AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə müəssisənin Dədə Qorqud şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” monoqrafiyası çapdan çıxıb.
İnstitutdan Baymedia.az-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabda Nizami Gəncəvi irsinin bədii-estetik cəhətdən tükənməz olduğu göstərilməklə yanaşı, nizamişünaslığın Azərbaycan humanitar-filoloji fikrinin aktual və perspektivli sahəsi olduğu bir daha əsaslı şəkildə ortaya qoyulur. Müəllif xüsusi olaraq vurğulayır ki, dövrün tələbinə uyğun olaraq Şərqin poeziya dilində - farsca yazılan möhtəşəm sənət incilərini, xüsusilə “Leyli və Məcnun”u azərbaycanlaşdıran, daha doğrusu, türkləşdirən səbəb mətnin struktur, funksiya və məzmunundakı mövcud tutarlı dəlillərlə əsaslandırılmalıdır. Bu problem təkcə “Xəmsə” müəllifinin gəncəli türk oğlu olması ilə məhdudlaşır, yoxsa başqa daha əsaslı səbəblərdən irəli gəlir?.. Kitabın ayrı-ayrı bölmələrində bu sorğuya cavab verilir və Nizami poeziyasının gizli, görünməyən qatlarında qorunub saxlanan, eləcə də üzdə olub müxtəlif cür yozulan cəhətlərindən söz açılır.
Monoqrafiyanın elmi redaktorları filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy və filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovdur.