Azərbaycan dünyanın 181 ölkəsi ilə ticarət əməliyyatları aparır. Bu il 121 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən isə idxal həyata keçirilib. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 46,633 milyard ABŞ dolları olub. Ticarətin 35,046 milyard dollarını və ya 75,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 11,588 milyard dollarını (24,8 faizini) isə idxal məhsulları təşkil edib, nəticədə 23,458 milyard dollar məbləğində müsbət saldo yaranıb. 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 68,6 faiz, real ifadədə 9,3 faiz, o cümlədən ixrac 13,3 faiz, idxal isə 1,7 faiz artıb.
2022-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 16,2 faiz, real ifadədə 6 faiz artaraq 2,386 milyad dollar olub. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37,5 faizi İtaliya, 10,9 faizi Türkiyə, 6,2 faizi Rusiya, hər biri 3,8 faiz olmaqla Hindistan və Çin, 3,3 faizi İsrail, 3,0 faizi Yunanıstan, hər biri 2,1 faiz olmaqla Birləşmiş Krallıq və Xorvatiya, hər biri 2,0 faiz olmaqla Almaniya və İspaniya, 1,5 faizi Çexiya, hər biri 1,4 faiz olmaqla Portuqaliya və Gürcüstan, 1,2 faizi Ukrayna, 1,1 faizi Qazaxıstan, hər biri 1,0 faiz olmaqla ABŞ, İndoneziya,Vyetnam və Rumıniya, 12,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 49,2 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, 4,6 faizini Hindistana, 4,4 faizini İsrailə, 3,9 faizini Yunanıstana, 2,7 faizini Xorvatiyaya, 2,4 faizini İspaniyaya, 2,2 faizini Birləşmiş Krallığa, 2,1 faizini Rusiyaya, 1,9 faizini Çexiyaya, 1,8 faizini Portuqaliyaya, 1,5 faizini Gürcüstana, hər biri 1,2 faiz olmaqla Tunis və Almaniyaya, hər biri 1,1 faiz olmaqla İsveçrə, İndoneziya və Rumıniyaya, hər biri 1,0 faiz olmaqla Vyetnam, Ukrayna və İrlandiyaya, 5,3 faizini isə digər ölkələrə göndərilmiş məhsullar əhatə edib.
Azərbaycan üçün qeyri-neft məhsulları üzrə əsas ixrac bazarı Rusiyadır. Belə ki, qeyri-neft-qaz məhsulları üzrə ixracda Rusiyaya (28,8 faiz), Türkiyəyə (24,4 faiz), Gürcüstana (6,9 faiz), İsveçrəyə (6,4 faiz), Qazaxıstana (3,1 faiz), ABŞ-a (2,7 faiz), Niderlanda (2,5 faiz), Rumıniyaya (2,0 faiz), Bolqarıstana (2,0 faiz), İtaliyaya (1,9 faiz), Özbəkistana (1,4 faiz), Ukraynaya (1,4 faiz), Hindistana (1,3 faiz), Belarusa (1,2 faiz), Çinə (1,1 faiz), Birləşmiş Krallığa (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,5 faizi Rusiya, 15,8 faizi Türkiyə, 14,6 faizi Çin, 4,5 faizi Almaniya, 3,6 faizi Qazaxıstan, 3,4 faizi ABŞ, 3,3 faizi İran, 3,1 faizi Türkmənistan, 2,2 faizi İtaliya, 2,1 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Belarus, Koreya və Ukrayna, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Fransa və Hindistan, 1,3 faizi Braziliya, 1,1 faizi Finlandiya, 1,0 faizi Özbəkistan, 15,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2022-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən tütün ixracı 72,4 faiz, çay – 81,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 18,0 faiz, mineral gübrələr – 18,7 faiz, emal olunmamış alüminium – 31,7 faiz, qara metallardan çubuqlar – 45,3 faiz, sement klinkerləri – 12,2 faiz, qara metallardan borular – 33,0 faiz artmış, təzə meyvə ixracı isə 0,3 faiz, təzə tərəvəz – 5,0 faiz, kartof – 14,8 faiz, şəkər – 22,4 faiz, bitki yağları – 26,2 faiz, meyvə və tərəvəz şirələri – 11,0 faiz, meyvə və tərəvəz konservləri – 6,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 45,9 faiz, pambıq lifi – 37,1 faiz, polipropilen – 7,1 faiz, polietilen – 19,7 faiz, pambıq ipliyi – 51,2 faiz, qara metallardan yarımfabrikatlar – 45,2 faiz, bentonit gili – 1,4 faiz azalmışdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən, aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 537,8 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2%-ni təşkil edib. 2022-ci ilin müvafiq dövrü ərzində yeməli meyvələr və qoz-fındığın ixracı 25,1% artaraq 227,7 milyon ABŞ dolları, tərəvəz ixracı isə 180,5 milyon ABŞ dolları təşkil edib. Aqrar məhsullar strukturunda 3,4%-lik paya malik tütün və tütünün sənaye əvəzediciləri ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 15 milyon ABŞ dolları təşkil edib.
Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artıb. Aqrar-sənaye məhsullarının strukturunda 8,6%-lik paya malik çay ixracı 53,9% artaraq 8,5 milyon ABŞ dolları təşkil edib. Sənaye məhsullarının hərəkətverici qüvvəsi hesab edilən bitki və heyvan mənşəli piylər və yağlar 8,4% artaraq 20,9 milyon ABŞ dolları səviyyəsinə çatıb. 2022-ci ilin avqust ayı üzrə ixrac 3,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 204 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac 21,5% artaraq 46,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 157,4 milyon ABŞ dolları təşkil edib.
Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir. Çünki dünya bazarında kənd təsərrüfatı və ərzaq məhsullarına tələbin artması və bahalaşması fonunda hər bir ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi aktuldır. Pandemiyanın ardınca Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq böhranı təhlükəsini daha da gücləndirib. Müharibənin davam edəcəyi təqdirdə bu qış-yaz mövsümündə bu sahədə daha ciddi problemlərin yaranacağı gözləniləndir. Bu baxımdan Azərbaycan da istisna deyil. Hətta 2023-cü ildə də qiymət artımlarının davam edəcəyi gözləniləndir.
2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında buğda idxalı 7,4 faiz, xam şəkər – 0,3 faiz, təzə meyvə – 7,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 24,1 faiz, unlu qənnadı məmulatları – 10,0 faiz, çay – 0,4 faiz, quş əti və onun əlavə məhsulları – 9,0 faiz, dərman vasitələri – 35,0 faiz, polad prokatı – 34,6 faiz, rezin şinlər – 0,7 faiz, sintetik yuyucu vasitələr – 9,8 faiz, məişət kondisionerləri – 42,8 faiz, mebellər – 9,1 faiz, polietilen – 69,9 faiz, qara metallardan çubuqlar – 14,4 faiz, avtobuslar – 87,6 faiz, polipropilen – 15,6 faiz, sement – 30,7 faiz artıb. Bitki yağları idxalı isə 2,9 faiz, şokolad və şokolad məhsulları – 6,7 faiz, kartof – 3,7 faiz, mal əti – 28,4 faiz, təzə tərəvəz – 31,4 faiz, siqaretlər – 76,5 faiz, minik avtomobilləri – 17,5 faiz, qara metallardan borular – 14,0 faiz, hesablama maşınları, blok və qurğuları – 28,2 faiz, yük avtomobilləri – 10,6 faiz, mineral gübrələr – 28,0 faiz, paltaryuyan maşınlar – 24,1 faiz, qara metallardan künclüklər – 8,5 faiz, məişət soyuducuları – 41,2 faiz azalıb.
Ukraynada müharibə başlayandan sonra ölkələr tərəfindən tətbiq edilən ticarətlə bağlı qadağalar artıb. Qlobal ərzaq böhranı, daxili təklifi artırmaq və qiymətləri azaltmaq məqsədi ilə ölkələr tərəfindən qoyulan ərzaq ticarətinə məhdudiyyətlərin sayının artması diqqət çəkir. 2022-ci il noyabrın 7-nə olan məlumata görə, 20 ölkə 24 ərzaq növü ixracına qadağa, səkkiz ölkə isə ixracı məhdudlaşdıran 12 tədbir həyata keçirib.
Əslində yüksək ərzaq qiymətləri milyonlarla insanı ifrat yoxsulluğa sürükləyən, aclıq və qida çatışmazlığını artıran qlobal böhrana gətirib çıxarıb. Dünya Bankının hesabatına görə , COVID-19 pandemiyası qlobal yoxsulluğun azaldılmasında böyük uğursuzluğa səbəb olub. İndi iqlim şokları və münaqişələr nəticəsində qida və enerji qiymətlərinin artması meyilləri davam edir. FAO-WFP hesabatına görə, kəskin ərzaq çatışmazlığı ilə üzləşən və təcili yardıma ehtiyacı olan insanların sayının 53 ölkə və ərazidə 222 milyon insana çatacağı gözlənilir.
BVF-nin hesabatlarına görə , ərzaq və gübrə idxal qiymətlərinin yüksək olmasından ən çox təsirlənən 48 ölkədə həssas ailələrə kömək etmək üçün əlavə xərclərə 5-7 milyard dollar lazımdır. Kəskin ərzaq təhlükəsizliyinə son qoymaq üçün əlavə 50 milyard dollar tələb olunur.
Mahir Həmzəoğlu