“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas məqsədlərimizdən biri kiçik və orta biznesin (KOB) qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulda (ÜDM) payının 35 faizə çatdırılmasıdır. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Dayaq" mükafatının təqdimetmə mərasimində deyib. O qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi müəyyən edilir. Strategiyaya əsasən, qeyri-neft-qaz sektorunda KOB məşğulluğunun xüsusi çəkisinin 60 faizə çatdırılması da nəzərdə tutulub: “Ölkədə özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yerli və xarici investorların ölkə iqtisadiyyatına marağını artıracaq, qeyri-neft ixracı genişlənəcək. Prezident İlham Əliyevin təşəbbüsü ilə atılan bütün addımlar ölkədə sahibkarlığın, xüsusən də KOB-ların inkişafına yönəlib”.
Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət müxtəlif iqtisadi yollarla sahibkarlığın inkişafını təşviq edir. Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi artımın əsası kimi baxılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, “iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır”.
Əslində Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın dövlət tənzimlənməsi və dəstəklənməsi sahəsində qəbul edilmiş qərarlar, qanunlar, dövlət proqramları ölkədə azad rəqabətə əsaslanan sahibkarlığın inkişafı məqsədlərinə xidmət edir.
Ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatların nəticəsidir ki, sahibkarların sayı artır, iqtisadiyyatda özəl sektorun rolu və payı yüksəlir. Belə ki, əgər 1995-ci ildə ölkədə ümumi daxili məhsulda qeyri-dövlət bölməsinin payı 30,3 faiz təşkil edirdisə, sonrakı illərdə artaraq 2000-ci ildə 70,8%-ə, 2005-ci ildə 77,8%-ə, 2010-cu ildə 81,7%-ə, 2019-cu ildə 85%-ə yüksəlmiş, 2021-ci ildə 83,5% təşkil etmişdir. 2020-ci ildə ildə əvvəlki ilə nisbətən 4,2% azalma baş versə də, 2021-ci ildə yenidən artım qeydə alınmışdır.
2020-ci ildə azalmanın əsas səbəbi isə COVİD-19 pandemiyasının iqtisadiyyata, xüsusən də xəstəliklə əlaqədar olaraq həyata keçirilən məcburi qapanmalar nəticəsində özəl sektorun fəaliyyətinə mənfi təsiri ilə bağlıdır. Bu özünü daha çox sənaye, nəqliyyat, rabitə, sosial və digər xidmətlər sahəsində göstərib.
1995-2021-ci illərdə iqtisadiyyatın bütün sahələrində özəl sektorun xüsusi çəkisinin artımı müşahidə edilmişdir. Belə ki, ÜDM-də özıl sektorun payı 1995-ci ildə sənayedə 5,5%-dən 2021-ci ildə 88,8%-ə, tikintidə 79%-dən 87,5%-ə, kənd təsərrüfatında 61,5%-dən 99,9%-ə, ticarət və xidmətlər sahəsində 82,4%-dən 99,7%-ə, nəqliyyatda 4,6%-dən 84,8%-ə, rabitədə 10%-dən 81,5%-ə, sosial və s. xidmətlər üzrə 24,1%-dən 52,5%-ə yüksəlmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ÜDM-də özəl sektorun payı 2025-ci ilədək 88%-ə çatacaq.
İlk növbədə yeni sahibkarlıq subyektlərinin yaradılması, qeydiyyatı prosedurları asanlaşdırılıb. Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilmişdir. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına şərait yaradılmışdır ki, bu da ölkədə sahibkarların sayının artmasına imkan vermişdir. Hətta dünyada ən əlverişli nümunələrdən biri sayılır. Belə ki, sahibkarlıq subyektlərinin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Qeydiyyat prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv olunub, prosedur tam ödənişsizdir.
2022-ci il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 168 minə çatıb. Hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9 faiz), Lənkəran-Astara (10 faiz), Qazax-Tovuz (7,5 faiz) və Mərkəzi Aran (6,9 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,6 faizini kişilər, 21,4 faizini isə qadınlar təşkil edir.
