Ölkədə “ƏDV geri al” layihəsi tətbiq edilir və iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm addımlardan biridir. 2023-cü ilin yanvar-iyun ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyət göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 65,2 milyon manatı geri qaytarılıb.
“ƏDV geri al” layihəsinin işə düşməsindən 3 ilə yaxın vaxt keçir. İnnovativ layihə kimi xüsusi ictimai dəstək alan “ƏDV geri al” iqtisadiyyatda şəffaflığın təmin edilməsi, nağdsız ödənişlərin genişlənməsi və stimullaşdırıcı mexanizmləri təşviq edən bir təşəbbüsdür. Bu layihəni başlayarkən, Dövlət Vergi Xidməti ictimai iştirakçılığı cəlb etməklə “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılmasında effektiv nəticələr əldə etməyi hədəfləyirdi. 2020-ci ilin may ayından ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir. Alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız həyata keçirildikdə ƏDV-nin 17,5%-i, nağd qaydada olduqda isə 5%-i istehlakçılara qaytarılır.
Layihənin icrası vergi ödəyicilərinin real dövriyyələrinin üzə çıxarılmasına vəsilə olur. “ƏDV geri al” layihəsi yeni nəsil NKA-ların tətbiqi ilə paralel şəkildə həyata keçirilir. 2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manata yaxın olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur. Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 91.021 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar-iyun ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10,4 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz çoxdur.
Hətta regionlarda da NKA-ların tədbiqinin müsbət nəticələri nəzərə çarpır. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 iyul 2023-cü il tarixinə muxtar respublika ərazisində 1.826 obyektdə 1884 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Cari ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 83,2 milyon manatdan çox, təkcə iyun ayında isə ilin əvvəli ilə müqayisədə 3,7 dəfə çox olub. Muxtar Respublikada “ƏDV geri al” layihəsinin tətbiqini həyata keçirən obyektlərin sayı iyulun 1-nə 87-yə çatıb. Layihə çərçivəsində cari ilin 6 ayında istehlakçılara 290,1 min manatdan çox, iyun ayında isə 66,9 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə iyun ayında istehlakçılara qaytarılan məbləğ 3,2 dəfə artıb. 6 ayda Naxçıvan MR-də 2.936 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 88,3 faizi fiziki, 11,7 faizi hüquqi şəxslərdir. Vergi ödəyicilərinin sayı 2,1 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb.
Bunlarla yanaşı vergidən yayınma halları hələ də müşahidə olunur. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən 2023-cü ilin yanvar – iyun ayları ərzində vergi ödəməkdən yayınma faktları üzrə 268 cinayət işi başlanılıb. Əvvəlki ildən qalmış işlər də nəzərə alınmaqla, cəmi 80 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 42 cinayət işinin icraatına xitam verilib, 47 nəfər barəsində ittiham elan edilməklə 38 cinayət işi məhkəməyə göndərilib, 2 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış 42 cinayət işindən 18 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tam şəkildə ödənildiyindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən müvafiq qərarlar qəbul edilib. Həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla, dövlət büdcəsinə 3 milyon 551,8 min manat məbləğində vəsait ödənilib. 2023-cü ilin 6 ayı ərzində ümumilikdə 21 milyon 288,5 min manat məbləğində ziyanın büdcəyə ödətdirilməsi təmin edilib.
Cari ilin 6 ayı ərzində müxtəlif sahələrdə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 100 vergi ödəyicisində 199 nəzarət tədbiri həyata keçirilib, 76 vergi ödəyicisində 163 nöqsan aşkar edilib. Operativ vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 1 milyon 150,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.Hesabat dövründə vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 2,6 milyon manat həcmində vəsait ödətdirilib.
Digər tərəfdən nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Nağdsız ödəmələrin stmullaşdırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 faizdən 17,5 faizə qədər artırılıb ki, bu da istehlakçılarda nağdsız ödəmələr aparmağa əhəmiyyətli maraq yaradır. Təkcə 2022-ci ildə layihə çərçivəsində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 68,4 milyon manatdan çox ƏDV geri qaytarılıb. Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 faizi, nağd ödənişlər üzrə 5 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual "pul qabı"na yerləşdirilir. İsitfadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru olaraq Kapital Bank ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir. Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).
Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır. Bunlarla yanaşı, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin də bir hissəsi qaytarılır. Nağdsız ödənişlərin inkişafı strategiyası 2026-cı ilədək davam etdiriləcək.
Mahir Həmzəoğlu