• 18 Aprel 2024
logo
“Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” layihəsi üzrə tədqiqatın nəticələrinin təqdimatı keçirilib

“Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” layihəsi üzrə tədqiqatın nəticələrinin təqdimatı keçirilib

Martın 16-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu tərəfindən hazırlanmış tədqiqatın nəticələri təqdim olunub.
Tədqiqatın məqsədi ölkənin inzibati və iqtisadi rayonlarının maliyyə özünəyetərliyi səviyyəsini qiymətləndirmək və bu əsasda reytinqini tərtib etməkdir. Bunun üçün müəlliflərin təklif etdiyi 3 fərqli metodologiya əsasında bölgələrimiz üçün “Özünümaliyyələşdirmə səviyyəsi indeksi” hesablanıb. Qiymətləndirmə zamanı regionların inkişaf dinamikası, sosial-iqtisadi göstəriciləri, əvvəlki dövrlərdə qəbul olunmuş qərarların regional inkişafa təsirləri kimi məsələlər də araşdırılıb.
Tədbirdə Maliyyə naziri Samir Şərifov, maliyyə nazirinin müavini Azər Bayramov və nazirliyin digər rəhbər əməkdaşları, İqtisadiyyat İnstitutunda formalaşdırılmış Müvəqqəti yaradıcılıq qrupunun üzvləri iştirak ediblər. İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli araşdırmanın metodologiyası və nəticələri haqqında geniş məruzə ilə çıxış edib.
Maliyyə naziri S.Şərifov təqdim olunan tədqiqat layihəsini yüksək qiymətləndirərək, nəticələrin faydalı olacağını vurğulayıb. Nazir qeyd edib ki, ölkənin qabaqcıl elmi mərkəzlərinin, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutların ölkə iqtisadiyyatı qarşısında duran çağırışların həll olunması üçün öz təkliflərini hazırlaması, o cümlədən ölkənin inzibati və iqtisadi rayonlarının maliyyə özünəyetərliyi səviyyəsini qiymətləndirməsi və özünümaliyyələşdirmə səviyyəsinin yüksəldilməsi ilə bağlı təkliflər irəli sürməsi müsbət qiymətləndirilir və bu praktikanın davam etdirilməsi nəzərdə tutulur.
Tədbirdə İqtisadiyyat İnstitutu tərəfindən təqdim olunmuş təhlilin metodoloji əsasları ərtafında geniş müzakirə aparılıb, müəlliflər bölgələrimizdə özünümaliyyələşdirmə səviyyəsinin yüksəldilməsi ilə bağlı təkliflər irəli sürüblər.
Tədqiqatın nəticələrinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.