Cənubi Azərbaycandan gələnlərin sayı artır, İrana gedənlər azalır...
Bakı Ekspo Mərkəzində pandemiya ilə bağlı yaranan 3 illik fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi keçirilir (Trend). Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir. Sərgi ənənəvi olaraq müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir.
Fəal istirahətin ən geniş yayılmış, həmçinin kütləvi növü olan turizmə aid tədbirlər nəinki bu sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır. “AITF 2023” sərgisi səyahət etməyi sevən Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək imkanı yaradan bir platformadır.
Sərgiyə Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrindən - Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və başqa ölkələrdən olan şirkətlər qatılıb. Budəfəki sərgidə Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak ediblər.
Qeyd edək ki, sərgi çərçivəsində panel müzakirələr aparılırır, ikitərəfli B2B görüşlər keçiriləcək, yerli və xarici şirkətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq yollarını, eləcə də tərəfdaşlığın digər formalarını müzakirə olunub. Həmçinin təhsil turizmi, xaricdə əmlak, idman turizmi, turizmdə İT texnologiyaları, ovçuluq və balıqçılıq, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səfirliklər, səyahət agentlikləri və turoperatorlar və s. kimi bir sıra sektorlar nümayiş edilir. “AITF 2023” turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir, belə ki, “AITF” beynəlxalq və yerli şirkətlərin bazar ehtiyaclarını və istehlakçı marağını qiymətləndirən, rəqabət mühitinin öyrənildiyi, inkişaf strategiyasının qurulduğu ölkənin turizm sənayesinin bərpasına təkan verən sərgidir.
Bəs pandemiyadan sonra turizmlə bağlı son vəziyyət necədir? Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 148 ölkəsindən 232,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 32,4 faizi Rusiya, 21,0 faizi Türkiyə, 9,2 faizi İran, 5,7 faizi Gürcüstan, 3,8 faizi Hindistan, hər birindən 3,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, 1,9 faizi Küveyt, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,7 faizi Qazaxıstan, hər birindən 1,5 faiz olmaqla Ukrayna və Belarus, 1,4 faizi Özbəkistan, 1,3 faizi Türkmənistan, 10,6 faizi digər ölkələrin vətəndaşlarıdır. Gələnlərin 77,5 faizini kişilər, 22,5 faizini qadınlar təşkil edir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 7,2 dəfə, Hindistandan - 6,7 dəfə, Özbəkistandan - 5,8 dəfə, Türkmənistandan - 5,1 dəfə, Belarusdan - 4,3 dəfə, Çindən - 3,6 dəfə, Qazaxıstandan - 2,4 dəfə, İsraildən - 1,9 dəfə, Omandan - 1,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,8 dəfə, ABŞ-dan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Gürcüstandan - 1,5 dəfə, Rusiyadan - 1,5 dəfə, Böyük Britaniyadan - 1,5 dəfə, Türkiyədən - 33,4 faiz, Ukraynadan - 8,8 faiz, İrandan - 7,8 faiz çoxalıb.
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 93,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,4 dəfə artaraq 9,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 19,8 faiz artaraq 40,6 min nəfər təşkil edib. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 35,1 faizi dəmir yolu və avtomobil, 63,4 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Maraqlıdır ki, pandemiyadan sonra ölkədən xaricə gedənlərin də sayında da artım müşahidə olunur. 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 18,3 faiz artaraq 218,0 min nəfər təşkil edib. Gürcüstana gedənlərin sayı 1,5 dəfə, Türkiyəyə 15,9 faiz, Rusiyaya 8,4 faiz artmış, İrana gedənlərin sayı isə 15,5 faiz azalıb. Ölkə vətəndaşlarının 39,7 faizi Türkiyəyə, 22,8 faizi Rusiyaya, 9,9 faizi Gürcüstana, 8,4 faizi İrana, 19,2 faizi digər ölkələrə səfər edib. Gedənlərin 70,0 faizini kişilər, 30,0 faizini qadınlar təşkil etmişdir. 2023-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən ölkə vətəndaşlarının 29,7 faizi dəmir yolu və avtomobil, 67,8 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir. Beləliklə də, son 1 ildə Cənubi Azərbaycandan gələnlərin sayı 7,8 faiz çoxalıb, İrana gedənlərin sayı 15,5 faiz azalıb.
