• 2 Oktyabr 2022
logo
İqtisadi artım meyilləri və yüksələn qiymətlər

İqtisadi artım meyilləri və yüksələn qiymətlər

Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlara və gözləntilərə uyğun olaraq pandemiyanın səngiməsi ilə iqtisadi artım meyilləri qeydə alınmağa başlayıb. Belə ki, rəsmi statistikaya əsasən, 2022-ci ilin yanvar-iyul aylarında ölkədə 74,155 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunuub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb. ÜDM istehsalının 52,9 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,3 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 7375,9 manat təşkil edib.
Gözlənildiyi kimi 2022-ci ildə pandemiya səngidi, iqtisadi aktivlik yüksəldi, Azərbaycan da daxil omaqla bir çox ölkələrdə iqtisadi artım qeydə alınır. Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun və hökumətin öz proqnozlarına görə, 2022-ci ildə Azərbaycanda 4-5% aralığında iqtisadi artım gözlənilir. Asiya İnkişaf Bankı isə 2022-ci ildə Azərbaycan iqtisadiyyatının artımını 2,5 faiz səviyyəsində proqnozlaşdırır. Azərbaycanın öz proqnozlarına görə, ÜDM 2023-cü ildə 5,3%, 2024-cü ildə 3,7% və 2025-ci ildə 3,1% artacaq.
ÜDM artımı ilə yanaşı ixracda da artım meyilləri müşahidə olunur. Maraqlıdır ki, ixracda artım qeydə alınsa da, idxal azalır. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirmiş, 113 ölkəyə məhsul ixrac olunmuş, 151 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 25,886 milyard ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 19,528 milyard dollarını və ya 75,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 6,35 milyard dollarını (24,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 13,172 milyard dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 73,4 faiz, real ifadədə isə 8,1 faiz artmışdır. İxrac real ifadədə 14,4 faiz artmış, idxal isə 2,9 faiz azalmışdır.
2022-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 25,4 faiz, real ifadədə 12,4 faiz artaraq 1457,6 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ölkənin xarici ticarət dövriyyəsinin 36,7 faizi İtaliya, 11,7 faizi Türkiyə, 6,3 faizi Rusiya, 3,9 faizi Çin, 3,8 faizi İsrail, 3,6 faizi Hindistan, 2,9 faizi Birləşmiş Krallıq, 2,4 faizi Yunanıstan, 2,2 faizi Almaniya, hər biri 1,8 faiz olmaqla Ukrayna və Gürcüstan, 1,7 faizi Portuqaliya, 1,5 faizi İspaniya, 1,4 faizi İsveçrə, hər biri 1,3 faiz olmaqla Çexiya, Tunis və Qazaxıstan, 1,1 faizi Tailand, 13,3 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 48,6 faizini İtaliyaya, 10,0 faizini Türkiyəyə, 5,1 faizini İsrailə, 4,4 faizini Hindistana, 3,3 faizini Birləşmiş Krallığa, 3,1 faizini Yunanıstana, 2,3 faizini Portuqaliyaya, hər biri 2,1 faiz olmaqla Rusiya və Gürcüstana, 1,9 faizini İspaniyaya, hər biri 1,8 faiz olmaqla Tunis və Ukraynaya, hər biri 1,7 faiz olmaqla İsveçrə və Çexiyaya, 1,5 faizini Almaniyaya, 1,3 faizini Tailanda, 0,8 faizini Xorvatiyaya, hər biri 0,7 faiz olmaqla Rumıniya və İrlandiyaya, 5,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (29,4 faiz), Rusiyaya (26,2 faiz), Gürcüstana (6,1 faiz), İsveçrəyə (5,8 faiz), ABŞ-a (3,9 faiz), İtaliyaya (2,6 faiz), Niderlanda (2,1 faiz), Hindistana (2,0 faiz), Qazaxıstana (1,6 faiz), Özbəkistana (1,4 faiz), Rumıniyaya (1,4 faiz), Braziliyaya (1,3 faiz), Belarusa (1,2 faiz), İsveçə (1,1 faiz), Ukraynaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,6 faizi Rusiya, 16,6 faizi Türkiyə, 14,8 faizi Çin, 4,8 faizi Qazaxıstan, 4,4 faizi Almaniya, 3,5 faizi İran, 2,7 faizi ABŞ, 2,3 faizi İtaliya, 2,1 faizi Ukrayna, 1,9 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Koreya, Türkmənistan, Fransa və Birləşmiş Krallıq, 1,4 faizi Hindistan, hər biri 1,0 faiz olmaqla Özbəkistan, Belarus və İndoneziya, 16,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
