“Biz bütün təşkilatlarla qapılarımızı hər zaman açıq saxlayırıq. Ancaq təəssüf ki, Azərbaycana qarşı işləyən qüvvələr, yeni reallığı qəbul etmək istəməyən qüvvələr elə addımlar atdı ki, biz o təşkilatlarda fəaliyyətimizi dayandırdıq”.
APA xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, onlar Azərbaycana qarşı qeyri-obyektiv məsələləri gündəmdən çıxararlarsa, bunu yalnız alqışlaya bilərlər: “Biz öz mövqeyimizi açıq şəkildə göstərmişik. Bu gün gedən proseslər göstərir ki, Azərbaycana münasibət dəyişir, Azərbaycanla yeni əlaqələr qurmaq fikri tamamilə yeni müstəvidədir. O təşkilat, o dövlət ki, yeni reallıqları qəbul etməyəcək, daha çox öz təşkilatına problemlər yaradacaq. Bu da həm də AŞPA-ya aiddir. AŞPA başa düşməlidir ki, Azərbaycan artıq tamamilə yeni reallıqdadır. Onlar regionda olmaq istəyirlərsə, regionda başqa ölkələrlə yaxşı münasibətdə olmaq istəyirlərsə, Azərbaycanla münasibətlərə diqqət etməlidir”.