• 25 Sentyabr 2026
logo
“Türk dünyası birləşir və güclənir”

“Türk dünyası birləşir və güclənir”

Vüqar Bayramov: “21-ci əsr türk əsridir”

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfəri başlayıb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərin əhəmiyyətindən danışan millət vəkili Vüqar Bayramov deyib ki, Türkiyə, Azərbaycan və Türkmənistan Prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşündə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. Millət vəkili bildirib ki, Türk Dövlətləri Şurasının yaradılması, bu istiqamətdə aparılan müzakirələr praktiki olaraq təkcə Türkiyə-Azərbaycan deyil, eyni zamanda Orta Asiya türk dövlətləri ilə Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Bu kontekstdə sammit Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli münasibətlərin dərinləşməsinə imkan verəcək. Türkmənistan strateji olaraq Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır.
Azərbaycanla Türkmənistan arasında anlaşma var, həmin anlaşmaya əsasən, Türkmənistan mavi yanacağı İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Müqaviləyə görə, illik iki milyard kubmetrədək qazın mübadiləsi nəzərdə tutulur.
Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkəsinə ixrac edilə bilər. Ona görə də qaz nəqli, bütövlükdə Türkiyənin enerji ixracatında haba çevrilməsi indiki halda müzakirə edilən məsələdir. Bu sammit iqtisadi əlaqələri genişləndirməklə yanaşı, həm də enerji sahəsində yeni addımların atılmasına imkan yarada bilər. Nəqliyyat, logistika və beynəlxalq yük daşımalar da tərəflərin diqqət mərkəzində olan məsələlərdəndir.
1.2 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. 21-ci əsr türk əsridir”.

Siyasi şərhçi Aqşin Kərimov diqqətə çatdırıb ki, Azərbaycanla Avro-Atlantik məkan arasında iqtisadi-siyasi münasibətlərin tempi yüksələn xətlə inkişaf etsə də, enerji məsələlərinin mərkəzinə bir sual gəlir: Görəsən, Azərbaycan Avropanın enerji təchizatında payını artırmağa nail ola biləcəkmi?
Onun fikrincə, Prezident İlham Əliyevin Türkmənistana səfəri bu suala cavab tapmaq üçün mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin - İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Sərdar Berdiməhəmmədov - Türkmənbaşı şəhərində Birinci Üçtərəfli Zirvə Görüşü öz enerjisini elə enerji resursları ilə bağlı yaranan çağırışlardan götürür.
Rusiya-Ukrayna müharibəsinin enerji bazarlarında ərsəyə gətirdiyi tektonik çatlar fonunda Avropa bazarları Azərbaycanın neft-qaz yataqlarına gözünü dikir və Bakı da qaz hasilatının artırılması üzrə öhdəlik götürməklə bağlı niyyətini bəyan edib.
Azərbaycan Avropaya qaz nəqlinin həcmini 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır və Bakı da, Avropa da, Türkiyə də bunun üçün imkanlar axtarırlar.
Həllərin tapılması üçün Bakı-Ankara-Aşqabad üçbucağında dərəcələr müəyyən edilməlidir, çünki ən uyğun format Türkmənistan qazı vasitəsilə hasilatın artırılmasına nail olmaqdır.
Üçtərəfli sammit şərtlərin formalaşması üçün optimal platformadır və Avropa bazarlarında üç ölkənin rolunun necə tarazlaşdırılması, tranzit üzrə qiymətlərin müəyyən olunması gündəlikdə dayanacaq.
Türkmənistanın üzərinə vurğu “Transxəzər” layihəsinin canlandırılması mahiyyəti daşıyır və üç ölkə liderinin görüşü Qərbin də diqqət mərkəzindədir.
Qərb Azərbaycan və Türkiyənin Türkmənistanı necə yola gətirəcəklərini dörd gözlə gözləyir”.
Ekspertin sözlərinə görə, Azərbaycanın özü də məsuliyyətini ikiqat artırır, o mənada ki, Avropaya satılan təbii qazın həcminin çoxaldılması fonunda daxili tələbatın adekvat qarşılanması qarşıda dayanan çağırışlardandır: “Bu, Azərbaycanın həm xarici, həm də daxili gözləntiləri qarşılamaq üçün balanslaşdırılmış idxala ehtiyacının yaranması deməkdir, hələlik Bakı 2022-ci ilin yanvarından etibarən Türkmənistanın iki milyard kubmetrlik qazının İran vasitəsilə Azərbaycana ixracını əhatə edən sxemə start verib. Bundan başqa, Azərbaycanın Rusiyadan da qaz tədarük edəcəyi açıqlanıb, yəni Bakı daxili tələbat üçün riskləri aradan qaldırmaq yolunda həlledici işlərə başlayıb, ancaq perspektivdə bu həcmin genişləndirilməsi vacibdir.
Azərbaycanın qaz ixracındakı potensialını razılıqlara əsasən göstərməsi üçün enerji bazarlarında şaxələnməyə ehtiyac var, Azərbaycan-Türkiyə-Türkmənistan danışıqlarında bu məsələyə də yer veriləcək.
Enerji bazarlarının diversifikasiyası üçün tələbatların xarakteristikasında infrastrukturun qurulması əhəmiyyət daşıyır. Bu layihə isə yüksək vəsait tələb edir, ancaq ölkələr həddindən artıq maliyyə yükünün altına girməkdən yayınırlar və hesablamaq olar ki, tərəflər xərcləri müəyyənləşdirmək və nisbəti bir-birinə uyğunlaşdırmaq üzərində işləyirlər.
Lakin bunlar sonrakı işlərdir, əsas məsələ Türkmənistanı razı salmaqdır, hərçənd ki, bu, Rusiya və Çini də narahat etdiyindən “ip ən azından bir düyünə hazır vəziyyətdədir” deyə bilərik.
Türkmənistan qazı uğrundakı rəqabət bu ölkəni kəskin maraq toqquşması ilə müşayiət ediləcək hadisələrin episentrinə gətirəcək.
Qərb, Rusiya və Çin bu proseslərdə hansı nöqtədə dayanmaq üçün indidən yeni sxemlər cızırlar.
Enerji bazarlarındakı çəkişmənin dünyaya gətirdiyi “övlad”lar təhlükəsizlik mühitində təhdid mənbəyindən birinə çevrilir, ona görə də Türkiyə Mərkəzi Asiyada elə nöqtədə dayanmaq istəyir ki, həmin regionda qızışan maraqları balanslaşdıra bilsin.
Bu, Azərbaycan üçün də əhəmiyyətlidir, çünki təkcə enerji resursları ilə əlaqəli deyil, həm də Bakının Türk Dövlətləri Təşkilatı çərçivəsindəki funksiyalarının tələbləridir”.

Əli