• 23 Aprel 2024
logo
ARPAÇAY Klubunun təşkilatçılığı ilə Karate üzrə möhtəşəm yarış uğurla başa çatdı

ARPAÇAY Klubunun təşkilatçılığı ilə Karate üzrə möhtəşəm yarış uğurla başa çatdı

Yavər Hüseynov: “Bakı İdman Sarayının Karate üzrə I Açıq Çempionatında Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 700-ə yaxın idmançı iştirak edib”

Xəbər verdiyimiz kimi, 22 iyun 2022-ci il tarixində Gənclər və İdman Nazirliyinin və Milli Karate Federasiyasının dəstəyi, Arpaçay Karate Klubunun təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında Bakı İdman Sarayının Karate üzrə I Açıq Çempionatı start götürüb. Paytaxtın ən böyük arenalarından biri olan Bakı İdman Sarayında (Baku Sports Hall) baş tutan turnirdə, əsasən, karate idman növü ilə yeni məşğul olmağa başlayan idmançılar böyük arenada öz güclərini sınayıblar.
Çempionatın açılış mərasimində Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Bakı İdman Sarayının direktoru Əli Əsgərov, federasiyanın beynəlxalq dərəcəli hakimləri, məşqçiləri və idman ictimaiyyətinin digər nüfuzlu nüayəndələri iştirak ediblər. Mərasimdə bu günlərdə Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilən Avropa Karate Federasiyasının (EKF) Karate üzrə 49-cu Avropa Çempionatında uğurla çıxış edən 5 idmançımız və onları hazırlayan Milli Karate Federasiyasının yeniyetmə və gənclərdən ibarət seçmə komandasının məşqçilərinə mükafatlar təqdim edilib, bədii hissədə rəqs kollektivlərinin və idmançıların maraqlı çıxışları olub.
Turnirin yekunu haqqında fikirlərini bölüşən Arpaçay Karate Klubunun prezidenti, Bakı İdman Sarayının İdman Şöbəsinin müdiri, Əməkdar məşqçi Yavər Hüseynov bildirib ki, yarışın keçirilməsində əsas məqsəd 5-13 yaş arasında olan və əsasən də, karate ilə yeni məşğul olmağa başlayan idmançıların böyük arenada özlərini göstərməsi üçün fürsət vermək olub: “Yarışa maraq gözlədiyimizdən də yüksək olub, turnirdə Bakı, Gəncə, Xaçmaz, Qazax, Naxçıvan, Sumqayıt, Şəki və respublikanın digər bölgələrini təmsil edən karate üzrə federasiya, klub və komandalarının 700-ə yaxın idmançısı iştirak edib. Yarış Bakı İdman Sarayının Karate üzrə I Açıq Çempionatı olsa belə, həm iştirak edən klubların, həm də yarışı idarə edən hakim komandasının tərkibi baxımından peşəkarlığı ilə seçilən və yüksəksəviyyəli turnir olub”.
Y.Hüseynov onu da bildirib ki, Arpaçay Karate Klubunun müntəzəm olaraq beynəlxalq və ölkədaxili yarışların təşkilində və keçirilməsində əsas məqsədi Azərbaycanda uşaq, yeniyetmə və gənclərdə idmana marağın artırılması, karate idman növünün təbliği və kütləviliyin təmin edilməsidir.