Pandemiyadan sora ölkəyə turist axınında artım və turizm sektorunda canlanma müşahidə olunur. Belə ki, 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,9 faizi Rusiya, 19,5 faizi Türkiyə, 10,6 faizi İran, 6,0 faizi Səudiyyə Ərəbistanı, 5,1 faizi Gürcüstan, 3,8 faizi Hindistan, 3,2 faizi Pakistan, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Ukrayna, 1,6 faizi Özbəkistan, 1,5 faizi İsrail, 1,4 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Oman və Belarus, 10,8 faizi digər ölkələrin vətəndaşlarıdır. Gələnlərin 74,8 faizini kişilər, 25,2 faizini qadınlar təşkil etmişdir. Gələnlərin icərisində Rusiyanın 1-ci yerdə olması bu ölkədəki müharibə vəziyyəti ilə bağlıdır, azərbaycanlıların ölkəyə qayıdışında artım qeydə alınıb.
Bəs daxili turizmdə nə baş verir? Qarşıdan yay mövzusümünun gəlməsi ilə əlaqədar elə indirən demək olar ki, bu il də bizi regionlarda bahalı yay həyacanı gözləyir. Regionlarda hələ də qiymətlər yüksək, xidmətlərin kefiyyəti aşağıdır. Quru sərhədlərinin bağlı olması səbəbindən insanlar ölkə daxilində istirahət etməyə üstünlük verirlər. Bahalı təyyarə bileti alıb, yayı xaricdə keçirmək hər adamın cibinə və imkanlarına uyğun deyil. Kasıblar yayı evində keçirir, orta təbəqə isə ölkə daxilində turizmin imkanlarından yararlanmağa çalışır. Aviabiletlərin fantastik qiymətləri şəraitində Azərbaycanın bölgələrində istirahət həm də sərfəli görünə bilər...
2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci illə müqayisədə 1,5 dəfə artaraq 2647,1 min olub. Gecələmələrin 55,1 faizi Bakıda, 6,5 faizi Qəbələdə, 5,8 faizi Qubada, 4,9 faizi Xaçmazda, 4,1 faizi Qusarda, 3,8 faizi Şabranda, 3,6 faizi Lənkəranda, 3,2 faizi Naftalanda, 2,3 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi İsmayıllıda, 1,0 faizi Şamaxıda, 0,8 faizi Qaxda, 0,8 faizi Gəncədə, 0,7 faizi Şuşada, 0,7 faizi Masallıda və 5,6 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb. Bu isə onu göstərir ki, əksər otellərdə yerlər boşdur, otellərin qonaq qəbul etmək imkanları olsa da, arzu edilən qədər turist yoxdur. Turist yoxdursa, pul da yoxdur.
Ölkə vətəndaşlarının otellərdə keçirdiyi gecələmələrin sayı 1,253 milyon nəfər olub ki, bu da ümumi gecələmələrin 47,3 faizini təşkil edir. 2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci illə müqayisədə 1,7 dəfə artaraq 355,3 milyon manat olmuşdur ki, onun da 59,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,4 faizi ictimai iaşə xidmətlərindən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. 2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 15,7 faiz səviyyəsindədir (2021-ci ildə 11,1 faiz). Bu göstərici Şabranda 80,1 faiz, Naftalanda 37,6 faiz, Qubada 27,8 faiz, Beyləqanda 26,2 faiz, Lənkəranda 24,1 faiz, Bakıda 23,8 faiz, Ağcabədidə 20,0 faiz, Qəbələdə 19,7 faiz, Şuşada 16,7 faiz, Sabirabadda 16,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağıdır.
Regionlarda bu il qiymətlər əlverişli deyil. Otellərdə qiymətlər 50 manatdan 300 manata qədər dəyişir. Bir adamın 1 günlük istirahət xərcləri ən azı 100 manat ətrafındadır. Xidmətin keyfiyyəti də aşağıdır. Sezon vaxtında maksimum qazanc əldə etmək əsas hədəfdir. Bizdə turizm hələ də mövzümü xarakter daşıyır, ilboyu davam edən turizm formalaşmır. Bunda həm sahibkarların günahı var, həm də əhalinin gəlirlərinin turizmə pul xərcləmək üçün yetərli olmamasının. Sahibkarlar yay aylarında sanki turistləri soymağa girişirlər, müştəri məmnunluğu, növbəti aylarda onları yenidən qonaq kimi cəlb etmək strategiyaları yoxdur.
Mahir Həmzəoğlu