• 27 İyul 2024
logo
Turan qurulurmu?

Turan qurulurmu?

Elman Vəliyev: “Turan dövləti yox, Turan ittifaqı mümkündür”

Əkrəm Bəydəmirli: “Türkdilli ölkələr arasındakı birlikdən təşvişə düşüblər”

İkinci Qarabağ savaşından sonra Türk dövlətləri arasında uzun illərdir müşahidə edilməyən yaxınlaşma hiss olunur. Türkiyə-Azərbaycan birliyi eyni soydan gələn ölkələri ətrafına toplayır, Türk Dövlətlər Təşkilatı genişlənir, daha aktiv hala gəlir. Son illər türk dövlətləri başçılarının artan qarşılıqlı səfərləri, ölkələr arasındakı anlaşılmazlıqların rahatlıqla aradan qaldırılması, iki və çoxtərəfli sazişlərin imzalanması kimi amilləri bu yaxınlaşmanın əsas göstəriciləri saymaq olar. Aydın məsələdir ki, Türk dünyasının mərkəzində dayanan güclü dövlət Türkiyədir. Türk dövlətləri arasındakı əlaqələrin möhkəmlənməsi, birgə əməkdaşlıq da Türkiyənin nüfuzu sayəsində gerçəkləşir. Çünki Türkiyə son illər təkcə bölgədə yox, dünya miqyasında ciddi söz sahibinə çevrilib. Türkiyə türkdilli dövlətlərin birgə gələcəyi üçün çox möhkəm zəminin,təməlin mövcudluğuna inanaraq, ortaq köklərimizə, dilimizə, dinimizə və ortaq maraqlarımıza dayanaraq bu yola çıxıb, artıq inamla demək mümkündür ki, bu birliyi yaratmağa müvəffəq olub.
Bütün bunların fonunda isə bir sual meydana çıxır: Turan qurulurmu?
Konfliktoloq Elman Vəliyev “Xalq Cəbhəsi”nə bildirib ki, Turan bir ideologiyadır. Bu bir ittifaq, təşkilat kimi ola bilər. KTMT, Avrasiya İttifaqı, MDB kimi bir birləşmə şəklində ola bilər. Bu ittifaqın iqtisadi, yoxsa hərbi təşkilat olması əsas məsələdir: “İki ünsürü də əhatə edəcək bir şəkildə ola bilərsə, mükəmməl bir koalisiyadır deyə bilərəm. NATO 5-ci maddəsini tez-tez gündəmə gətirdiyi kimi Turan da öz nizamnaməsinə belə bir maddə əlavə edə bilər. Zənn edirəm ki, ilk öncə iqtisadi hissəyə üstünlük veriləcək. Turan dövləti hazırda utopiyadır. Amma Turan ittifaqı mümkündür. Bunun mərkəzi də Türkiyənin və yaxud Qazaxıstanın hər hansısa bir şəhəri ola bilər (ittifaq daxilində böyük dövlətlər olduğu üçün bu cür yanaşma ola bilər). Amma bu da bir xeyli vaxt tələb edir. Mərkəzi Asiyada Rusiya ilə Çin rəqabəti mövcuddur və bu daha da qızışmaqdadır. Bu dövlətlərin bəzilərinin Putin iqtidarına qarşı əks fikirlər söyləməsi Çinin güclü təhrikindən xəbərdardır! Mərkəzi Asiya önəmli tranzit yoludur. Bu bölgə Çinin “Bir ipək, bir yol” layihəsinin mühüm bir parçasıdır. Hazırda Rusiya ilə Çin arasında münasibətlər normal olsa da, Amerikanı özləri üçün təhlükə hesab etsələr də, özlərinin də uyuşmayan maraqları vardır. Çin dünya iqtisadiyyatını əlinə almağa çalışır, Rusiya isə yenidən hegemon güc olmağa. Bu yolda da Orta Asiya maraqların toqquşduğu arenadır. Çin buradakı dövlətlərə küllü miqdarda borc verir, yatrım edir. Rusiyaya qarşı əks fikir demələrinin səbəbi də Çin güvəndir. Çin antitürk siyasəti yeridən bir dövlətdir. Ümumiyyətlə, Turan birliyinin mövcudluğunu dünyanın digər dövlətləri qəbul etməzlər. Türkiyənin Avropa İttifaqına almırlar ki, ittifaq içərisində güclü bir Türk dövləti olacaq. Ancaq Turan birliyinin yaradılması mümkündür. Bu bir dövlət deyil, ancaq koalisiya ola bilər. Rusiyanın başını Ukraynada qatdılar deyə bu məsələlərə ciddi yanaşa bilmədi. Digər bir məsələ Türk dövlətləri hələ də bağımsız siyasət yeridə bilmirlər. Bu dövlət iqtisadi asılılığı olan dövlətlərdir. İlk öncə bunu aradan qaldırmalıdırlar ki, bu da çox çətin bir prosesdir. Borc verənlər borcunu istəsə, bunların əllərində heç nə qalmaz. Həmçinin bu türk dövlətlərinin Şərqi Türküstan genosidinə biganə münasibət bəsləmələri bunların Çindən bir xeyli dərəcədə aslı olduğunun sübutudur”.
Ekspert Əkrəm Bəydəmirlinin fikrincə isə Türk dünyası arasında formalaşan əməkdaşlıq platformasının dərinləşməsi genetik və əxlaqi dəyərlərə söykənən prinsiplərdən qaynaqnır. Yəni burada böyük qardaş axtarışı yoxdur. Türk birliyində ən önəmli məqamlarlardan biri odur ki, dünyada gedən proseslər dərindən təhlil olunaraq türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əməkdaşlığın dərinləşməsi əsas hədəflər sırasındadır. Türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin həyata keçirilməsinə Azərbaycan böyük töhfələr verir: “Bu əməkdaşlıqda iqtisadi faktoru xüsusilə qeyd etmək lazımdır. Mərkəzi Asiya Respublikalarından gələn Azərbaycan üzərindən keçən nəhəng tranzit layihələrdən yalnız Türkdilli ölkələr deyil, ümumilikdə digər dövlətlərdə faydalanır. Bir sözlə, belə layihələr hər hansı ölkəyə qarşı deyil, yalnız regiona sabitlik, iqtisadi inkişaf gətirmək gücündə olan əməkdaşlıq platformasıdır. Digər tərəfdən birlik modeli daha çox dünyanın yeni çağrışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən çox zəruri əməkdaşlıq nümunəsidir. Təbii ki, bu əməkdaşlıq bəzi dairələrin yuxusunu qaçırıb. İran daxil olmaqla hətta bəzi Qərb dövlətləri Türkdilli ölkələr arasında əlaqələrin inkişaf etdirilməsindən təşvişə düşürlər. Belə platformaların gerçəkləşməsinin qarşısını almaq üçün cəhdlər göstərirlər. Amma onların belə cəhdləri əbəsdir. Çünki bu əməkdaşlıqdan heç bir dövlət zərər çəkməyəcək. Əksinə Türkdilli ölkələr arasında əlaqələrin daha da dərinləşməsi yeni iqtisadi əməkdaşlıq imkanlarının artırılması deməkdir”.
Cavid