• 8 Avqust 2022
logo
“Meşə fondu ərazilərində arı ailələrini yerləşdirmək mümkünsüzdür”

“Meşə fondu ərazilərində arı ailələrini yerləşdirmək mümkünsüzdür”

Səməd Hacıyev: “Nəticədə ölkəmiz potensial olaraq minlərlə ton məhsuldan məhrum edilir”

Bu gün Azərbaycanda arıçılıq əlverişli iqlim və ərazilər var. Ötən illərlə müqayisədə bu sahədə inkişaf nəzərə çarpır. Amma hələ də ölkədə bal istehslı istənilən səviyyədə deyil. Halbuki Azərbaycan balı dünyada keyfiyyəti ilə tanınır və tələb oilunan səviyyədə bal istehsal olunarsa ixrac potensialımız artar, bu isə həm vətəndaşlarımız, həm də dövlətimiz üçün ciddi gəlir mənbəyinə çevrilə bilər.
Prezident İlham Əliyevin “Azərbaycanda arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli sərəncamı bu sahədə ciddi dönüşün yaranmasına səbəb olub. Sərəncamın imzalanmasından ötən dövr ərzində bal istehsalında ciddi artım müşahidə edilib. Xatırladaq ki, sözügedən sərəncama əsasən, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə hər arı ailəsinə (pətəyə) görə subsidiya ödənilir.
Agro.gov.az saytı yazır ki, Azərbaycan Respublikasında heyvandarlıq sektorunun perspektivli fəaliyyət sahələrindən biri də arıçılıqdır. Arıçılıq – bal arılarının yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsidir.
Arılar – uçan həşaratlar ailəsinə aid olmaqla dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir. Onlar 15 km.-ə qədər yol qət edə blirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara da xəbər verir və bu zaman bütün arılar həmin yerə uçurlar. Arılar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar.
Azərbaycan Respublikasının ərazisi arıçılığın inkişafı baxımından əlverşli təbii-iqlim şəraitinə və bal verən zəngin bitgi örtüyünə malikdir. Öz növbəsində, arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli fəaliyyət sahəsi, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həmçinin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhvə verən ekoloji amildir. Arıçılıq elə bir kənd təsərrüfatı sahəsidir ki, onun inkişafı ətraf mühitin heç bir resursunu azaltmır, əksinə, biomüxtəlifliyin qorunmasına, kənd təsərrüfatı bitkilərinin daha yaxşı tozlandırılmasına və bununla da keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsinə ciddi töhvə verir.
Respublikamızda mövcud “Boz Qafqaz”, “Sarı Qafqaz” arı cinsləri, “Qabaqtəpə” və “Qonaqkənd” arı populyasiyalarının cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığın yüksəlməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan balın mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etketləmə məsələləri də həyata keçrilməlidir. Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizinin Azərbaycanın payına düşdüyünü nəzərə alsaq, respublikamızda bu sahədə böyük potensial imkanların və prespektivlərin olduğunu aydın görürük. Hər il ardıcıl olaraq arıçılıq məhsullarının sərgi-satış yarmakaları keçrilir ki, bu da arıçıların maddi imkanlarının yaxşılaşmasına şərait yaradır.
Arıxanalarda müxtəlif səbəblər üzündən (beçəvermə, zəiflik, xəstəliklər və s.) arı ailələri eyni səviyyədə bal verə bilmir. Buna görə də hesablamaları məhsuldarlığın orta həddi ilə aparsaq Azərbaycanda bal istehsalının illik həcminin hazırda 5000 ton ətrafında olduğunu demək düzgün olar. Respublikamızda hər nəfərə düşən illik istehlak səbətində balın miqdarı 0,5 kq (500 qram) təşkil edir. Bu dünyada orta istehlak göstəriciləri ilə müqayisədə aşağıdır. Belə ki, Türkiyə, Almaniya, Avstriya, Yunanstan, Ukrayna və İsveçrədə hər nəfərə düşən illik bal istehlakı 1,01-1,53 kq, ABŞ, Fransa, Kanada, Böyük Britaniyada - 0,55-0,60 kq, Yaponiya, İtaliya və Rusiyada isə 0,35-0,40 kq-dır.
Arıçılıqda mühüm məsələrdən biri arı ailələrinin məhsuldarlığı göstəricisidir. Hər bir arı ailəsinin məhsuldarlığı üzrə orta dünya göstəricisi 22 kq, Türkiyədə-16 kq, Çində-48 kq, Kanadada-55 kq-dır.
Ariçiliğin inkişafinin əsas istiqamətləri: qarşıya qoyulan məq-sədlərə nail olmaq üçün arıçılıqda üç istiqamətdə fəaliyyət göstərmək lazımdır:
1.Arı ailələrinin sayını artırmaq (ekstensiv yol)
2.Arı ailələrinin məhsuldarlığını artırmaq (intensiv yol)
3.Arıçılığın yem bazasını gücləndirmək...