Azərbaycnda iqtisadi artımın müşahidə olunması dünyada ərzaq böhranının yaşandığı, qlobal ərzaq qiymətlərinin kəskin bahalaşdığı bir dövrdə yaxşı meyillərdir. Dünya bazarında kənd təsərrüfatı və ərzaq məhsullarına tələbin artması və bahalaşması fonunda hazırda hər bir ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi gündəmə çevrilib. Pandemiyanın ardınca Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq böhranı təhlükəsini daha da gücləndirib. Bəxtimiz gətirib ki, neftin qiymətləri bir qədər ucuzlaşsa da, dövlət büdcəsində nəzərdə tutulandan yüksəkdir, 100 dollar ətrafında dəyişir. Hətta “qara qızıl”ın bahalaşmasını və gəlirlərin artmasını nəzərə alan hökumət dövlət büdcəsində neftin qiymətini 50 dollardan 85 dollara yüksəltdi, 2022-ci ilin ilin dövlət büdcəsinin gəlirləri də artırıldı. Çünki ilin sonunacan neftin həmin həddən baha olacağı gözlənilir.
Amma bunlarla yanaşı qiymətlərdəki artım meyilləri də davam edir. Bekə ki, 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 13 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,1 faiz yüksəlib. Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 113,7 faiz təşkil edib.
Bu ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətlərində müşahidə olunub.
Azərbaycanda daha çox idxal məhsulları bahalaşır. Bahalaşmaya əsas səbəblər koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, bir sıra ölkələrin kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlətlər tədbiq etməsi, ixrac rüsümlarını artırması, ixracatçı ölkələrin daxili ərzq ehtiyatlarını artırmağa yönəlmiş siyasəti, əlverişsiz iqlim dəyişiklikləri, dünyada ərzağa, xüsusən də ekoloji təmiz məhsullara təlabatın artması kimi amillərdir. Qarşıdan gələn payız-qış mövsümündə bu sahədə daha ciddi problemlərin yaranacağı gözləniləndir. Ona görə də, gələn qış mövsumünə daha hazırlıqlı omaq vacibdir.
Əslində bu il də qiymət artımlarının davam edəcəyi gözlənilən idi. Ümumiyyətlə, yaxın onillikdə dünyada kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərinə hava şəraiti, iqtisadi artım və gəlirlərin bölgüsü, demoqrafik və qida rejimi dəyişiklikləri, texnoloji inkişaf və siyasi hadisələr təsir edəcək. Lakin bununla yanaşı, bəzi optimist proqnozlara görə, tələb artımının yavaşlaması və gözlənilən məhsuldarlıq artımı fonunda real ifadədə qiymətlər tədricən azalmağa başlayacaq. Proqnoz orta müddətli tendensiyalara yönəlib, lakin kənd təsərrüfatı bazarlarında qiymətlərin qısamüddətli dəyişməsinə şərait yarada biləcək bir çox amillər və risklər də var. Belə ki, dünyada regional disbalans güclənir, idxal və ixraca ticarət məhdudiyyətlərinin tədbiqi ölkələrin ərzaq təhlükəsizliyinə və qidalanmaya, habelə fermerlər üçün vəsait və xammal mənbələrinə çıxışına neqativ təsir göstərə bilər. Təbii resursların qiymətlərinin artması, davam edən qlobal pandemiya və gözlənilməz hava şəraiti 2022-ci ildə də bazar konyukturasının sabitləşməsi üçün çox az ümid yaradır.
Mahir Həmzəoğlu