Bunlarla yanaşı, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri davam etdirilir. Növbəti ildən bir sıra vergi güzəştlərinin şamil olunduğu kiçik və orta biznes (KOB) klaster şirkətlərinin yaradılması istiqamətində əməli addımlar atılacaq. KOBİA-nın sədri Orxan Məmmədov bildirib ki, ölkəmizdə dayanıqlı, müasir və rəqabət qabiliyyətli sahibkarlıq zümrəsi formalşamışdır. Azərbaycan şirkətləri artıq xarici bazarlarda da uğurla fəaliyyət göstərir və ixrac potensialını genişləndirirlər.
Azərbaycanda özəl sektorun hazırkı səviyyəyə çatması uzunmüddətli və müdrik iqtisadi siyasətin nəticəsində mümkün olmuşdur və bu inkişafın əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Onun sahibkarlara göstərdiyi diqqət və qayğı, verdiyi tövsiyələr, həyata keçirdiyi qətiyyətli islahatlar iş adamları üçün bir stimul oldu. Təsadüfü deyil ki, Azərbaycanda Sahibkarlar Gününün təsis edilməsi məhz ümummilli liderin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin 100 illiyi ilə əlaqədar 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində sahibkarlıq sektorunda da müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər həm onun gördüyü ölçüyəgəlməz işlərə bir daha nəzər salmaq, həm də zəngin irisinin davamı olaraq sahibkarlara dəstək tədbirlərinin təqdim edilməsi baxımından əhəmiyyətli olacaqdır.
KOBİA sədri qeyd edib ki, müxtəlif strateji proqramlar icra olunur, sahibkarlar üçün geniş vergi stimulları tətbiq olunur, real sektora investisiyalar təşviq edilir, bizneslərin inkişafı üçün çoxsaylı dəstək mexanizmləri və yeni təşkilati-hüquqi modellər hazırlanır. Ölkə rəhbərliyinin müvafiq sərəncamı ilə təsdiq edilmiş 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında sahibkarlığın, eləcə də KOB-ların inkişafının dəstəklənməsi ilə bağlı sistemli tədbirlər nəzərdə tutulmuşdur. Bu da biznes sektorunun yeni keyfiyyət mərhələsinə keçməsinə imkan verəcəkdir.
Bu yaxınlarda “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun qəbul olundu. Qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla hazırlanan bu sənəd KOB sektorunun inkişafının və dövlətin dəstək tədbirlərinin effektivliyinin yüksəldilməsinə xidmət edəcək. Azərbaycan Prezidentinin 2022-ci il 15 dekabr tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında nümunəvi əsasnamə” təsdiq olunmaq üzrədir. Artıq növbəti ildən bir sıra vergi güzəştlərinin şamil olunduğu KOB klaster şirkətlərinin yaradılması istiqamətində də əməli addımlar atılacaq.
Növbəti ildə mövcud dəstək mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi ilə yanası, yeni təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur. KOB-ların biznesin təşkili və idarə edilməsi sahəsində praktik biliklər əldə etməsi və təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübədə uğurla istifadə olunan pilot “Model müəssisə” layihəsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir və növbəti il ərzində yekunlaşdırılacaq. Habelə KOBİA-a Qarabağın bərpası və KOB sektorunun işğaldan azad edilmiş ərazilərə qayıdışı istiqamətində fəaliyyətini davam etdirəcək. Qarşıdakı dövrdə də Qarabağın biznes potensialının yerli və xarici investorlar arasında təşviqi, bu bölgədə fəaliyyət göstərməkdə maraqlı olan sahibkarlardan müraciətlərin qəbulu və ümumiləşdirilməsi, eləcə də bizneslərin yaradılması üçün zəruri əlaqələndirmə işləri tərəfimizdən təmin ediləcək.
Mahir Həmzəoğlu