyük hissəsi - 98,8%-i və ya 1,350 milyon tonu (293,2 milyon dollar) Rusiyadan, 14,9 min tonu (3,368 milyon dollar) Qazaxıstandan, 400 tonu (302,6 min dollar) digər ölkələrdən gətirilib. Buğda idxalında Rusiyadan asılı olmağımız qiymətlərə təsirsiz ötüşməyə bilməzdi. 2021-ci il xaricdən1,148 milyon ton buğdanı 332 milyon dollara, 2022-ci ildə isə 1,3 milyon tonunu 437 milyon dollara almışıq. 2020 və 2022-ci illərdə eyni həcmdə taxıl idxal eləsək də, 45% artıq vəsait ödəmişik. Deməli, son 2 ildə bu qədər bahalaşma olub. Bu amillərin təsiri nəticəsində ölkədə çörəyin qiymətində də artım baş verib.
Ölkədə tək buğda, un və çörəyin deyil, digər ərzaq məhsullarının qiymətləri də qalxıb. Bu həm mövsümi amillərlə, yəni qış fəsli, həm də karonavirus pandemiyasının bütün ölkələrdə kənd təsərrüfatına vurduğu ziyan nəticəsində dünya bazarında ərzağın nəzərəçarpan bahalaşması ilə bağlıdır. 2022-ci il dünyada post-pandemiya dövrü kimi gözlənilsə də tələbin artması ilə yanaşı, buğda, qida məhsulları və digər zəruri məhsulların istehsalının azalması fonunda qiymət artımı baş verdi. 2023-ci ildə həm dünya, həm də Azərbaycan iqtisadiyyatında iqtisadi artım proqnozlaşdırılsa da, yanacağın və gübrənin bahalaşması, iqlim dəyişiklikləri, məhsuldarlığın aşağı düşməsi, dünyada ərzağa olan tələbin artması aqrar sektora ciddi mənfi təsir göstərən amillər olaraq qalır.
Əslində dünya bazarında taxılın qiymətləri rekord həcmdə artıb ki, bu da Azərbaycana təsirsiz ötüşmədi. Dünya taxıl tədarükçüləri arasında lider olan Rusiyada ixrac rüsumlarının tətbiq olunması ilə bağlı məhdud təklif və yüksək qiymətlər, eləcə də nəqliyyat xərclərinin kəskin artımı son illər qiymətlərin yüksəksəlməsinə təkan verdi. Azərbaycan isə hələ də yerli istehsal hesabına daxili təlabatını ödəyə bilmir, xaricdən, əsasən də Rusiyadan buğda alır. 2023-cü ilin altı ayında Azərbaycan 500 min ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu həcmdə buğdanın idxal dəyəri 145 milyon 565 min ABŞ dolları təşkil edib. Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 92 min 462 (23%) ton, dəyər baxımından isə 2 milyon 462 ton (1,8%) çoxdur.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının - FAO-nun qlobal taxıl istehsalı ilə bağlı yeni proqnozu 2023-cü il üzrə 2 819 milyon ton təşkil edir ki, bu da illik müqayisədə 1,1 faiz yüksək olmaqla rekord həddə çatıb. Bu artım, demək olar ki, tamamilə qlobal buğda istehsalı üçün daha yaxşı perspektivləri əks etdirir, proqnoz 0,9 faiz qaldırılıb. Baxmayaraq ki, 2022-ci ildə qeydə alınan rekorddan hələ də 18,4 milyon aşağıdır. Yazlıq buğdanın əsasən becərildiyi Kanada və Qazaxıstan üçün də proqnozlar cüzi şəkildə artırılıb. Bu yaxınlarda açıqlanan rəsmi hesablamalar isə Türkiyənin buğda istehsalı üzrə ilkin proqnozları daha yüksəkdir.
FAO Taxıl Qiymətləri İndeksi 2023-cü ilin iyul ayında iyun ayına nisbətən 0,7 bənd (0,5 faiz) və bir il əvvəlki qiymətindən 21,3 bənd (14,5 faiz) aşağı düşüb. Bu ayın cüzi enişi beynəlxalq qaba taxıl qiymətlərinin iyun ayında 4,8 faiz ucuzlaşmasından qaynaqlanır. Beynəlxalq qarğıdalı qiymətlərinin düşməsi Argentina və Braziliyada davam edən məhsul yığımında tədarükün artması və şəraitin bir qədər yaxşılaşdığı, əkin sahəsinin yuxarıya doğru yenidən nəzərdən keçirildiyi Amerika Birləşmiş Ştatlarında potensial olaraq gözləniləndən daha yüksək istehsal hesabınadır.
