• 24 Sentyabr 2026
logo
İşğaldan azad edilmiş ərazilərimizdə biznesə dövlət dəstəyi

İşğaldan azad edilmiş ərazilərimizdə biznesə dövlət dəstəyi

Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır. Belə ki, Qarabağda sahibkarlar 2023-cü il yanvarın 1-dən vergi və rüsumlardan azad ediliblər. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığın təşkili nəzərdə tutulur. Əslində regionun iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Burada sahibkarların müxtəlif güzəştlər əldə etməsi üçün əlverişli şərait yaradılıb və biznes fəaliyyəti stimullaşdırılır.
Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır. Məsələn, aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına kommunikasiya və logistik infrastruktur qurulur. İnfrastruktur elektrik, təbii qaz, içməli və texniki su, sürətli internet, həmçinin daxili və tranzit yük daşımalarını həyata keçirməyə imkan verən avtomobil və dəmir yolu, eləcə də anbarlardan ibarətdir.
Sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarının üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verir. Rezidentlər bu imkanlardan istifadə edərək investisiya xərclərinə qənaət edir, məhsulun maya dəyərini aşağı sala bilirlər. Bundan əlavə, sənaye parklarında idarəetmə ilə bağlı məsləhət xidmətləri, sənaye üzrə ixtisaslı kadrların hazırlanması və digər dövlət dəstəyi tədbirləri təşkil olunur.
Ölkənin digər yerlərində fəaliyyət göstərən sənaye parklarından fərqli olaraq, işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında kommunal, xammal, sosial sahələri əhatə edən əlavə güzəştlər paketi təklif edilir.
İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarının rezidentləri üçün tətbiq edilən güzəştlər bunlardır. Rezidentlər qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib. Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır. Bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20%-i məbləğində maliyyə yardımı ödənilir.
Sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər də verilir Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.
Sahibkarlar elektron hökumət portalı və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsi (https://edf.gov.az) üzərindən "Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər.
İnsan kapitalının inkişafı məqsədilə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olan mütəxəssislərə əlavə məzuniyyət verilir, onların aylıq vəzifə maaşlarına əlavələr hesablanır. Tezliklə Ağdam Sənaye Parkında tikinti materiallarının, havalandırma və yanğınsöndürmə avadanlıqlarının, müxtəlif metal məmulatlarının, həmçinin ayaqqabı və s. məhsulların istehsalı müəssisələri istehsal fəaliyyətinə başlayacaq. Yaradıldığı vaxtdan 3 ildən az keçməsinə baxmayaraq, artıq Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə ikinci sənaye parkına çevrilib.
Ağdam sənaye parkında sahibkarlar üçün şərait var. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılmışdır. Hazırda Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və artıq Sənaye Parkında sosial zonanın təşkili yekunlaşmış və parka ayrılmış 190 hektar ərazi minalardan təmizlənmiş, elektrik enerjisi və su təchizatı sistemi qurulmuşdur. Həmçinin rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılmış, əraziyə asfalt yol çəkilmiş, abadlıq işləri aparılmışdır.
Ağdam Sənaye Parkında 21 sahibkarlıq subyektinə rezident, 6 sahibkara isə qeyri-rezident statusu verilib. Müsbət haldır ki, burada fəaliyyət göstərmək arzusunda olan şirkətlərin sayı artır. Ağdam Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi də yaradılacaq. Bbelə ki, bu yaxınlarda "Ağdağ" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. İnvestisiya dəyəri 15 milyon manat olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.
bu il Ağdam Sənaye Parkında beşdən artıq müəssisə (divar kağızları, bir neçə növ ayaqqabı, dam örtükləri, boru və qutu profilləri, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatları istehsalı müəssisələri və s.) işə başlayacaq. Rezidentlər tərəfindən sənaye parkına 190 milyon manatdan çox investisiya qoyuluşu və 1700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu sənaye müəssisələrində istehsal olunacaq məhsullar ilk növbədə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələdə isə “Made in Azerbaijan” brendi ilə ixrac ediləcək. İndiyədək sənaye parkının rezidentləri tərəfindən 15,3 milyon manatdan çox investisiya qoyulub, 120-yə yaxın daimi iş yeri yaradılıb.
Ağdam Sənaye Parkının rezidenti “NN-Tel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bu ilin may ayından PVC dam örtüklərinin istehsalı zavodunun qurulması üçün tikinti işlərinə başlamağı planlaşdırır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “NN-Tel Group” MMC-nin direktoru Nərgiz Bədəlova bildirib. Onun sözlərinə görə, tikinti işlərinin təxminən 2-3 ay davam edəcəyi gözlənilir. Artıq layihənin birinci mərhələsi üzrə işlər görülüb. Zavodun fəaliyyəti üçün tələb olunan avadanlıqlar və xammalın alınması məqsədilə bir sıra xarici şirkətlərlə müqavilələr bağlanılıb. Zavod üçün avadanlıqlar Rusiya və Çindən alınacaq. Məhsul istehsalında yerli xammalla yanaşı, Türkiyə, Rusiya və Çindən idxal ediləcək xammaldan da istifadə ediləcək. Layihənin investisiya dəyəri 1,3 milyon manatdır. PVC dam örtüklərinin istehsalını həyata keçirəcək “NN-Tel Group”un aylıq istehsal həcmi 14000 kvadratmetr olacaq.
“Araz Vadisi İqtisadi Zonası”nda isə əsasən texnikalara xidmət üzrə layihələr həyata keçirilməkdədir, logistika və avadanlıq layihələrinin isə icrası gözlənilir. İşğaldan azad olunmuş ərazilərimizdə yaradılmış yeni sənaye parkları və sahibkarlar üçün tətbiq edilən güzəşt və stimullar bölgədə inkişaf və biznesin dirçəlişi üçün böyük investisiyaların cəlb edilməsində önəmli rol oynayacaq.
Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Ağdam işğaldan qabaq da Qarabağın sənaye mərkəzi olub. Bu ənənə davam etdiriləcək və rayonda yeni sənaye müəssisələri yaradılacaq, minlərlə yeni iş yerləri açılacaq. Bu, həm də işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafına nail olunması baxımından vacibdir.

Mahir Həmzəoğlu