• 27 İyul 2024
logo
“Heyratı” naxışlı kəlağayı – digər baş geyimlərindən nə ilə fərqlənir?

“Heyratı” naxışlı kəlağayı – digər baş geyimlərindən nə ilə fərqlənir?

Milli Azərbaycan Tarixi Muzeyində “Heyratı” naxışlı kəlağayı qorunur.

Bu barədə Baymedia.az-a muzeydən məlumat verilib.

Baş geyiminin yerliyi əsas etibarilə qara rəngdə olub, üzərində sarı rəngli nəbati naxışlar mövcuddur. Ortasında xonça təsvir edilib və bu element onu digər kəlağayılardan fərqləndirir. Xonçanın kənarında saat əqrəbi istiqamətində həm buta, həm də nəbati təsvirlər əks olunub. Kəlağayının kənarında haşiyə və iri buta təsvirləri var. Həmin kəlağayı Basqalda hazırlanıb və 1933-cü ildə muzeyin təşkil etdiyi etnoqrafik ekspedisiya zamanı əldə olunub.

Azərbaycanda milli geyimlərin hazırlanmasında ipək parçalardan istifadə olunduğu kimi kəlağayıların hazırlanmasında da əsasən ipəkdən istifadə olunub. Mütəxəssislərin fikrincə, hələ V-VI əsrlərdə Mingəçevirdə qızılı işləmələrlə hazırlanmış baş örtükləri – kəlağayının sələfi olan ipək yaylıqlar dəbdə olub. XIII əsrdə italiyalı səyyah Marko Polo Şamaxı və Bərdədə toxunan ipək yaylıqların gözəlliyini təsvir edib.