Məhz indi baş verən prosesləri nəzərə alan iqtisadçı ekspertlər zaman-zaman ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayırlar. İndi bu məsələ bir daha aktullaşır. Ümidlər isə işğaldan azad olunmuş torpaqlarımızda əsas ənənəvi sahə kimi kənd təsərrüfatının yenidən dircəldilməsinədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar sektorda ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək həcmlərdə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal olunacağı gözlənilir. Xüsusən də, taxıl, meyvə, tərəvəz istehsalı, heyvandalıq əsas sahələr olacaq. Qarabağda 1,213 milyon hektar torpaq sahəsinin yarısı - 591,776 min hektarı əkinə yararlı torpaq sahələri, 231,056 min ha əkin sahəsi, 351,822 min ha örüş-otlaq və biçənək sahəsi, 8,898 ha həyətyanı sahələrdir. 1980-ci illərdə Qarabağ və ətraf rayonlar üzrə 139,814 ha ərazidə əkin aparılırdı ki, bu da ölkə üzrə əkin sahələrinin 7,7%-i qədərdir. Bunun 76,827 hektarını taxıl (ölkə üzrə 14,3%-i), 8165 ha pambıq (ölkə üzrə 2,7%-i), 1889 ha tütün (ölkə üzrə 11,6%-i), 774 ha kartof (ölkə üzrə 3,3%-i), 955 ha tərəvəz (ölkə üzrə 2,3%-i), 410 ha bostan (ölkə üzrə 5,3%-i), 2435 ha meyvə və giləmeyvə (ölkə üzrə 1,8%-i), 48359 ha üzüm (ölkə üzrə 24,7%-i) sahələri təşkil edirdi.
Çox münbit və məhsuldar torpaqlara malik Qarabağda taxıl, pambıq, üzüm, tütün, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə istehsalı ənənəvi sahələrdir. 1980-ci illərdə ildə regionda 200 min tona yaxın taxıl (ölkə üzrə taxıl istehsalının 14%-i qədər), 20,8 min ton pambıq (ölkə üzrə 3,4%), 4,7 min ton, tütün (ölkə üzrə 8,1%), 3 min ton kartof (ölkə üzrə 1,8%), 9,61 min ton tərəvəz (ölkə üzrə 1,1%), 2,18 min ton bostan məhsulları (ölkə üzrə 3,4%), 1,72 min ton meyvə və giləmeyvə (ölkə üzrə 0,4%), 320 min ton üzüm (ölkə üzrə üzüm istehsalının 25,5%-i qədər) istehsal olunurdu. Göründüyü kimi, ənənəvi sahələr arasında üzümçülük, taxılçılıq və tütünçülük həm əhatə etdiyi əkin sahələrinə, həm də istehsal həcminə görə daha yüksək xüsusi çəkiyə malik olmaqla üstün və inkişaf etmiş sahələr olmuşdur.
İşğaldan azad olunmuş torpaqlarda istehsal olunacaq kənd təsərrüfatı məhsullarının ölkə üzrə aqrar sektorun 8-10%-ni əhatə edəcəyi, habelə yerli taxıl istehsalının 10 faizini verəcəyi, ildə 350-400 min ton taxıl istehsal olunacağı gözlənilir. Əlbəttə, ildə 400-500 min ton əlavə taxıl istehsalı idxaldan asılılığı müyyən qədər azaltsa da, tam aradan qaldırmayacaq. Nəzərə alsaq ki, Azərbaycan əlavə olaraq ildə 1,3 milyon ton taxıl idxal edir, bu baxımdan real mənzərə ortalıqdadır. Mühüm olan taxıl istehsalında məhsuldarlığı 2 dəfə artırmaq, fermerlər üçün gübrənin qiymətlərini əlçatan etmək və istehsalçılara praktiki və real dövlət dəstəyini artırmaqdır.
Mahir Həmzəoğlu