• 24 Sentyabr 2026
logo
Biznes üçün güzəştli kreditlər

Biznes üçün güzəştli kreditlər

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Fond tərəfindən son dövrlərdə daha çox kiçik və orta həcmli kreditlər verilib. Hesabata əsasən, ötən il fondun əməliyyat gəlirləri 2022-ci il ilə müqayisədə 53 faiz artaraq 20 milyon 779 min manat olub. Əməliyyat xərcləri çıxılmaqla, fondun vergidən əvvəl mənfəəti 15 milyon 108 min manat, mənfəət vergisi xərci isə 2023-cü ildə 2 milyon 605 min manat təşkil edib.
Fond 2023-cü ili 12 milyon 503 min manat mənfəətlə başa vurub. 2023-cü il 31 dekabr tarixinə fondun cəmi aktivləri 6 faiz artaraq 1 milyard manat, öhdəlikləri 837 min manat və kapitalı 1,010,659 min manat olub. Sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə fond tərəfindən son dövrlərdə daha çox kiçik və orta həcmli kreditlər verilib. Beləliklə, kiçik həcmli kreditlərin ümumi balans dəyəri 25 faiz artaraq 130 milyon 447 min manat, orta həcmli kreditlər isə 24 faiz artaraq 169 milyon 936 min manat olub. Əlavə olaraq, hesabat dövrü ərzində fondun sənaye sektoru üzrə kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilib. Belə ki, kredit portfelinin həmin sektor üzrə ümumi balans dəyəri 10 faiz artaraq 307 milyon 536 min manata çatıb. Sənaye sektoru üzrə kredit portfelinin ümumi kredit portfelində xüsusi çəkisi 33 faizə yüksəlib.
Fondun illik maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğunluğu müstəqil auditor şirkətləri tərəfindən hər il yoxlanılır. Ötən ilin maliyyə hesabatları “Baker Tilly Azərbaycan” audit şirkəti tərəfindən audit olunub və hesabatlara müsbət auditor rəyi verilib. Audit rəyinə əsasən, maliyyə hesabatları fondun 2023-cü il 31 dekabr tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.
Dövlət müxtəlif iqtisadi rıçaqlar vasitəsilə sahibkarlığın inkişafını dəstəkləyir. Belə institutlardan biri də artıq 30 ildir fəaliyyət göstərən İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondudur. Fondun əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübələrin təşviqi yolu ilə dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.
Fondun başlıca fəaliyyət istiqamətlərinə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək; sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək; müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq; sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək daxildir.
Dövlət müxtəlif vasitələrlə regionlarda sahibkarlığın inkişafına dəstək verir, onu stimullaşdırır. Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları da bu baxımdan çox əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə əsasən ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar aparılıb. Strateji Yol Xəritəsinə əsasən, 2025-ci ilədək Azərbaycanda müasir texnologiyalara, bazarlara və maliyyə vəsaitlərinə bərabər çıxış imkanları təmin edən rəqabət mühiti yaradılacaq. Habelə yerli şirkətlərin canlanmasına və investorların dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə şərait yaradacaq biznes mühiti təmin ediləcək. Biznes mühitinin yaxşılaşdırılması isə ölkənin bütün regionlarında sahibkarlığın davamlı inkişafına və əhalinin rifahının yaxşılaşmasına şərait yaradır.
Hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla həyata keçirilir. Regionlarda kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun artırılması baxımından belə sənaye məhəllələrinin əhəmiyyəti böyükdür.
Bunlarla yanaşı, sahibkarların kreditlərə, maliyyəyə olan təlabatları tam ödənilmir. İş adamlarının investisiya qoyuluşları üçün dah çox vəsaitə ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir.
Ölkədə sahibkarların, vergi ödəyicilərinin sayında artım müşahidə edilir ki, bu da yaxşı tendensiya hesab oluna bilər. Belə ki, 2024-cü il aprel ayının 1-nə respublika üzrə uçotda olan 1,538 milyon vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz (ümumi artımın 86,5 faizi), hüquqi şəxslərin sayı isə 8 faiz (ümumi artımın 13,5 faizi) artıb. Vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub. Kommersiya qurumlarının sayı 179.026 vahid təşkil edib və 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artıb.
2024-cü ilin yanvar - mart aylarında 2.825 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 2.544-ü (90,1 faiz) yerli investisiyalı, 281-i (9,9 faiz) xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 2.198-i (77,8 faizi) elektron qaydada, 627-si (19,3 faizi) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onların 738-nin (ümumi qeydiyyatın 22,2 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib. Yanvar - mart ayları ərzində qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 86,8 faiz təşkil edib. Kommersiya qurumlarının 2.198-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 1.892-si Asan imza, 306-sı yeni üsul ilə edilmiş müraciətlər əsasında qeydə alınıb. Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36134 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,5 faiz təşkil edib.
Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilib. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına şərait yaradılıb ki bu da ölkədə sahibkarların sayının artmasına imkan verib. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət müxtəlif iqtisadi yollarla sahibkarlığın inkişafını təşviq edir. Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi artımın əsası kimi baxılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, “iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır”.
Bu arada hökumət özəlləşdirmənin əhatə dairəsini də genişləndirməyə, iri və orta müəssisələri də özəlləşdirməyə çıxarmağa başlayıb. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, iqtisadi diversifikasiya və səmərəliliyin artırılması məqsədilə davamlı struktur islahatları həyata keçirilir. Bu islahatlar dövlət müəssisələrinin fəaliyyət sahəsini də əhatə edir. İri dövlət müəssisələrinə özəl investisiyaların cəlbi onların fəaliyyətinin rəqabət mühitinin tələblərinə uyğunlaşdırılmasına təminat yaradır.

Mahir Həmzəoğlu