• 25 Sentyabr 2026
logo
Kreditlər: yüksək faiz dərəcəsi və sərt girov şərtləri

Kreditlər: yüksək faiz dərəcəsi və sərt girov şərtləri

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, İpoteka və Kredit Zəmanət Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Kredit zəmanət mexanizminin biznesin inkişafında rolu” mövzusunda ictimai müzakirə təşkil olunub. Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının, bank və sığorta şirkətlərinin və biznes assosiasiyaların nümayəndələri iştirak ediblər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, Azərbaycanda da sahibkarlar maliyyələşmə mənbəyi kimi daha çox banklara üstünlük verirlər. Bankların kredit portfeli geniş olsa da, kreditləşmədə regionların payı təxminən 23 faiz, Bakı üzrə isə 77 faizdir. Agentliyə daxil olan müraciətlərin və aparılan sorğuların təhlili, həmçinin beynəlxalq inkişaf təşkilatlarının hesabatlarına əsasən, KOB subyektlərinin maliyyə mənbələrinə çıxışı sahəsində üzləşdikləri əsas çətinliklər yüksək faiz dərəcəsi, sərt girov şərtləri, risklərin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin əlyetərli olmamasıdır. Kredit zəmanət mexanizmi kiçik və orta sahibkarların maliyyə məhdudiyyətlərini aşmasına imkan yaradır, biznes layihələrinin maliyyələşdirilməsi üçün sahibkarların uzunmüddətli kreditlərlə təmin edilməsini dəstəkləyir. Həmçinin bankların yeni və daha geniş müştəri şəbəkəsinə çıxışını asanlaşdırır, risklərin minimallaşdırılmasını təmin edir. Ölkəmizdə kredit zəmanət mexanizminin formalaşması təqdirəlayiqdir, lakin KOB sektoruna yönəlik təminat sisteminin daha da təkmilləşməsinə ehtiyac var.
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri Fəxri Kazımov Fondun fəaliyyət istiqamətləri, maliyyə göstəriciləri, əldə olunan nailiyyətlər, həmçinin qeyri-neft sektorunda sahibkarlığa dəstək aləti olan kredit zəmanət mexanizminin yaradılmasının məqsədi barədə ətraflı məlumat verib. Vurğulanıb ki, yerli sahibkarların tələbləri nəzərə alınmaqla yaradılan bu mexanizm beynəlxalq təcrübənin ən uğurlu nümunələri öyrənilməklə müntəzəm olaraq təkmilləşdirilir. Mexanizm çərçivəsində şəffaflığı və operativliyi təmin etmək məqsədilə saibkarlardan müraciətlərin qəbulu “Elektron hökumət” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, hazırda Azərbaycanda qeydiyyatdan keçmiş sahibkarların sayı 1,4 milyona yaxındır. Bu rəqəm ölkəmizdə biznes qurmaq, özəl sektorda çalışmaq istəyənlərin böyük olduğunun göstəricisidir. Biznesin yaradılmasında maliyyə əlçatanlığı mühüm amillərdəndir. Hazırda Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20,3 milyard manat təşkil edir ki, bu kreditlərin 80 faizə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının payına düşür. Göründüyü kimi, bu göstərici regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu göstərir. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kreditlərə verilən dövlət zəmanəti mexanizmləri, faizlərin subsidiyalaşdırılması sahibkarların maliyyə əlçatanlığı üçün ən yaxşı alətlərdən biridir. Bu alətlər haqqında sahibkarların məlumatlılığını artırmaq, həmçinin mexanizmin gələcəkdə təkmilləşdirilməsinə ehtiyac var.
Əslində kredit zəmanət mexanizmi biznesin inkişafına müsbət təsir göstərir. Pandemiyadan zərər çəkmiş sahibkarlara verilmiş dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi də davam etdirilir. Ümumilikdə, dəstək proqramı çərçivəsində 1 yanvar 2023-cü il tarixinədək 41,4 milyon manat, o cümlədən 2022-ci il ərzində 26,1 milyon manat subsidiya ödənilib. Subsidiya ödənişləri kredit müddəti ərzində davam etdiriləcək. Bu dəstək mexanizminə əsasən, 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi həcmində subsidiyalar verilib. Proqram çərçivəsində 1 yanvar 2023-cü il tarixinə kredit qalıq məbləği 877,94 milyon manat olan 5052 müraciətə 71,9 milyon manat faiz subsidiyasının verilməsi Fond tərəfindən təsdiq edilib ki, artıq bu məbləğin 68,5 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib. Hazırda bu mexanizm üzrə müraciətlərin qəbulu davam etdirilir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2023-cü ildə “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” layihəsi həyata keçiriləcək. Artıq həmin layihənin hədəfləri də bəllidir. Əsas məqsəd Qarabağda fəaliyyət göstərəcək, bizneslə məşğul olacaq sahibkarlara maliyyə dəstəyi göstərməkdir.
Dövlət sahibkarlara Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə güzəştli kreditlər də verir. 2022-ci ildə SİF tərəfindən ümumi dəyəri 399,4 milyon manat olan 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Verilmiş kreditlərin 59,8%-i kənd təsərrüfatı, 23,9%-i sənaye məhsullarının istehsalı və emalı, 6,5-%-i turizm, 9,9%-i isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 70,6%-i regionların, 29,4%-i isə Bakı şəhəri və Abşeronun payına düşür. Ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.
Müsbət haldır ki, pandemiyadan sonra iqtisadiyyata sərmayə yatırımlarında artım meyilləri qeydə alınır. Belə ki, 2022-ci ildə əsas kapitala 18,272 milyard manat, yaxud 2021-ci il ilə müqayisədə 5,5 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 13,6 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 10,611 milyard manatı və ya 58,1 faizi məhsul istehsalı sahələrinə, 6735,6 milyon manatı (36,9 faizi) xidmət sahələrinə, 925,4 milyon manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14,719 milyard manatını və ya 80,6 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 13,462 milyard manatı və ya 73,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər isə 5,0 faiz təşkil edib.
İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, əsas sərmayəçi dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan 1300-dək müraciət daxil olub.
Bunlarla yanaşı, sahibkarların kreditlərə, maliyyəyə olan təlabatları tam ödənilmir. İş adamlarının investisiya qoyuluşları üçün dah çox vəsaitə ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir. Hər halda hökumət müyyən təşviqedici addımlar atır. Məsələn, Sahibkarlığın İnkişafı Fondu biznes subyektlərinin güzəştli kreditlərə çıxış imkanlarını genişləndirir. Bununla belə, mövcud dəstək mexanizmlərinin əhatə dairəsi genişləndirilməlidir. KOB-ların biznesin təşkili və idarə edilməsi sahəsində praktiki biliklər əldə etməsi və təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübədən istifadə edilməsi faydalı ola bilər.
Mahir Həmzəoğlu