• 24 Sentyabr 2026
logo
Yenidən dirçəldilən Qarabağ

Yenidən dirçəldilən Qarabağ

İşğaldan azad olunmuş Qarabağda bərpa və quruculuq işlərinə böyük vəsaitlər tələb olunur. Hələlik Qarabağda əsas investor dövlətdir. İndiyədək regionda həyata keçirilən layihələrə dövlət 7 milyard manat xərcləyib. Əvvəl 2023-cü ilin dövlət büdcəsindəb işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasına 3 milyad manat ayrımışdı, sonradan büdcəyə dəyişiklik edilməklə bu məbləğ daha 2,260 milyard manat artırılaraq 5,3 milyard manata çatdırıldı. Çünki işğaldan azad olunmuş ərazilərin bərpası, bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Hökumət 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat, 2022-ci ildə 2,7 milyad manat vəsait ayırıb. Göründüyü kimi, hər il post-konflikt ərazilərin bərpasına dövlət investisiyaları artırırlır ki, bu da müsbət hal sayılmalıdır. Regionda böyük miqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq. Dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edəcək. Artıq bunun ilk işartıları görünür. Belə ki, 2022-ci ildə ən çox yeni iş yerləri və fərdi sahibkarlıq subyektləri Ağdam rayonunda yaradılıb. Belə ki, ötən il bu rayonda 775 fərdi sahibkarlıq subyekti qeydiyyata alınıb, 184 yeni iş yeri açılıb. Bərpa prosesin­dən sonra isə Ağdam, həm də sənaye şəhəri olacaq. Ağdam şəhəri elə işğaldan əvvəl də Qarabağın əsas sənaye mərkəzi olub. Bu ənənə davam etdiriləcək və rayonda yeni sənaye müəs­sisələri yaradılacaq, minlərlə yeni iş yerləri açılacaq. Bu, həm də işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması baxımından vacibdir.
Ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Sözügedən prioritetlərin icrasının təmin edilməsi məqsədilə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olunmuşdur. Strategiyada 4-cü Milli prioritetin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı” çərçivəsində icrası nəzərdə tutulmuşdur.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı təsdiq olunub.
Hökumət Qarabağda hazırda əsas diqqətini daha çox infrastruktur layihələrinə yönəldib. Çünki müasir infrastruktur olmadan sahibkarları regiona cəlb etmək mümkün deyil. Ən azından müasir yol olmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi davam etdirilir. Agentlikdən bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək səviyyəli həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması çərçivəsində hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri davam etdirilir, müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılır.
Əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyəti təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsləri yaradılıb. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Şuşa şəhərlərində çoxmənzilli yaşayış komplekslərinin, Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı, Füzuli rayonun Dövlətyarlı yaşayış məntəqələrinin təməli qoyulub.
Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə Enerji təchizatı infrastrukturunun qurulması, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, enerji səmərəliliyinin təmin edilməsi, yaşıl texnologiyaların tətbiqi, bu sahədə dövlət-özəl sektor tərəfdaşlığının təşviqi kimi tədbirlər nəzərdə tutulur.
Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələrinin icrası üçün texniki potensial mövcuddur və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə müqavilə bağlanıb. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin texniki potensialının olması müəyyənləşib. Bununla bağlı həmin ərazilərdə külək elektrik stansiyası layihəsinin reallaşdırılması planlaşdırılır.Tərtərçay, Həkəri çayı və bu çayların qollarında hidroenerji potensialı mövcuddur. İşğaldan azad edilmiş ərazilərdə yerləşən su elektrik stansiyaların bərpası və yenidən qurulması çərçivəsində müvafiq tədbirlər həyata keçirilməkdədir.
Qarabağda təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində də addımlar atılır. Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə bağlı işlərin təşkili məqsədilə Azərbaycan Prezidentinin 2021-ci il 29 may tarixli Sərəncamı ilə Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilmişdir.
Regionun zəruri infrastruktur üçün tələb olunan tikinti materiallarının təchizatı məqsədilə Ağdam rayonunda yerləşən “Şahbulaq” əhəng daşı yatağının dövlət-özəl tərəfdaşlığı çərçivəsində istifadəyə verilməsi üzrə müvafiq tədbirlər həyata keçirilir.İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər və Laçın rayonlarında yerləşən su elektrik stansiyaların bərpası və yenidən qurulması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülüe. Su elektrik stansiyasının bərpası və istismarı üçün İqtisadiyyat Nazirliyi tərəfindən özəl investisiyaların cəlb edilməsi üçün potensial investorların seçiminə dair müsabiqə elan edilib.
Bütövlükdə Qarabağ regionunun iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılmalı, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilməli, sənaye potensialı reallaşdırılmalı, zəruri təşviq mexanizmləri hazırlanmalı və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmalıdır. İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Zəngilan və Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilir.

Mahir Həmzəoğlu