Göründüyü kimi ölkəmizdə bal istehsalı üçün ciddi potensial olduğu halda istehsal hələ də istənilən səviyyədə deyil.
Ona görə də arıçılığın inkişafı və bal istehsalının daha da artırılması üçün yerlərdə ciddi işlər aparılmalıdır. Məhsuldarlığın bol olması üçün eyni zamanda, xüsusilə dağlıq ərazilərdə əlverişli şəraitin yaradılması vacibdir.
Astarada yaşayan və ümumilikdə cənub bölgəsində fəaliyyət göstərən peşəkar arıçılarımızdan olan Səməd Hacıyev “Xalq Cəbhəsi”nə bildirib ki, arı ailələrini köçürən zaman çoxsaylı problemlərlə qarşılaşırıq: “Problemlər obyektiv səbəblərlə yanaşı süni olaraq da yaradılır. Buna görə də, hazırda meşə fondu ərazilərində arı ailələrini yerləşdirmək demək olar ki, mümkünsüzdür.
İlk öncə qeyd edim ki, meşələrə arı ailələrini yerləşdirmək üçün yol yoxdur. Bu isə arıçılar üçün ciddi prblemlərə səbəb olur. Nəticədə ölkəmiz potensial olaraq minlərlə ton məhsuldan məhrum edilir. Buna görə də məsələnin həll olunması üçün ciddi dəstəyə və mexanizmə ehtiyac var.
Fikrimcə, aidiyyəti qurumlar koordinasiyalı şəkildə işləsə, yəni birlikdə hərəkət etsə, biz arıçılar daha çox və tərkibi daha zəngin olan bal istehsal edə bilərik”.
Səməd Hacıyev əlavə edib ki, yol olmadığına görə 1000 -1500 arı ailəsi 1 kilometr radiusda səliqəsiz və bir-birinə mane olaraq yığılır və buna görə də, heç kim məhsul götürə bilmir: “Bəllidir ki, dövlətimiz arıçılığın inkişafı üçün bizə maddi dəstək olur. Amma rayon mərkəzlərində olan qurumlar bizə heç bir kömək etmirlər...
Ən azı meşələrin dərinliklərinə planlı yollar çəkilsə, arı ailələri arıçıların tövsiyə və təklifləri əsasında bir-birinə mane olmadan bölüşdürülsə effektiv nəticə əldə edə, bol məhsul götürə bilərik.
Onu da nəzərinizə çatdırım ki, meşələrimiz arıçılıq üçün həm kəmiyyət, həm də keyfiyyət baxımından əlverişlidir.
Arıçıların yaşadıqları və fəaliyyət göstərdikləri ərazilərə uyğun şəkildə köçürmə işləri düzgün tənzimlənməli və daha yaxşı nəticələr qazanmaq üçün hamı ədaləti çıxış yolu axtarmalıdır”.

Əli Zülfüqaroğlu